Modern.az

Sonuncu prezident seçkisi: Namizədlər kimlər idi, nəticələr necə olmuşdu... - ADLAR+FOTOLAR

Sonuncu prezident seçkisi: Namizədlər kimlər idi, nəticələr necə olmuşdu... - ADLAR+FOTOLAR

Reportaj

7 Dekabr 2023, 13:06

Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalanıb.

Ölkə başçısının sərəncamına əsasən, növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub.

Modern.az saytı xatırladır ki, Azərbaycan Respublikasında sonuncu Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilmişdi.

Maraqlıdır ki, həmin seçkilər də növbədənkənar olmuşdu. Belə ki, Azərbaycan Konstitusiyasına əsasən 2018-ci ildə Azərbaycan ərazisində Prezident seçkiləri oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli sərəncamına əsasən, 2018-ci il aprelin 11-də növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. 

2018-ci ildə növbədənkənar Prezident seçkilərinin elan edilməsindən sonra bir sıra müxalif siyasi partiyalar seçkilərdə mübarizə aparmayacağını bəyan etdi.

2018-ci il fevralın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) baş tutan iclasında namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən İlham Əliyev ilk namizəd olaraq qeydə alındı.

MSK-nın sonrakı iclaslarında aşağıdakı siyasətçilərin prezidentliyə namizədliyi qeydə alındı:



Namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Oruc;

Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev;

Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülən Araz Əlizadə;

Namizədliyi Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən irəli sürülən Sərdar Məmmədov;

Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) tərəfindən irəli sürülən Fərəc Quliyev;

Namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülən Hafiz Hacıyev;

Namizədliyi "Cəbhəçilər" təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.
 

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Həmin seçkilərdə namizədlərin topladıqları səslər aşağıdakı kimi qeydə alınmışdı:
 

İlham Əliyev - 3 394 898 səs (86.02 %);

Zahid Oruc - 122 956 səs (3.12 %);

Sərdar Məmmədov - 119 621 səs (3.03 %);

Qüdrət Həsənquliyev - 119 311 səs (3.02 %);

Hafiz Hacıyev - 59 924 səs (1.52 %);

Araz Əlizadə - 54 533 səs (1.38 %);

Fərəc Quliyev - 45 967 səs (1.17 %);

Razi Nurullayev 29 229 səs (0.74 %).


Ə.Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir