Modern.az

Müdafiə Nazirliyi Hikmət Mirzəyevin təyinatını TƏSDİQLƏDİ - DOSYE

Müdafiə Nazirliyi Hikmət Mirzəyevin təyinatını TƏSDİQLƏDİ - DOSYE

Reportaj

12 Yanvar 2024, 17:24

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib. 
 

General-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub. 


Azərbaycan Müdafiə Nazirliyi general Hikmət Mirzəyevin müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edildiyini təsdiqləyib.

Modern.az saytı nazirin yeni müavininin dosyesini təqdim edir: 


General-leytenant Mirzəyev Hikmət İzzət oğlu 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub.

 

1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.

 

1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.

 

1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.

 

1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.

 

Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2003-cü il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 24.06.2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.

 

11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

 

Ailəlidir. İki övladı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada