Modern.az

Əvvəlki Baş nazir təyinatı neçə olmuşdu... - TARİX

Əvvəlki Baş nazir təyinatı neçə olmuşdu... - TARİX

Reportaj

15 Fevral 2024, 17:30

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev dünən - 14 fevral tarixində 5-ci dəfə dövlət başçısı kimi and içib. Bununla da o, qarşıdakı 7 illik müddət üçün Prezident səlahiyyətlərini icra etməyə başlayıb.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün – dünən Nazirlər Kabineti istefa verib.

Ardınca Prezident İlham Əliyev Nazirlər Kabinetinin üzvləri ilə bağlı sərəncam imzalayıb.

Bu sərəncamda hökumətin istefa verdiyini nəzərə alan Prezident İlham Əliyev yeni tərkib formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra köhnə heyətə həvalə edib.
 

Qeyd edək ki, Konstitusiyanın 118-ci maddəsinə görə, yeni Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Prosedura görə, Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Qeyd edək ki, Milli Məclisin sabaha-a fevralın 16-na iclas çağırıb.

İclasda Baş nazir təqdimatına baxılacaq.

Bəs bundan öncəki Prezident seçkisi zamanı  Baş nazir təqdimatı nə vaxt, necə və kimlə bağlı olmuşdu?

Modern.az saytı 2018-ci ildəki təqdimatı bir daha diqqətə çatdırır.

Yada salaq ki, 21 aprel 2018-ci il tarixində Milli Məclis Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclas keçirmişdi.

Həmin iclasa parlamentin o vaxtkı spikeri Oqtay Əsədov sədrlik etmişdi.

İclasda “Novruz İsmayıl oğlu Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi” haqqında məsələyə baxılmış, bununla bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubu oxunmuşdu.

Ardınca deputatlar məsələ ilə bağlı müzakirələr aparmışdılar. Müzakirələrdən sonra Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul etmişdi.


Milli Məclisin Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verdiyi Novruz Məmmədov ona göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdi.


Bununla da parlamentin iclası başa çatmışdı.


Elə həmin gün - 21aprel 2018-ci il tarixində Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalamışdı.

 

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok