Modern.az

İTV-nin debatında QALMAQAL: Hafiz Hacıyev Cəmil Həsənliyə butulka atdı - VİDEO

İTV-nin debatında QALMAQAL: Hafiz Hacıyev Cəmil Həsənliyə butulka atdı - VİDEO

19 Sentyabr 2013, 20:37

 

Prezidentliyə namizədlərin İctimai Televiziyada keçirilən debatında dava düşüb. Modern.az-ın məlumatına görə, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə çıxış üçün söz veriləndə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müdaxilə edərək onun sözünü kəsib.

H.Hacıyev Cəmil Həsənlinin ailəsi ilə bağlı, eləcə də onun təmsil etdiyi müxalif düşərgənin ünvanında xoşagəlməz ifadələr səsləndirib. Nəticədə "söz atışması" başlayıb. Debatın aparıcısı tərəflərə xəbərdarlıq etərək onları sakitləşməyə çağırsa da, onlar buna məhəl qoymayıblar.
Xüsusilə Hafiz Hacıyevin qarşısını almaq mümkün olmayıb. O, sonra masanın üzərinə qoyulan su qabını Cəmil Həsənliyə tərəf atıb. H.Hacıyevin bu hərəkəti davanı daha da gücləndirib.

Aparıcının çağırışından sonra təhlükəsizlik xidmətinin əməkdaşları studiyaya cəlb olunub. Hafiz Hacıyev İTV-nin əməkdaşları tərəfindən studiyadan kənarlaşdırılıb.

H.Hacıyev canlı yayımdan kənarlaşdırılandan sonra C.Həsənli efir vaxtına olan müdaxilənin əvəzində ona ayrılan müddətə əlavənin olunmasını tələb edib. Bununla yanaşı o, ölkə başçısının da ünvanına xoşagəlməz ifadələr işlədib. Nəticədə debatda iştirak edən hakim YAP-ın icea katibi Əli Əhmədovla da Cəmil Həsənli arasında mübahisə yaranıb.

C.Həsənli təkidlə 25 saniyə vaxtının bərpa olunmasını tələb edib. Mübahisəyə daha sonra hakimiyyət təmsilçisi Əli Əhmədov müdaxilə edib.

Cəmil Həsənli Əli Əhmədovun çıxışına imkan vermədiyi üçün aparıcı onu studiyanı tərk etməyə çağırıb. Cəmil Həsənli isə israrla verilişin aparıcısından vaxtına əlavə saniyələrin əlavə olunmasını tələb edib.

Daha sonra namizədlər bir-birlərinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

C.Həsənli sonda studiyadan çıxarılıb.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI