Modern.az

“Milli Qəhrəman” və “Vətən Müharibəsi Qəhrəmanı” adına görə neçə nəfər təqaüd alır - STATİSTİKA

“Milli Qəhrəman” və “Vətən Müharibəsi Qəhrəmanı” adına görə neçə nəfər təqaüd alır - STATİSTİKA

Reportaj

22 Noyabr 2023, 11:40

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan müharibədə şücaət göstərmiş şəxslərin bir qrupu “Milli Qəhrəman", digər qrupu isə “Vətən Müharibəsi Qəhrəmanı” adı kimi yüksək titullara layiq görülüb.

Modern.az saytı bu titullara layiq görülmüş şəxslərin sayı, onlara və ailə üzvlərinə verilən təqaüdlərin məbləği barədə məlumatları dəqiqləşdirmək üçün kiçik bir araşdırma aparıb.

Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə igidlik göstərmiş 218 nəfərə "Milli Qəhrəman" adı verilib. Hazırda onlardan 15 nəfəri sağ-salamatdır, qalanları dünyasını dəyişib.


“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər bir şəxs üçün ayda 1800 manat məbləğində Prezident təqaüdü təsis edilib.

Dövlət baçısının Fərmanına əsasən, “Azərbaycanın Milli Qəhrəmanı” adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

- dul arvadına (ərinə), valideynlərinə;

- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində  təhsil alanlara isə həmin təhsil müəssisələrini  bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına

- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.

***

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.


"Vətən Müharibəsi Qəhrəmanı" adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə salamatdır.

“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş hər bir şəxsə ayda 2000 manat Prezident təqaüdü təsis edilib.

“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün təsis edilən Prezidentin təqaüdü onların ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

- dul arvadına (ərinə), valideynlərinə;

- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini  bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;

- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü il oktyabrın 1-i vəziyyətinə “Milli Qəhrəman” və "Vətən Müharibəsi Qəhrəmanı" ilə bağlı təqaüd verilənlərin sayı aşağıdakı kimidir:

Hazırda 174 nəfər şəxs “Azərbaycanın Milli Qəhrəmanı”, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları kimi Prezident təqaüdü alır. Bir nəfərə düşən orta aylıq məbləğ 1563,45 manat təşkil edir.

178 nəfər isə "Vətən Müharibəsi Qəhrəmanı", onların dul  arvadları və 18 yaşına çatmamış uşaqları kimi Prezident təqaüdü alır. Onların hər birinə düşən aylıq məbləğ 965,36 manat təşkil edir.


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır