Modern.az

Bal yarmarkasında əsl arıçı alverçilərə sataşdı... - REPORTAJ

Bal yarmarkasında əsl arıçı alverçilərə sataşdı... - REPORTAJ

Reportaj

5 Sentyabr 2013, 18:30

 

Bu gün Bakı şəhərində Dəniz vağzalının zalında arıçılıq məhsullarının 14-cü respublika sərgi-satış yarmarkasının açılış  mərasimi olub. Yarmarka kənd təsərrüfatı naziri İsmət Abbasovun çıxışının  oxunması ilə başlayıb. Nazirin müavini Aslan Aslanov isə sərgi-satış yarmarkasını keçirilməsində məqsədin ölkədə arıçılığı təbliğ etmək, onu geniş arealda yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdan ibarət olduğunu bildirib.
Baldan şirin balasına bal yedizdirmək istəyən Bakı sakinləri isə Dəniz vağzalının qarşısında əllərində mütəlif qablar rəsmi hissənin başa çatmasını səbirsizliklə gözləyirdilər. Onları rəqəmlər deyil, alacaqları bal maraqlandırırdı. Ön cərgələrdə arıçılıq təəssərüfatı ilə məşğul olan ağ xalatlı arıçılar düzülmüşdülər. Onlar nazir müavinin nitqini dinləyərək, rəqəmlərdə öz paylarını düşünməklə fərəhlənirdilər.
Modern.az-ın əməkdaşına məlum oldu ki, 47 şəhər və rayondan 320 arıçının qatıldığı yarmarka 30 gün, sentyabrın 5-dən oktyabrın 5-dək davam edəcək. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatına əsasən, bu müddət ərzində 500 ton bal, 40 kq çiçək tozu, 3 kq arı südü və 10 kq vərəmumun (propolis) satılması proqnozlaşdırılıb.

Nəhayət hamının gözlədiyi an yetişir...

Aslan Aslanov yarmarkanı açıq elan edir. Öncə ağ xalatlı arıçılar vağzal binasına daxil olaraq öz piştaxtalarının arxasına keçirlər. Ənənəyə uyğun olaraq nazirliyin şöbə müdiri Çingiz Fərəcovun  müşayiəti ilə Aslan Aslanov da içəri daxil olur və yarmarkanın təşkili ilə marqlanırlar.

 

Arıçılar arasında tanış simalar görərək salamlaşır, hətta balın dadına baxmağı da unutmur. Satıcılar hərəsi bir tərəfdən qaşıq dolu bal uzadır. Lakin Aslan müəllim bir qaşıqla kifayətlənir.

Alıcılar bir göz qırpımında vağzal binasında doluşdular. Yarmarkanı işıqlandırmağa gələn müxbir və operatorların hərəkəti az qala mümkünsüzləşirdi. Jurnalistlər nazirlik rəsmisindən açıqlama almaq üçün münasib yer axtarırlar. Mümkün olmadığını görüb çölə çıxmaq qərarına gəlirlər.

Və budur Aslan Aslanov sual atəşinə tutulur. İribuynuzlu heyvanlar arasında yayılan ölümcül xəstəlikdən tutmuş yarmarkayla bağlı suallar öz cavabın tapır.  Bu arada diqqətimizi bir nüans cəlb etdi. Yarmarkaya qatıla bilməyən təsərrüfat sahibləri Aslan müəllimə müraciət edib, dərdlərin danışmaq istədilər. Çingiz müəllimsə onları başına toplayıb qayğıkeşliklə fikirlərindən döndərmək istədi. Artıq yarmarkaya qatılmaq üçün yerlərin dolduğunu və onların müraciətinin nəticə verməyəcəyini arqumentlər gətirməklə izah edirdi. Arada zarafatından da qalmırdı.

Arıçı: - Çingiz müəllim, biz də azərbaycanlı deyilik? Niyə biz də yarmarkaya qatılmayaq? 

Çingiz Fərəcov: - Yox, bax bu Zimbabvedəndi, bu da Afrikadan. (ətrafdakılar, mən daxil gülürük). 

Qayıdırıq içəri, vağzal binasına. Burda olub bitənlərə baxırıq. Ağız deyəni qulaq eşitmir. Kimi mübahisə edir, kimi malını tərifləyir, kimi də qiymət endirməkdə israrlıdır. Məsələn, 70-75 yaşlarında bir ağsaqqal Daşkəsən balı satılan piştaxtanın qabağından bir addım da tərpənmir. O, 15 manata satılan balı 10 manata almaq istəyir. Satıcı ilə mübahisə edir, arada boğazı quruyan kimi də əlindəki qaşığı bal dolu vedrəyə salır bir qaşıq balla boğazını yaşlayır. Söhbət xeyli uzandığından oradan uzaqlaşırıq.

“Arıçılar bunu etməzlər amma, alverçilərdən gözləmək olar...”

 

Hamı sən öl, mən ölüm deyərək balın tərifləyir orta yaşlı bir satıcı isə sanki müşahidəçidir. Lal-dinməz piştaxtanın arxasında durub eləcə baxır. Qərara gəlirəm ki, zəhmətkeş arçıya yaxınlaşım.

- Salam. Adınızı bilmək olar? 

- Arıçı Mirzağa Məmmədov.

- Bal alan yoxdur?

- Alıcı var e... Satan yoxdur. Qışqır-bağır salıb sata bilmirəm.

Müsahibimi bir az da yaxından tanımaq istəyirəm. Bir az söhbət edirik. Lerikdə 60 yeşiklik arı təsərrüfatının sahibi olan Mirzağa dayı hər il ortalama 500-600 kq məhsul əldə etdiyini deyir. İldə bir dəfə bal süzür deyir ki, belə olduğu halda balın tərkibi də çox zəngin olur. Çiçəyi, cökəni və s. bir-birindən ayırmır.

O, da əksəriyyət kimi yarmarkada satmaq üçün  bal və vərəmum (propolis) gətirib. Arıçı rayonda 20 manata satdığı balı yarmarkada 15 manata təklif edir. Deyir ki, rayonda etibar qazandığı üçün müştəriləri bal almaq üçün birbaşa onun evinə gəlirlər. Yarmarkaya qatılma səbəbinə gəldikdə isə Mirzağa dayı onun adının rayon İcra Hakimiyyəti tərəfindən bu siyahıya salındığını deyir. O da bu sərgi-satış yarmarkasında təbii balın tanıdılması üçün xidmət edir. İnsanlara təbii məhsulun necə olduğunu əyani şəkildə göstərir. Əgər bu gedişlə bal sata bilsə. Amma keçənilki yarmarkada 250 kq bal satdığını deyən arıçı bu il də xeyli miqdarda bal gətirib. Propolisin də qiymətini soruşuram - 100 qramı 12 manatdı. Mirzağa dayı alıcılardan da şikayət etdi.

”İnsanlara bir fikir ver! Sakit duran adamın yanına getmirlər. Kim ki, qışqırır, hay-küy salır, onun balını alıb aldanırlar. Çünki belələrinin bir çoxu bayaq dediyim kimi, arıçı yox, alverçilərdi. Təmiz mal satan da sakit bir qıraqda durur, nə qışqırır, nə də hay-küy salır. Çünki o alverçi deyil, bazara çıxmayan adamdır. Bazar adamları isə hər dona girib, hər dilnən-felnən saxta da olsa, malını satır. Nə deyim axı, bal tanıyan alır, nə aldığını da bilir. Başa düşməyənlərə də ha başa sal, xeyri yoxdur. Axırda da saxta balı təbii bal adına alıb, bazardan çıxır gedirlər. Sözgəlişi Mirzağa dayıdan hər il yarmarka müddətində təkrar olunan saxta bal qalmaqalı ilə bağlı fikirlərini soruşdum.  “Açığı ümumi satışda, bazarlarda saxta bal çox satılır. İnsanları aldadırlar. Amma bunu arıcılar deyil, alverçilər edirlər. Hətta bu yarmarkalarda da saxta bal satanların olması o qədər təəccüblü deyil. Ola bilər ki, nazirliyin yoxlamasına əsl bal versin, satışa saxta bal çıxarsın. Nə deyim, bu vicdan işidi... Hər dəqiqə onları yoxlamaq olmaz ki...”.      

Bəli, saxta bal qalmaqalı hər il təkrarlanır. Nazirliyin buna münasibəti də dəyişilməz olaraq qalır: “Arıçılıq haqqında” qanunun 20-ci maddəsinə əsasən, satışa keyfiyyətsiz bal çıxaranlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
”Belə hal burada qeydə alınsa, saxta bal satan adam barəsində prokurorluq orqanlarına müraciət edəcəyik”-deyə nazirliyin rəsmiləri bildirirdilər. 

“Satıcının şəhadətnaməsinə kimi baxıram sonra bal alıram...”

Alıcılara üz tuturam. Görək yaxşı balı saxtasından necə ayırd edirlər. Aldanmırlar ki..... Elə bu dəm gözüm bir xanıma sataşır. Əlindəki şüşə bankanı kimya laboratoriyasında kolba şüşəsi tək sirkələyir. Xalis Daşkəsən dağlarının çiçəklərindən əldə edilən baldan alan Validə Muradova  piştaxta önündə mini-laboratoriya testi təşkil edib. Nəzərlərimi satıcıya yönəldirəm. Zərrə qədər də narahat deyil. Satdığı mala güvənir. Validə xanım şüşə bankanın içərisinə bir miqdar su atır və qaşıqla bir az bal götürüb suda həll edir. Test çox sadədir. Suyun rəngi bulanmalı və balın ətri gəlməlidir. Hətta mənə müraciət edərək, gözləri yaxşı görmədiyi üçün suyun bulanıb-bulanmadığını da soruşur. Mən də öz növbəmdə təsdiq edirəm. Əgər balın tərkibi şəkər olarsa, su həm bulanıq olmur, həm də məxsusi rəng alınmır. Amma onu da deyim ki, bu testi aldatmaq peşəkar “arıçı” üçün o qədər də müşkül məsələyə bənzəmir.

Validə xanımdan bu ənənəvi yarmarka haqqında düşüncələrini bölüşməyi xahiş etdim. O, da ümumilikdə bu təşəbbüsü bəyəndiyini dedi: “Bu neçə ildir ki, bir illik bal ehtiyatımı yarmarkalardan bir neçə çeşiddə (cökə, çiçək, akasya və s.) alıram”. Dediyinə görə hələ ki, aldanmayıb, qatı şərbət deyil, bal alıb. Satıcıların müştərilərə münasibətini də məqbul qiymətləndirən Validə xanım yarmarkanı ona görə seçir ki, satıcının  kimliyini bilir, sonra məhsul alır. O, öncə satıcının dəvətnaməsini, təsərrüfatla bağlı şəhadətnaməsini, nazirliyin icazə kağızını özü şəxsən yoxladıqdan sonra o arıçıya etibar edib, bal aldığını deyir.  Sonda diqqətinizə onu da çatdıraq ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatına görə, hesablamalar göstərir ki, ölkədəki arı ailəsinin sayını 5 dəfə, məhsuldarlığı isə 2 dəfə artırmaq mümkündür. Nə deyirik ki, istəməyən kor, balımız bol olsun...  

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI