Modern.az

“Yox əşşi, bu hələ qızın xırda-mırda cehizləridir” - “Unudulmuş adətlər”də cehiz müzakirəsi

“Yox əşşi, bu hələ qızın xırda-mırda cehizləridir” - “Unudulmuş adətlər”də cehiz müzakirəsi

Reportaj

7 Sentyabr 2013, 10:11


Məşhur “Qaynana” filmindəki dialoq yadınızdadır: “- Adə, şey-şüy elə budur? – Yox Cənnət xala, bu hələ qızın xırda-mırda cehizləridir, onun şeylərini gətirmək üçün üç samosval maşın lazımdı”. Yəqin ki, söhbətin cehizdən getdiyini anladınız. İndi Azərbaycanda gəlin köçən qızlara cehiz vermək, cehiz hazırlamaq da problemlərdən biridir.
Həqiqətən də qızın ailə qurması üçün çəkilən xərc, oğlan evinin xərcindən heç də az başa gəlmir.

Oğlan evi toyda yazdırılan nəmərlə qismən xərclərinin qarşılığını görsə də, qız evi borc-xərc hesabına cehiz alır. Bəziləri hətta illərlə borc altına girirlər ki, qızları “yad evdə” diligödək olmasın.

Ta qədimdən mövcud olan cehiz vermək adətinə bu gün də önəm verilir. Həm də bəzi qızlar üçün xoşbəxtlik ərə getməklə bərabər, yaxşı cehiz aparmaqdadır.

Modern.az saytının “Unudulmuş adətlər” rubrikasında bu dəfə cehiz məsələlərindən danışacağıq.

Etnoqraf Məhəbbət Paşayeva deyir ki, cehiz yeni qurulan ailəyə kömək məqsədi ilə verilir. Əsas mahiyyəti də elə bundan ibarətdir. Yeni ailə çox əziyyət çəkməsin, ilk vaxtlar çox maddi sıxıntıya girməsin deyə, valideynlər nəyə imkanı çatırsa, onu da qızına cehiz verir.

“Elə yerlər var ki, daha göstərişli cehizə üstünlük verirlər. Bir az aşağı təbəqə isə öz imkanı daxilində qızına nəysə verməyə çalışır. Bir atalar sözü var: “Hər kəs ayağını öz yorğanına görə uzatmalıdır”. Ailə öz büdcəsinə uyğun hərəkət etməlidir. Gənc qızlar da ailələrini düşünməlidir ki, valideynlərini sıxıntıya salmadan cehiz məsələsini həll etsinlər. Eyni zamanda ailənin böyükləri də bunu başa düşməli və birgə hərəkət etməlidirlər. Onlar hər hansı bir problem yaradaraq övladlarını gedəcəyi yerdə “gözü kölgəli” qoymamalıdırlar. Cehiz simvolik bir şeydir.  Həm də yeni ailənin möhkəm olması üçün bir növ bünövrə rolunu oynayır. Bu kimi şeylər mahiyyətini itirməməli və bayağılaşdırılmamalıdır. Bəzi qızlarımız var ki, yaxşı cehiz aparmaq uğrunda mübarizəyə girişirlər. Bəzən elə olur ki, onlar depressiyaya düşür və stress keçirirlər. Qızların toy vaxtı bütün problemlərini cehizin üzərində kökləmələri doğru deyil.

Keçmişdə qız uşağı doğulanda onun adına bir sandıq ayrılardı. Ana da hər gün o sandığa bir şey atar, qızı üçün cehiz yığardı. Amma indi buna ehtiyac yoxdur. Nə lazım olsa, toy ərəfəsində gedib alırlar, axtarmağa da ehtiyac qalmır. O vaxtlar əl əməyindən olan cehizlərə üstünlük verirdilər. Əl əməyi, göz nuru tələb edən xalçaları ən yaxşı cehiz kimi qızlar gəlin köçəndə ona verirdilər. Müasir dövrdə belə şeylər o qədər önəm daşımır. İndiki qızlar daha çox göstərişli, dəbdəbəli əşyalara üstünlük verirlər. Amma bilmirlər ki, xoşbəxtliyin əsas açarı və mükəmməl ailənin sirri heç də cehizdə deyil.

XXI əsrdə yaşayırıq, təbii ki, ehtiyaclar da artır. Amma qızların cehiz məsələsinə çox önəm vermələri heç də normal deyil. Bu adət-ənənədən çıxmış məsələlərdir. Keçmişə nəzər salsaq görərik ki, cehizin maddi tərəfdən çox, mənəvi tərəfi var. Keçmişdə bir neçə nəsildən-nəsilə ötürülən cehizlik əşyaları olub ki, onlarda mənəvi dəyər kimi qorunub saxlanılıb. Cehizin mənəvi dəyəri maddi dəyərdən daha çox olmalıdır”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Aslan deyir ki, cehiz bəzi ailələrdə özlərini sübut etmə yarışmasına çevrilib: “Əslində ailə düşünməlidir ki, onun qızının ağlı, mədəniyyəti, isməti cehizdən qat-qat artıqdır. Əvvəllər də cehiz məsələsinə önəm verilirdi. Hələ keçmişdə ailələr kasıbçılıq içində yaşasalar da, övladlarının “yad evdə” diligödək olmaması üçün əllərində olanı da cehizə verirdilər. Daha düşünmürdülər ki, xoşbəxtlik heç də cehizlə ölçülmür. Hətta elə qızlar olurdu ki, yaxşı cehiz apara bilməyəcəyini düşünüb stress keçirirdi. Amma bu məsələləri bu qədər böyütmək olmaz. O vaxtlar nənələrimiz hətta qıza bir sandıq içi dolu cehiz verməklə belə, kifayətlənirdilər. Artıq gənclərimizn dili ilə desək, müasir dövrdə qız cehizin yaxşısını aparmalı, oğlan evi də qızılın bahalısını gətirməlidir deyirlər. Amma gənclərimiz düşünməlidir ki, nə cehizin, nə də qızılın bahalısı onların xoşbəxt olması üçün əsas amildir. İndiki gənclər maddiyyata üstünlük verirlər, burda ürək sanki kənardan durub boynunu bükür.

Düzdür, qızın valideynləri simvolik olaraq ailəyə kömək üçün kiçikcik nələrsə versə, bu yaxşıdır. Amma təəssüflər olsun ki, bizdə cehiz məsələsi anormal bir vəziyyət almaqdadır. Bu, mədəni insan üçün yaxşı göstərici sayılmır. Bəzən oğlanın valideynləri qızı yaxşı cehizinə görə istəyirlər. Təəssüf ki, cehiz ailələrin qurulmasında müəyyən rol oynayır, ailə quran qızların ən mühüm göstəricilərindən biri sayılır. Amma hər bir ailəni xoşbəxt edən cehiz deyil, cütlüklərin bir-birinə mənəvi baxımdan nə dərəcədə yaxın, dəstək olmasıdır. Heç vaxt cehiz ailəni xoşbəxt edə bilməz. Hətta ər-arvad boşanarkən cehiz mübahisə predmetinə çevrilir”.

Şairə Sevinc Çılğın da keçmişə nəzər salaraq, əvvəllər qız uşağı doğulduğu gündən valideynlərin onun üçün cehiz yığmağa başladığını deyir: “Amma indi ailələr daha çox övladlarının təhsilli olmasına diqqət yetirirlər. Bütün qadınların və kişilərin təhsilə ehtiyacı var. Son dövrlərdə ailə quran gənclər cehiz və maddi tərəfi daha çox düşünürlər. Mənim fikrimcə, təhsilsiz bir xanım milyonluq cehiz aparsa da, getdiyi ailədə başı uca ola bilməz. Qızlar imkan daxilində öz valideynlərini sıxışdırmamalıdır. Çox göstərişli cehiz son dərəcədə mənasızdır. Nəyə daha çox ehtiyac varsa, qız gəlin köçəndə onları aparsa, daha yaxşı olar. Bir atalar sözü var: “Neynirəm o taxtı içinə qan qusandan sonra”. Hər şey lazımı səviyyədə olmalıdır. Mənim cehizim bahalı olmalıdır, digərlərindən fərqlənməliyəm kimi şeylər çox mənasızdı. Belə şeyləri düşünən bəzi qızlar evlənəndən 5-6 ay sonra boşanırlar. Bizim cəmiyyətimizdə kasıb görünməmək kompleksi var. Varlı təbəqədən görsənmək üçün hər şey edirlər, hətta qızlar valideynlərini borca-xərcə salırlar. İndiki dövr qızları sanki “evimdə hər şeyim olsun, amma xoşbəxtliyim olmasa da olar” prinsipi ilə yaşayırlar. Onların istəyi odur ki,  getdiyi yerdə qaynanası və digər qohumları da onun cehizindən danışsınlar. Mən deyərdim ki, bu, şəhər yerində daha çox müşahidə olunur. Təəssüf ki, bəzi bölgələrimiz var ki, orda qızların əksəriyyəti üçün ərə getmək, yaxşı cehiz aparmaq əsl xoşbəxtlik hesab edilir”.

Pərvin ARZUQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI