Modern.az

Prezidentin əvvəlki andiçməsi harada və necə olmuşdu… - TARİX

Prezidentin əvvəlki andiçməsi harada və necə olmuşdu… - TARİX

Reportaj

13 Fevral 2024, 17:14

Konstitusiya Məhkəməsi bu gün 7 fevral tarixli növbədənkənar Prezident seçkisinin nəticəsini təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Heydər oğlu Əliyev 92,12 faiz səslə Prezident seçkisinin qalibi elan edilib.

Ölkə Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
 

Dövlət başçısı and içən zaman aşağıdakı mətni oxuyur:
 

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

 

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.


Bəs Prezidentin əvvəlki – 2018-ci ildəki inaqurasiya mərasimi harada keçirilmişdi?
 

Modern.az saytı xatırladır ki, İlham Əliyev 2018-ci ildə andiçmə mərasimini Milli Məclisdə keçirmişdi.
 

Həmin il 18 aprel tarixində baş tutmuş inaqurasiya mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak etmişdilər.
 



Mərasim zamanı Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirmişdilər.
 

Daha sonra Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə İlham Əliyevin andiçməsi gerçəkləşmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvələcə əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içmişdi:
 

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”.
 



Ardınca Azərbaycan Respublikasının dövlət himni səslənmişdi.

Sonra Prezident müqəddəs Qurani-Şərifə də əl basaraq and içmişdi:
 

“Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.
 

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpmüş, ardınca nitq söyləmişdi.

Dövlət başçısının 2013-cü ildəki andiçməsi Milli Məclisdə, 2008-ci ildəki inaqurasiya mərasimi isə Heydər Əliyev Sarayında təşkil edilmişdi.

İlham Əliyev ilk dəfə Prezident seçiləndə - 2003-cü ildə Respublika Sarayında and işmişdi.
 

Prezidentin budəfəki andiçməsinin də Milli Məclisdə keçiriləcəyini gözləmək olar.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok