Modern.az

Xankəndi İnstitutunun azərbaycanlı tələbəsi erməniləri niyə döyüb şil-küt etmişdi... - Bir tələbənin XATİRƏSİ

Xankəndi İnstitutunun azərbaycanlı tələbəsi erməniləri niyə döyüb şil-küt etmişdi... - Bir tələbənin XATİRƏSİ

Reportaj

5 Dekabr 2023, 11:10

Vaxtilə Xankəndi Pedaqoji İnstitutunda ali təhsil almış Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, FHN-in istefada olan polkovniki Hikmət Xudiyev Qarabağ Universitetinin yaradılmasını alqışlayaraq, bunun son dərəcə vacib addım olduğunu vurğulayıb.

Modern.az xəbər verir ki, H.Xudiyevin sözlərinə görə, Qarabağ Universitetinin yaradılması barədə ilk xəbəri eşidəndə Xankəndi Pedaqoji İnstitutu ilə bağlı xeyli xatirələri yadına düşüb.

Əməkdar jurnalist deyir ki, sovetlər dövründə Xankəndi Pedaqoji İnstitutunda təhsil alan azərbaycanlı tələbələr dəfələrlə erməni tələbələrin təxribatlarına məruz qalıblar. O, bununla bağlı bir əhvalat da danışıb:

“Bir xatirə mənə əziz olduğu üçün onu bölüşmək istərdim:

O vaxtkı Mardakert rayonunun (indiki Ağdərə) Marağa kəndində Xankəndi Pedaqoji İnstitutu tələbələrinin cəlb olunduğu üzüm yığımında qızlar üçün “palatka”dan ayaqyolu düzəltmişdilər. Axşamüstü azərbaycanlı qızlar ora daxil olanda erməni tələbələr əvvəlcədən planlaşdırdıqları kimi “palatkaya” bağlanmış ipi dartaraq onu uçurtdular. Azərbaycanlı qızların qürur və ləyaqətinə toxunacaq acınacaqlı və gülünc vəziyyət yarandı. Azərbaycanlı qızlar pərt vəziyyətdə qaldılar. Ermənilər isə qəşş edib gülürdülər. Bu alçaq və əxlaqsız hərəkəti Tarix fakültəsinin tələbəsi, ağdamlı Fazil Məhərrəmov eşidən kimi ermənilərin yataq yerinə girdi. Çox keçmədi ki, “leş bir yana, baş bir yana” idi. Bütün kənd hadisə yerinə toplaşmışdı. Bu qeyrətli tələbənin - Fazilin qarşısına çıxmağa isə nə bir erməni gədəsində, nə də ordakı erməni müəllimlərində cürət vardı...

...Ara sakitləşəndə Ağdamın Mərzili kənfindən rəhmətlik müəllimimiz Şahlar Kərimov Fazilə dedi ki, “Sən kişi adamsan, bu gündən semestr imtahanlarından tutmuş, dövlət imtahanına kimi bütün qiymətlərin mənlikdi...”.

Rəhmətlik Fazil əsl qeyrət və namus mücəssəməsi idi. Xankəndinin özündə də - şəhərin mərkəzində dəfələrlə erməniləri təkbaşına şil-şüküt edəndə Ağdamın adına başucalığı gətirmişdi”.




Hikmət Xudiyev deyib ki, 1988-ci ildə azərbaycanlı tələbələr Xankəndi Pedaqoji İnstitutundan qovulanda orada dərs demiş azərbaycanlı müəllimlərin cəsarətinə şahidlik ediblər. O, həmin müəllimlərlə bağlı bir təklif də irəli sürüb:
 

“1988-ci il mayın 16-da Xankəndi Pedaqoji İnstitutundan azərbaycanlılar qovularkən Süleyman Zeynalov başda olmaqla sinələrini qabağa verib azərbaycanlı tələbə qızların şərəf və ləyaqətini qoruyan müəllimlərimiz vardı. Təklif edirəm ki, yeni yaradılan Qarabağ Universitetinin ilk dərs günündə həmin müəllimlər böyük hörmət və sevgi ilə yad edilsin!”.
 

Əməkdar jurnalist Xankəndi Pedaqoji İnstitutunun azərbaycanlı tələbələrinin bir fotoşəklini də təqdim edib:



“Bu şəkil Xankəndi Pedaqoji İnstitutunun ağuşunda keçirdiyimiz xoşbəxt gəncliyimizdən yadigardı. Yuxarı sağdakı saçı dağınıq oğlan mənəm. Bu şəkildə ən yaxın dostum- İmişlidən Vahid Tağıyev də var - tələbəlik illərində ruhumuz, düşüncəmiz belə dost idi.

Tərtərli dostumuz Vüqar Əzizov da burdadır.

Lap yuxarıda soldan ağdamlı Təyyar Behbudovdur. Onun yerini gələcəkdə AMEA-da görürdüm. Son dərəcə calışqan idi. Çox təəssüflər ki, aramızdan vaxtsız getdi.

Qızlardan sağdakı beyləqanlı Almaz Əliyevadır. Tanrı bütün gözəllikləri ona vermişdi. Almazın yanındakı Xocalıdan Cəmilə Bilalovadır. 4 il kimsəyə zərəri dəymədən sakitcə gəlib, sakitcə getdi. Ortadakı “sinifkom”umuz - Ağcabədidən Saray Səfərovadır. Sağ olsun, dərsdən qaçıb Moskvada, Tbilisidə, Bakıda gəzərkən paxırlarımızı örtürdü. Onun yanındakı isə Ağdamın Çəmənli kəndindən Nailə Məmmədovadır.

İnstitutdan bizə xatirələrlə dolu həyat dərsi qaldı. Kitablara sığmaz xatirələr... Bəzilərini özümüzlə haqq dünyasına aparacaq qədər sirli, acılı, şirinli xatirələr”.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir