Modern.az

Sərhəd döyüşlərinin şəhidi - Leytenant Ravil Hümbətov - FOTOLAR

Sərhəd döyüşlərinin şəhidi - Leytenant Ravil Hümbətov - FOTOLAR

Reportaj

10 Yanvar 2024, 17:18

10 yanvar tarixi Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Ravil Mübariz oğlu Hümbətovun doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, şəhidimizin yaxınları və ictimiayyət nümayəndələri Ravilin II Fəxri xiyabandakı məzarını ziyarət edib.

 

Ravil Hümbətov 10 yanvar 1987-ci ildə Cəbrayıl rayonunun Yarəhmədli kəndində anadan olub. Cəbrayıl rayonu işğal olunanda Ravilin 7 yaşı olub.



İşğaldan sonra ailəsi ilə birgə Bakıda məskunlaşıb. 1994-cü ildə Bakı şəhərinin Yasamal rayonundakı 286 saylı məktəbin birinci sinfinə qədəm qoyub.



2005-ci ildə Bakı şəhəri A.İ.Məmmədov adına 38 saylı tam orta məktəbin XI sinfini bitirib.
 

2007- 2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.



2011-2012-ci illərdə hərbi xidmətdə olub. Sonradan könüllü olaraq Silahlı Qüvvələrdə müddətdən artıq hərbi qulluqda olub, bu müddətdə hərbi kurslarda iştirak edərək leytenant rütbəsi alıb.  O, xüsusi təyinatlıların bütün çətin təlimlərində nümunəvi hərbçi kimi fərqlənərək komandanlığın rəğbətini qazanmışdı.



Ravil Hümbətov 2020-ci ildəki 44 günlük Vətən müharibəsində iştirak edib. 7 yaşında tərk etdiyi doğma torpaqlara zabit kimi qayıdıb. O, Qubadlı, Füzuli və Cəbrayıl istiqamətlərində qəhrəmancasına vuruşub.

 

2022-ci ilin may ayında könüllü olaraq komando hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olub.

 

Ravil Hümbətov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı - sərhəd toqquşmasında Kəlbəcər tayonu ərazisində şəhid olub. 14 sentyabr 2022-ci ildə II Fəxri xiyabanda dəfn olunub. Ailəli idi, 2 qız övladı yadigar qalıb - Şəms və Melisa.

 

Ravil Hümbətov şəhid olanda ikinci övladı Melisa yenicə doğulmuşdu.

 

Xüsusi Təyinatlı Qüvvələrin zabiti anası Minayə Quliyevaya demişdi ki, ya Milli Qəhrəman, ya da general olacaq – “mənimlə fəxr edəcəksiniz”, - söyləmişdi.

 

Doğrudan da ailəsi 35 yaşında şəhid olan leytenantla fəxr edir, qürur duyur. İndi o,  torpaqlarımız uğrunda canını fəda edən minlərlə şəhid kimi bütün Azərbaycan xalqının qəlbində yaşayır.

 

Dostları, hərbçi yoldaşları onu mehriban, ailəcanlı, qayğıkeş, vətənpərvər, cəsur insan kimi xatırlayırlar.

 

R.Hümbətov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə tətif edilib.

 

Allah rəhmət eləsin.

 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir