Modern.az

İlham Əliyevin yaşadığı, ölkə neftinin 70 faizini ixrac edən rayon - LAYİHƏ

İlham Əliyevin yaşadığı, ölkə neftinin 70 faizini ixrac edən rayon - LAYİHƏ

23 Sentyabr 2013, 13:26


Modern.az
saytı “Bakının rayonları” layihəsini davam etdirir. Bu dəfə Xəzər rayonunun tarixi, tanınmış şəxsiyyətləri və sair barədə məlumat verməyə çalışacağıq.

Əvvəla, ondan başlayaq ki, sovet hakimiyyəti Azərbaycanda qurulanadək Bakıda rayon bölgüsü olmayıb. Bakı quberniyası 32 kəndi birləşdirirdi. Rəsmi sənədlərdə isə belə yazılırdı: Bakı quberniyasının Mərdəkan, yaxud Maştağa kəndi...

1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıda yaradılan inzibati ərazi vahidləri sırasında Qala-Maştağa rayonu da olub. Bu rayon indiki Xəzər və Sabunçu rayonlarının böyük ərazilərini əhatə edib. 1936-cı ildə Artyom rayonu yaradılanda Pirallahı adası da daxil olmaqla indiki Xəzər rayonu Qala-Maştağa rayonundan ayrılaraq Artyomun tərkibinə verilir. 1936-60-cı illərdə rayon Artyom adlanır.

1960-cı ildən isə rəhbərliyin qərarı ilə bura Əzizbəyov rayonu adlandırılır.

Mərdəkan kəndi isə bütün dövrlərdə rayonun mərkəzi olub. Baxmayaraq ki, hətta 19-cu əsrin mənbələrində də ərazisinə, əhalisinə və ailə sayına görə Bakının ən böyük kəndi Maştağa hesab olunurdu.

Bakının əsas hava limanı da bu rayonda yerləşdiyindən ölkəyə təşrif buyurmuş bütün qonaqları Xəzər rayonunda olmuş hesab edə bilərik.

Tarixi abidələri



Rayonda ən qədim abidələrin tarixi eramızdan əvvəl üçüncü minilliyə qədər gedib çıxır.

Əslən rayonun Şağan kəndindən olan tarixçi-alim Təvəkkül Səlimov deyir ki, məhz bu dövrdən Xəzər rayonunda yaşayışın olmasını sübut edən faktlar var: “Son neolit dövründən indiki Xəzər rayonunda yaşayış olub. Rayonun bütün kəndlərində qayaüstü təsvirlər mövcuddur ki, bunların da tarixi ən azı eramızdan əvvəl 3-4-cü minilliyə aiddir. Qayaüstü təsvirlərdə maral, ayı kimi heyvanlar əks olunub. Dövrümüzə gəlib çatan qayaüstü rəsmlər, yaşı eramızdan əvvəl hesablanan kurqanlar, qəbiristanlıqlar, tarixi-memarlıq abidələri, qalalar, tikililər, türbə və məscidlər ərazinin qədim mədəniyyətə malik olduğunu təsdiq edir. Təkcə Qala tarix-etnoqrafiya qoruğunun ərazisində 234-ə yaxın həyət, məscid və hamam var”.

Rayonun ən qədim kəndi məlum olmasa da, Binənin digərlərindən daha “gənc” olduğu şübhəsizdir. Tarixi mənbələrə inansaq, Binənin yaşı 250 ildən çox deyil. 250 il bundan əvvəl isə həmin ərazi səhralıq olub.

Bəs rayonun yerli əhali nə ilə məşğuldur? Nə qədər qəribə görünsə də, Bakının rayonlarından olan bu ərazidə insanların əsas məşğuliyyəti əkinçilik, bağçılıq, bostançılıq və maldarlıq olub. Bundan əlavə xırda sənətkarlığı da yerli camaatın məşğuliyyəti sırasına aid etmək olar.

Azərbaycanda çıxarılan neftin 70 faizdən çoxu Xəzər rayonunun payına düşür. Tarixçi Təvəkkül Səlimov belə deyir: “Bura neft rayonu olub. Xəzər rayonunda zəfərançılıq da güclü inkişaf edib. Hətta deyilənlərə görə, əsrin əvvəllərində rayonda əkilən zəfəranı qızıl qiymətinə satırmışlar”.

Təbiəti



Xəzər rayonunun dəniz sahilində yerləşməsi, təbii iqlimi insan sağlamlığı üçün əvəzsiz rol oynayır. Elə buna görədir ki, Bakının əksər milyonçularının, o cümlədən Murtuza Muxtarovun, Hacı Zeynalabdin Tağıyevin burda evləri, mülkləri olub. Məsələn, çoxlarının “Yesenin bağı” kimi tanıdığı Mərdəkan Dendrarisi Murtuza Muxtarovun bağı imiş. Məşhur rus şairinin Bakıya səfəri zamanı Muxtarovun evində dincəlməsindən sonra yerli sakinlər buranı “Yesenin bağı” adlandırıblar.

Təvəkkül Səlimovun dediklərindən: “Elə indinin özündə də imkanlı adamlar bu kəndlərdə yaşayırlar. Xəzər Bakının ən gözəl iqlimə malik rayonudur. Cənab prezident İlham Əliyev də bu rayonda yaşayır. Rəhmətlik Heydər Əliyev də buranın təbiətini çox sevirdi”.

Uzunömürlü insanlara adətən bölgələrdə rast gəlinir. Ancaq paytaxt rayonu olsa da, Xəzərdə yetərincə uzunömürlülər olub. Məsələn, Qala kəndində Şəhrəbanu adlı bir qadın nə az, nə çox, düz 111 il yaşayıb.

Rayonun məşhurları

Xəzər rayonunun başqa bir üstünlüyü ziyalı insanları ilə bağlıdır.

Təvəkkül Səlimov: “Əslən Mərdəkandan olan Feyzulla Qasımzadə çox nəhəng ədəbiyyatşünas olub, təxminən 50 il əvvəl dünyasını dəyişib. Oğlu Fuad Qasımzadə filosof-akademik idi, iki il əvvəl vəfat etdi. Dünyada tanınmış astronom, Şamaxı astrofizika rəsədxanasının yaradıcısı, şağanlı Hacıbəy Sultanov SSRİ tarixində yeganə adamdır ki, “elmlər namizədi” dərəcəsi almadan “elmlər doktoru” adı verilib. 2009-cu ildə rəhmətə getdi.  

Dünyada tanınan travmatoloq, buzovnalı Aydın İmaməliyev. Bu adam uzun müddət Kremldə işləyib, sovet rəhbərlərinin həkimi olub. Təsəvvür edin ki, bu necə insan olub. SSRİ Elmlər Akademiyasının müxbir üzvü, tarixçi Əhməd İsgəndərov da mərdəkanlıdır. Bu gün də Rusiyada nəşr olunan “Voprosı istorii” jurnalının baş redaktorudur. Xalq yazıçısı Qılman İlkin, xalq rəssamı Maral Rəhmanzadə mərdəkanlıdırlar. Böyük aktyorlar Sidqi Ruhulla, aktyor Hamlet Xanızadə Şağanda doğulublar. Sadaladıqlarım rayonumuzun yetirmələri arasında yüzdən biridir”.

Xəzər bu gün


Bir neçə kəlmə də 2010-cu ilin may ayından Prezident sərəncamıyla Xəzər adlandırılan rayonun bu günü barədə. 1960-cı ildə yaradılan rayonun ərazisi 403,6 kv.km, əhalisinin sayı son statistik məlumata görə 160 min 809 nəfərdir. Xəzər rayonu Sabunçu, Suraxanı rayonları ilə həmsərhəddir. Burda 130 şəhid ailəsi, 150, Qarabağ müharibəsi əlili, 5 “20 yanvar” şəhidi ailəsi, 17 “ 20 yanvar” əlili, 38 nəfər Böyük Vətən Müharibəsi əlili və iştirakçısı, 300 nəfər Qarabağ müharibəsi veteranı var. Rayonda 9 qəsəbə və 9 bələdiyyə mövcuddur. Mərdəkan rayonun mərkəzidir. Əhalisi 23738 nəfərdir. Şüvəlanda – 18554  nəfər, Binədə – 54734, Buzovnada – 30226, Zirədə – 11779, Türkanda – 11599, Gürgəndə – 1138, Qalada – 4241, Şağanda – 4800 nəfər əhali yaşayır. Rayonun əsas əhalisi azərbaycanlılar olsa da, burada ləzgi, rus və başqa xalqların nümayəndələri də yaşayır. Ermənistanın işğal etdiyi ərazilərdən  məcburi köçkün düşmüş 20 mindən çox soydaşımız da Xəzərdə məskunlaşıblar.
Ölkənin birinci xanımı Mehriban Əliyeva da məhz Xəzərin deputatıdır.   



İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI