Modern.az

Cəlil Məmmədquluzadənin ev-muzeyi: Misilsiz sənət qaynağı - REPORTAJ

Cəlil Məmmədquluzadənin ev-muzeyi: Misilsiz sənət qaynağı - REPORTAJ

Reportaj

10 Fevral 2024, 14:08

"Azərtac"ın əməkdaşları böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin ad günündə ədibin ev-muzeyini ziyarət ediblər.

 

Sizi deyib gəlmişəm…

 

Bir könül təlaşıyla çıxılmaz küçələrdən keçərkən ruhumun sevinc dolu duyğusunu simama yansıdıb Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Cəlil Məmmədquluzadənin ömrünün son illərini (1922-1932) yaşayıb yaratdığı ev-muzeyinə doğru yol aldım. Budur, artıq həyətə daxil olmuşam, əsərlərini həvəslə oxuduğum bu dahi şəxsiyyətin evinə bir azdan ayaq basacağam, Cəlil nəfəsi ilə əhatə olunmuş bir isti yurdun ecazkar gözəlliklərinə canlı şahidlik edəcəyəm.

 

Bakıdakı Süleyman Tağızadə küçəsində yerləşən bu ev-muzeyinin ümumi sahəsi 185 kvadratmetrdir və 5 otaqdan ibarətdir. Hər divarında, hər daşında tarix qoxan bir muzeyin içində olmaq, Cəlil Məmmədquluzadə kimi novator bir yazıçının evi ilə tanışlıq və əsrarəngiz gözəllikləri qələmə almaq mənim üçün olduqca qürurvericidir. İllər tez keçir gedir, bu dəyərləri qorumaq, sahib çıxmaq biz gənclərin əlindədir. Görə bildiyimiz müddətcə görmək, baxa bildiyimiz anlarda baxmaq, müvəffəq olduğumuz zamanlarda yaşada bilmək…

 

Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub. Böyük satirik Cəlil Məmmədquluzadə məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası, publisistdir. Pedaqoji fəaliyyətə başlamış görkəmli yazıçı 1887–1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik edib. Ədəbiyyatımızın, dramaturgiyamızın, teatrımızın, ümumiyyətlə, ictimai fikrin inkişafına misilsiz töhfələr vermiş ədib xalqı, milləti üçün mənalı, şərəfli ömür yolu keçib.

Həmsöhbətim, muzeyin elmi işçisi Yeganə Məmmədova ürək yanğısı ilə bildirir ki, Cəlil Məmmədquluzadənin ev-muzeyinin çox qəribə bir taleyi var. Əsasən bütün ev-muzeylərdə tanınmış şəxsiyyətlərin övladları, nəvələri, yaxın qohumları və s. eksponatları təhvil verərək töhfələri ilə tarixin yaşamasına kömək edirlər. Amma bu ev-muzeyinin bütün eksponatları çox çətinliklə illər boyunca əldə olunub və hazırda gördüyünüz kimi göz oxşayır: “Mən mütaliəni çox sevirəm. Hər zaman Cəlil Məmmədquluzadə haqqında araşdırmalar aparmış və yeni bir fikir, yeni bir cümlə axtarışında olmuşam. Məsələn, o illərdə çox maraqlı və yeni bir hadisənin baş verdiyini müəyyən etmişəm. O zamanlarda Türkiyədə görkəmli ədibimiz bir hərbçi ilə qarşılaşır, həmin hərbçi onu dərhal tanıyıbmış. Yaxınlaşıb və soruşub: “Siz “Molla Nəsrəddin” jurnalının redaktorusunuz?”... Bu, o deməkdir ki, “Molla Nəsrəddin” jurnalı Türkiyədə də oxunub və hər kəs bundan xəbərdar olub. Bu, çox xoş bir hadisədir. İldən-ilə ekspozisiyamız zənginləşir və bizlər hazırda daha iki yeni məlumat əldə etmişik. Həmin yenilikləri tezliklə ev-muzeyinə gətirəcəyik. Belə tapıntılar olanda bizə çox xoş olur”.

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur

 

Muzeyin girişində Mirzə Cəlilin rəngli boya ilə çəkilmiş portreti və 1994-cü il dekabrın 28-də Ulu Öndər Heydər Əliyevin muzeyin ekspozisiyasının açılışında iştirak edən şəklini görürük.

Birinci otaq

 

Bu otaq Cəlil Məmmədquluzadənin uşaqlıq, gənclik və tələbəlik illərinə həsr olunub. Burada onun uşaqlıq, gənclik illəri və doğulduğu evin fotoları sərgilənir. Həmçinin ədibin dərs dediyi Uluxanlı, Baş Noraşen, Nehrəm kənd məktəblərinin şəkilləri və ədibin Nehrəmdə yaratdığı ilk qız sinfinin şagirdlərinin siyahısı təqdim olunub. Bu otaqda ədibin yazıçılıq fəaliyyətinin başlanmasından söhbət açılır. İlk yazdığı “Çay dəstgahı”, “Kişmiş oyunu”, “Poçt qutusu” hekayələri barədə məlumatlar yer alıb.

İkinci otaq

 

Bu otaq onun ailəsi tərəfindən qonaq, yemək otağı kimi istifadə olunurdu. Divardan asılan saat, otaqda yerləşdirilən mebel, qab-qacaq C.Məmmədquluzadənin ailəsinə məxsus olan şəxsi əşyalardır. Masaya salınan öz zərifliyi ilə seçilən süfrə Qarabağ sənətkarlarının əl işidir. Otağın sağ tərəfində rəssam Oqtay Sadıqzadənin 1981-ci ildə çəkdiyi C.Məmmədquluzadə və Həmidə xanım portretinin reproduksiyasıdır. Burada, həmçinin Cəlil Məmmədquluzadənin uşaqlarının şəkilləri, doğum və nikah haqqında sənədləri, dostları, “Şərqi-rus” qəzetinin redaktoru Məhəmmədağa Şahtaxtlının, “Molla Nəsrəddin” jurnalının təsisçilərindən biri görkəmli yazıçı və jurnalist Ömər Faiq Nemanzadənin, həyat yoldaşı Həmidə xanımın oğlu Nifhətə yazdığı məktub nümayiş olunur.

Üçüncü otaq

 

Burada ədibə və ailəsinə məxsus olan əşyalar nümayiş olunur. Geyim şkafında Həmidə xanıma məxsus kostyum asılıb. Masanın üstünə qoyulan çanta Həmidə xanımın tibb çantasıdır. Həmidə xanım Qarabağda yaşayarkən ətraf kəndlərə xəstələr üçün bu çantada peyvənd və dərmanlar aparırdı. Divarda ailə şəcərəsi nümayiş olunur. Burada məşhur Qarabağ xalçasının nümayişi otağa xüsusi gözəllik qatır.

Dördüncü otaq

 

Bu otaqda C.Məmmədquluzadənin dram yaradıcılığı, müxtəlif dillərə tərcümə olunmuş və başqa ölkələrdə çap olunmuş əsərləri nümayiş olunur. Burada yazıçının “Ölülər”, “Anamın kitabı” və “Dəli yığıncağı” dram əsərlərinin müxtəlif illərdə tamaşaya qoyulmuş fotoları sərgilənir. Ədibin şah əsəri olan “Ölülər” pyesinin kefli İsgəndər rolunun ilk ifaçısı məşhur Azərbaycan aktyoru Mirzə ağa Əliyevin fotosu da təqdim olunur. Kitab bölməsində xüsusi diqqəti cəlb edən isə Parisdə çap olunan “1920-ci ilə qədər Rusiyada Müsəlmanlar Arasında Mətbuat və Milli Hərəkat” kitabıdır.

Beşinci otaq

 

Burada ədibin şəxsi əşyalarından yazı stolu, kitab şkafları, şəxsi əşyaları, müxtəlif iş sənədlərinin əlyazması və C.Məmmədquluzadə irsinin tədqiqatçıları, o cümlədən “Molla Nəsrəddin”çilərin fotoşəkilləri yerləşdirilib. Həmçinin “Molla Nəsrəddin” jurnalının redaksiya binasının “Qeyrət” mətbəəsinin fotosu da nümayiş olunur. Kitab şkaflarında ötən əsrlərin nadir ensiklopedik lüğətləri, C.Məmmədquluzadənin əsərləri və onun haqqında tədqiqat kitabları yer alıb. Divardan asılmış saatın əqrəbi ədibin vəfat etdiyi vaxtda - 15:00-da dayandırılıb. Burada, həmçinin qələmqabı, tütün kisəsi, ətir qabı və Mirzə Cəlilin şəxsi kəməri sərgilənir.

Əlbəttə, onun haqqında çox yazmaq, çox danışmaq olar. Ev-muzeyinə daxil olduğum andan etibarən bu divarlar, bu daşlar, evin hər bucağı, yazıçı nəfəsi dəymiş bu ocaq, istilik qoxan bu məkan mənə doğmalıq bəxş etdi. Həm də bir daha əmin oldum ki, mənsub olduğu millətin tərəqqisi naminə ömrü boyu yorulmadan fəaliyyət göstərən, bu yolda bir anda olsun belə usanmamış böyük ədib Mirzə Cəlil xalqının, millətinin qəlbində daim yaşayacaq!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada