Modern.az

Min bir dərdin dərmanı olan "Turşsu" - FOTOLAR

Min bir dərdin dərmanı olan

Reportaj

13 Fevral 2024, 00:54

Azərbaycan təbiəti mineral sularla zəngindir. Ölkəmizdə mindən çox mineral bulaq var ki, onların da çoxu dağlıq rayonların ərazisindədir. Belə bulaqlardan biri də həm tərkibi, həm də möcüzəvi axını ilə fərqlənən “Turşsu” bulağıdır.

 

Mineral su mənbəyi olan “Turşsu” bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə meşədən çıxır. Bu ərazi uzun illər şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan olub. Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərdilər.

 

“Turşsu” bulağının suyu fasilələrlə - təxminən 1 saatdan da artıq müddətdən bir axır. Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Bu su ürək-damar, qanazlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir.

 

Şuşa ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da var. Bu bulaqlardan karbon turşulu–hidrokarbonatlı–natriumlu “narzan” tipli mineral sular axır. Bu müalicəvi sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunub.

 

Modern.az AZƏRTAC-a istinadən “Turşsu” bulağının görüntülərini təqdim edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada