Modern.az

Prezidentin inaqurasiyası Xankəndidə... - Yeni dövlət başçısı neçə gün ərzində AND İÇƏCƏK...

Prezidentin inaqurasiyası Xankəndidə... - Yeni dövlət başçısı neçə gün ərzində AND İÇƏCƏK...

Reportaj

7 Fevral 2024, 12:16

Bu gün Azərbaycanda növbədənkənar Prezident seçkisi keçirilir. 7 namizədin mübarizə apardığı Prezident seçkisi ilk dəfə Azərbaycanın bütün ərazilərində təşkil olunub.
Sevindirici haldır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Xankəndi  şəhəridə də seçkilər üzrə səsvermə keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuata açıqlamasında bildirib ki, növbədənkənar Prezident seçkilərinin ilkin nəticələri bu gün axşam saat 21:00-da elan ediləcək.

Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Bəs seçkilərə neçə gün ərzində yekun vurulacaq və Prezident seçilmiş şəxs nə zaman and içəcək?

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vuracaq və nəticələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Ölkə Konstitusiyasının 102-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsi Prezident  seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan etməlidir.

Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.



Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Beləliklə, bu o deməkdir ki, Prezident seçilmiş şəxsin inaqurasiya mərasimi – andiçməsi  fevralın 24-dək olan müddətdə təşkil olunacaq.

Konstitusiyanın 103-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
 

Qeyd edək ki, müstəqilllik əldə etdiyimizdən bəri ilk seçkilərdir ki, seçkilər respublikamızın bütün ərazilərini əhatə etdiyindən, Prezidentin inaqurasiya mərasimi Xankəndi şəhərində keçirilə bilər.
 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Modern.az-a açıqlamasında deyib ki, Prezidentin andiçmə mərasimi Xankəndidə keçiriləcəksə, bu, sözlə ifadə oluna bilməyəcək qədər böyük mənəvi təsiri olan hadisə sayıla bilər.
 

"Seçiləcək Prezidentin inaqurasiya mərasimini Qarabağ ərazisində, Xankəndidə keçirməsi həm dünya azərbaycanlıları üçün təsirli bir hadisə, həm də dünyaya böyük bir mesaj olardı. Eyni zamanda biz bir daha torpaqlarımıza sahibləndiyimizi və vəziyyəti dönməz etdiyimizi bütün dünyaya bəyan etmiş olardıq. Bunun çox böyük mənəvi, sözlə ifadə edilməyəcək dərəcədə təsir gücü olar". 


Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok