Modern.az

Natiq Qasımovın yanında şəhid olmuş 6 döyüşçü kimlər idi... - FOTOLAR+SİYAHI

Natiq Qasımovın yanında şəhid olmuş 6 döyüşçü kimlər idi... - FOTOLAR+SİYAHI

Reportaj

18 Noyabr 2023, 09:35

Birinci Qarabağ müharibəsində şücaət göstərmiş əfsanəvi döyüşçü Natiq Qasımovun adı və şəkilləri son aylar mətbuatın və sosial şəbəkələrin gündəmindən düşmür.

“Qaradağ şahinləri” taborunun əsgəri olaraq Vətənin müdafiəsində iştirak etmiş Natiq Qasımov göstərdiyi qəhrəmanlığa görə “Milli Qəhrəman” adı almağa layiqdir. İctimaiyyət nümayəndələri də Natiqə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi təklifləri səsləndirirlər.
 

Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-su-suz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü.
 

Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi.

Natiq Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında necə vahimə və psixoloji gərginlik yaratmışdısa, erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir.

Bəs Natiq Qasımovla birlikdə Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı Alban kilsəsində qəhrəmancasına döyüşərkək şəhid olmuş digər 6 qəhrəman kimlərdi?

Modern.az-ın məlumatına görə, jurnalist Aqil Alışov bununla bağlı araşdırma apararaq, Natiqin yanında şəhid olmuş 6 döyüşçünün adını dəqiqləşdirib.

Onlar Azərbaycanın ayrı-ayrı bölgələrindəndir. Ermənilərin təslim olmaq çağırışlarını rədd edərək, son damla qanlarınadək döyüşərək şəhid olublar.

Modern.az Pirlər kəndi yaxınlığındakı Alban kilsəsində şəhid olmuş 6 qəhrəmanın adını təqdim edir:




- Vilayət Cəfərov (Beyləqan rayonu),

- Etibar Babayev (Bakı şəhəri, Xətai rayonu),

- Nüşirəvan Məhərrəmov (Bərdə rayonu),

- Yusif İsmayılov (Bakı şəhəri, Yasamal rayonu),

- Əli Məmmədov (Beyləqan rayonu),

- Elman Rəhmanlı (Bakı şəhəri).



1992-ci ilin mart ayının əvvəllərində "Qarabağ şahinləri" taborundan bir dəstə döyüşçü Xocalının Pirlər kəndi yaxınlığındakı yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. Dəstə qədim Alban kilsəsində məskunlaşır. 

Kilsədə Natiq və onunla bərabər 6 nəfər döyüşçü qalır. Onlar arxadan yeni kömək gözləyirlər... Lakin kömək gəlib çıxmır...

Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən Alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən "yararlanmaq" qərarına gəlirlər. Girov götürdükləri xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, hamını güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.
 

Cəfər müəllimin xatirələrindən: "Mənə dedilər ki, "get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər. Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri buraxcağıq. Əgər türklər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri isə güllələyəcəyik".

...Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində "içəridə kim var, mən Xocalıdan girov düşənlərdənəm, məni sizin yanınıza göndəriblər" dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum. Dedi ki, "komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam". Niyə qaçmadığını soruşdum. Dedi ki, "komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, lakin gəlmədilər".


Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı.

"Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsir-girovun güllələnməsinə necə razı olum". Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər. Sonralar bildim ki, həmin şəkil "Oqonyok" jurnalında dərc edilib. Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim.
14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər".


Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Natiq Qasımovun meyitinin Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn olunduğunu ehtimal edir.


Ə.Qafarlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır