Modern.az

“Evdən çıxanda qapım açıq qaldı, çırağı da söndürmədim” - Xocalı sakininin qandonduran SÖHBƏTİ

“Evdən çıxanda qapım açıq qaldı, çırağı da söndürmədim” - Xocalı sakininin qandonduran SÖHBƏTİ

Reportaj

24 Fevral 2024, 16:49

Prezident İlham Əliyev ötən il noyabrın 8-də Xankəndi şəhərindəki hərbi paradda çıxış edərkən ərazi bütövlüyümüzün bərpası ilə bağlı Azərbaycan xalqına verdiyi sözü tutduğunu vurğuladı:

“Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Və indi uğrunda canlar fəda edilən üçrəngli bayrağımız Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndi də daxil olmaqla, Azərbaycanın hər bir guşəsində qürurla dalğalanır”.


Prezidentin dediyi ki, bu gün həmin ərazilərdə həm müqəddəs Azərbaycan bayrağı dalğalanır, həm də işğaldan azad edilmiş şəhər, kənd və qəsəbəmizin hər birində sakinlərin qayıdışı üçün yüksək və intensiv səviyyədə infrastruktur işləri aparılır. Vətəndaşlarımız 2024-cü il fevralın 7-də keçirilən seçkilərdə Şuşada, Xankəndidə, Zəngilanda səs verdilər. Bu hadisə hər birimizin qəlbini qürur hissi ilə doldurur.


Bu yaxınlarda xoş xəbər eşitdik. Tezliklə Xocalıda 50 evin çırağının yanması gözlənilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 167 hektar ərazidə 113 ev yenidən qurulur. Biri 5 mərtəbəli, digərləri 2-3 mərtəbəli olan binalar tədricən istifadəyə veriləcək. Bunu dövlətimizin başçısı hələ cari il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində diqqətə çatdırmışdı. Prezident İlham Əliyev Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin davam etdirildiyini qeyd edərək bildirmişdi:

“Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq”.

Prezidentin bu açıqlaması hər bir Azərbaycan vətəndaşı kimi xocalıları da çox sevindirdi. Bu xəbər böyük faciə yaşamış Xocalı sakinlərinin yaralarına məlhəm oldu, onları yüngülləşdirdi.   


Baş verən faciələr, müsibətlər, qətliamlar, işgəncələr heç vaxt unudulmur və unudulmamalıdır. Unutmamaq üçün isə nə qədər acı olsa da, həmişə xatırlatmalıyıq. Çünki bu, bizim gələcəyimiz və təhlükəsizliyimiz naminə lazımdır. Növbəti faciələrin, qətliamların, işğalların baş verməməsi üçün bizə yaşadılanları unutmamalıyıq!  


Fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bir sıra mühüm məqamlara toxunan Azərbaycan Prezidenti qarşıda duran yeni vəzifələrdən, perspektivlərdən danışdı. Dövlət başçısı Azərbaycan-Ermənistan arasında münasibətlərə də toxunaraq dövlətin xarici siyasətində yeni üfüqlərə yol açılmasının vacibliyini vurğuladı. İlham Əliyev qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə hazır olmağımızın vacibliyini vurğulayaraq yeni dövrə keçdiyimizi bildirdi:

“Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!"

 
Yaralar sağalanda qaysaq bağlayır
 

Ermənistanın işğalı nəticəsində üzləşdiyimiz qanlı faciələrdən biri və ən dəhşətlisi Xocalı faciəsidir. 613 nəfərin amansızlıqla qətlə yetirildiyi, körpə, qadın, qocaya işgəncə verildiyi bu qətliam Azərbaycan xalqının qan yaddaşına əbədi yazılıb. Yaralar sağalanda qaysaq bağlayır. Xocalıların da yarası yavaş-yavaş qaysaq bağlayır. Bir vaxtlar erməni cəlladlarını təzyiqi, işgəncəsi ilə bu eldən-obadan qovulanlar tezliklə geri, öz doğma evlərinə qayıdacaqlar!.  


Xocalı qətliamının canlı şahidi, ilk mərhələdə öz doğma şəhərinə, evinə qayıdacaq Zənurə Səlimova ilə o müdhiş gecə barədə söhbətləşmişik. Müsahibimiz 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş verənlər barədə ürəkağrısı ilə danışır:


“Başımıza gətirilən o müsibətdən 32 ötür. 32 il bir igidin ömrüdür. Bu qədər vaxt keçməsinə baxmayaraq, elə bil hər şey dünən olub. Bir neçə ayın gəlini idim və cəmi 20 yaşım vardı. Döyüş postunda olan həyat yoldaşım gecə saat 12 radələrində ermənilərin Xocalını mühasirəyə aldığı xəbərini gətirdi. O gecə çox dəhşətli hadisələrə şahid oldum.

Qaniçən ermənilər 8 yaxın qohumumu gözümün qabağında qətlə yetirdilər, yaxınlarımızdan bəziləri əsir düşdü. Dayımı çox amansızlıqla öldürdülər, qayınanam isə itkin düşdü. Sağ qalmağımda, yaşamağımda şəhid Milli Qəhrəman Əlif Hacıyevin müstəsna rolu var. Bu qəhrəman oğul nəinki məni, bir çox Xocalı sakinini ölümün pəncəsindən alıb. Biz məhz onun sayəsində sağ-salamat Ağdama gələ bildik”.
 

Həyat yoldaşı Fərhad Səlimov və qardaşı Faiq Səlimovun özünümüdafiə batalyonunda xidmət etdiklərini qeyd edən Z.Səlimova onların digər şəhər sakinləri kimi növbə ilə postda keşik çəkdiklərini bildirib:


“Hadisə baş verən gecə Fərhadın növbəsi idi. Onu yola saldım. Ermənilər Xocalını mütəmadi olaraq atəşə tuturdular. Amma əhali heç nədən qorxub çəkinmirdi, hərə öz iş-gücü ilə məşğul idi. Adamın ağlına nə gələrdi ki, belə bir faciə ilə üzləşə bilərik. Gecə idi, yatmışdıq. Bu zaman Fərhadın səsini eşitdim. Hamımız durduq ayağa. İstədim ki, işığı yandırım, kəsmişdilər. Qaz da gəlmirdi. Həyat yoldaşım dedi ki, ermənilər Xocalını dörd tərəfdən mühasirəyə alıblar, bacardıqca şəhərdən tez çıxmaq lazımdır. Qaynanam da ağır xəstə idi” (ağlayır).

 

“Xocalını, açıq qalan evimin qapısını tez-tez yuxumda görürəm”

 

Zənurə xanım deyir ki, həmin gecə gəncliyini, gəlinliyini əlindən alıb, arzularının, şirin xəyallarının üstündən xətt çəkib.


“Xocalıdan çıxanda qapım açıq qaldı. Yanan çırağımı belə söndürmədim”, - deyən sakin Xocalını tez-tez yuxusunda gördüyünü dilə gətirir: “Yuxularımda həmişə qapımızı açıq görürəm”.  


Birdən sanki müsahibimin gözlərinə işıq gəlir, yaşarmış gözlərini silərək deyir: “İndi çox şükürlər olsun Allaha, ailəmlə birgə həmin qapısı açıq qalan evimizə geri dönəcəyik. Qayıdış xəbərini eşidəndən özümə gələ bilmirəm, sanki yenidən doğulmuşam. Ürəyim əsir ki, evimi, Xocalımı tez görüm. Bu xoşbəxtliyi bizə nəsib edən Prezidentimizə, ordumuza minnətdarıq. Allah dövlətimizi qorusun!”.   

 

Zənurə xanımın nə qədər acı çəksə də, pozitiv insan olması hərəkətlərindən hiss olunur. Düşünürsən ki, insan bu qədər dəhşətli faciəni yaşadığı, əzizlərinin gözlərinin önündə qətlə yetirildiyi halda necə həyata tutuna bilir?! Müsahibim danışdıqca, anlayırsan ki, insanı həyata bağlayan üzərində yaşadığı torpaq, Vətəni, dövlətinin qayğısıdır. Z.Səlimova deyir ki, nə qədər acı yaşasa da, sabaha, gələcəyə olan ümidini heç vaxt itirməyib. Məskunlaşdıqları yerdə onlar üçün lazımi şərait yaradılsa da, heç bir yerin ona doğma yurdunu əvəz etmir.  
 

Qaynanasını soruşanda yenidən gözləri dolan Xocalı sakini həmin günləri belə xatırlayır:


“Həyat yoldaşım ermənilərin Xocalını mühasirəyə alması xəbərini gətirəndə baldızım da ayaqyalın qaça-qaça gəldi. Qaynanam yaşlı və xəstə idi, ayaqları yer tutmurdu. Yoldaşımla, qaynım qayınanamı növbə ilə kürəklərinə alaraq irəliləməyə başladılar, biz də arxadan gəlirdik. Beşmərtəbə deyilən yerə qədər getməli idik, hardasa 10-15 dəqiqəlik yol olardı. Bir gözümüz irəlidə, bir gözümüz arxada idi, ömrümüzdən ömür getdi o gecədə. Çörək bişirilən yerə çatandan sonra Qarqar çayının yanından keçməli idik. Biz dərəyə enəndə atılan mərmilərin səsindən qulaq tutulurdu, gecə olduğundan alovun rənglərindən hər yer işığa bürünmüşdü. Beşmərtəbəyə çatandan sonra zirzəmiyə girdik. Ora girəndə gördük ki, zirzəmi adamla doludur, onların içərisində qocalar, uşaqlar, qadınlar vardı”.
 



“Həmin gecə elə bil təbiət də qan ağlayırdı”

 

Zənurə xanım deyir ki, Murad Məhərrəmov adlı yerlisi onlara yarım saatlıq Kətik meşəsinə çıxmalarını məsləhət görüb. Deyib ki, ermənilər sakitləşən kimi evlərinə qayıdarlar.


“Onun ailəsi məhv oldu, özünün də ürəyi dözməyib partladı. Ermənilər atəş açırdılar deyə məcbur olub zirzəmidən çıxıb yola düzəldik. Həmin gün elə bil təbiət də qan ağlayırdı. Lopa-lopa qar yağırdı, su buz kimi, çay donmuşdu. Qarqar çayını birtəhər keçdik. Çoxu yuxulu idi, suya düşən, ağlayan, inləyən”-, deyə faciənin şahidi ürəkağrısı ilə bildirir.  


Onun sözlərinə görə, təpəyə çıxanda müəlliməsi Adilə Məmmədovanı görüb, hər 3 övladı da yanında imiş. Adilə xanım görəndə ki həyat yoldaşı ürəyini tutub, ətrafdakıları köməyə çağırıb.


“Müəlliməmin bu çarəsizliyi ürəyimi ağrıtdı, amma əlimdən də bir şey gəlmirdi. Hərə öz hayında idi. Adilə xalanın ailəsi elə orada da qaldı. Həmin ailədən indiyədək bir xəbər yoxdur. İndiyədək xəbər olmayan 8 ailədən biri də həmin ailədir.

Sonra hamımız meşəyə üz tutduq. Meşə çox sıx idi, hərəkət etmək mümkün deyildi, kol-kos adamın əllərini-üzünü cızıq-cızıq etmişdi. Əllərimiz qanın içində idi. Ayaqlarımızı qarın üzərinə qoyanda dərinə gedirdi, çünki ayaq dəyməyən yerlər idi. Yerimək mümkün deyildi, yolu da tanımırdıq. İnsanlar dəstə ilə başlarını götürüb gedirdilər, amma bilmirdilər haraya... Canımızı götürüb qaçırdıq. Mən Əntiqə nənə ilə gedirdim. O, kürəyinə qız nəvəsini şəlləmişdi, körpənin qırxı təzəcə çıxmışdı. Körpənin atası da, anası da həmin gecə öldülər. Yəni, hər iki valideynini itirən uşaqlardan biri odur. Həmin körpənin atasının ayağını dizinəcən yandırmışdılar ki, “Qarabağ Ermənistanındır” desin. Demədiyi üçün həyat yoldaşının gözünün qabağında öldürmüşdülər. Həmin körpənin adı Vüsaldır, indi böyük oğlandır, onu görəndə birtəhər oluram”, - deyə Z.Səlimova göz yaşlarını silir. 

 

“Yaşanan dəhşətdən sonra bətnimdəki körpəmi itirdim”

 

Xocalı sakini həmin gecə baş verən sonrakı hadisələri belə nəql edir: “Taqətdən düşmüş, başımızı itirmişdik, getdiyimiz yolu bir də təzədən qayıdırdıq. Ac-susuzluq, təlaş bizi əldən salmışdı. Yolun yarısında rəhmətlik Əlif Hacıyevlə rastlaşdıq. Əlif müəllim də çox yorğun idi. Yaxşı yadımdadır, kürəyini ağaca söykədi və dedi ki, "ay Allah, görəsən nə vaxt dincələcəyik". Təqribən 5 dəqiqə nəfəs aldıqdan sonra bildirdi ki, "gecikmək olmaz, hərəkət etmək lazımdır".

Birtəhər Qaraqaya deyilən yerə gəlib çıxdıq. UAZ markalı avtomobil keçdi, içində də saqqallılar. Əlif müəllim camaata səsləndi ki, "yolu tez keçin, ermənilər xəbərə gedirlər". Təsəvvür edin, təxminən 80-90 nəfərdən cəmi 10-15 nəfər gəlib çıxdıq. Arxaya baxdıqda mənzərə dəhşətli idi. Meşədə qarın üstü meyitlə dolu idi. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun anası Məruzə xalanı BMP ilə necə vurmuşdularsa, tikələri kolların, ağacların üstünə səpələnmişdi. Yaşanan bu cür dəhşətdən sonra bətnimdəki körpəni itirdim”.


Onun sözlərinə görə, vurulsa da, qarın üstündə nəfəsi hələ də gələn insanları ermənilər minbir əzabla öldürüblər. Yanındakı Telman adında kişini qarnından necə zərblə vurublarsa, bağırsağı çölə tökülüb.


Z.Səlimova min-bir əzabla meşədən çıxaraq Ağdamın Şelli kəndinə çatdıqlarını deyir: “Meşədə Cəmilə xala qucağındakı körpəni verdi ki, bunu da apar. Körpəni qucağımda tutmuşdum, digər tərəfdən də nənəmə yeriməyə kömək edirdim. Dan yeri söküləndə Ağdamın Şelli kəndinə çatdıq. Taqətimiz kəsilmişdi, heyimiz yox idi ki, Ağdamdan gələn köməyə cavab verək. Ağdam camaatı sağ olsun, bizə çox kömək etdi. İsti çay, yemək gətirdilər. Bədənimə istilik dəyəndə yaşadığımı hiss etdim”.


12 yaşlı uşaq: “Ana, qoyma ölüm”

 

Xocalı sakini danışır ki, Şelliyə çatsalar da, meşədə qalanların taleyi onları rahat buraxmayıb:


“Meşədən ölənləri, yaralıları daşıyıb bir-bir gətirirdilər. Ağdam məscidi dolub-boşalırdı. Bir gün gələnlərin içində Cəmilə xalanı gördüm. Meşədə mənə verdiyi körpəni özünə qaytardım. Günümüzün çoxu məsciddə keçirdi ki, görək bu gün kimləri gətiriblər. Kim qalıb, kim ölüb. Faciədən 5 gün sonra anamı, qardaşlarımı gördüm, meşədən çıxa bilmişdilər. Xalam iki balası ilə əsir düşmüşdü, dayımdan xəbər-ətər yox idi. UAZ növbəti dəfə meyitləri və yaralıları gətirdi. Onları düşürəndə, dayım Hüseyn Əzizovu gördüm, onu bir hala salmışdılar ki, tanınası deyildi. O, digər dayım İbrahim Əzizovla birlikdə meşədə olub. Hüseyn dayım kiminsə qaladığı yanan ocağa yaxınlaşıb qızınmaq istəyəndə, ermənilər onu tutmuşdular. Kəlbətinlə ağzındakı 4 qızıl dişini dartıb çıxarmışdılar. Dayımın girov götürülmüş dostu danışır ki, sonra onun KAMAZ markalı yük maşınının arxasına bağlayıb sürüyüblər. O, həmin gecə postda olduğu üçün üst-üstə iki şalvar geyinibmiş. O qədər sürüyüblər ki, beyni dağılıb, şalvarı parçalanıb. Bununla da ürəkləri soyumayıb, can verən adamı təzədən içəri salıb avtomatın qundağı ilə vurublar. Biz onun bir gözünü tapmadıq.

Anam onu əlindəki döymə yazılardan tanıdı. Nənəm ölənə kimi dayımın parçalanmış şalvarını iylədi. Vəsiyyət etmişdi ki, öləndə dayımın şalvarını da onunla bir basdıraq. Elə də etdik”.
 

Xocalı sakini xalasının övladları Rəsmiyyə Hüseynova və Emin Hüseynovdan indiyə qədər xəbər çıxmadığını deyir. Bildirir ki, bibisi Zərif Əzizovanın həmin gecədə 6 balası yetim qalıb. Faciədən 25 gün sonra tanınmaz halda meyiti tapılıb. Əmisi Təvəkkül Ələkbərovun da meyiti 25 gündən sonra tapılıb, üz nahiyəsi çürüyübmüş.

"Onun 12 yaşlı oğlunu da meşədə vurmuşdular. Anası yaylığın arasında gətirib Ağdama çıxaranda can verib. Son sözləri də bu olub: “Ana, qoyma ölüm”.


“Yurd yerlərimizdə həyat yenidən canlanır”

 

Xocalı sakini deyir ki, insana acı günləri, xatirələri ancaq yaxşı, firavan günlər unutdura bilər. İndi o, hər bir Azərbaycan vətəndaşı kimi çox qürurlu və sevincli olduğunu vurğulayır. Çünki torpaqlarımız tamamilə azad edilib, suverenliyimiz bərpa olunub, ərazilərimizdə böyük işlər görülür.  
 

“Yurd yerlərimizdə həyat yenidən canlanır. Evlər, məktəblər, xəstəəxanalar tikilir, parklar, bağlar salınır.

Üç oğlum var –Rinat, Fərid və Nihat. Böyüyünün 30, ortancılın 27 yaşı var. İkisi də ailə həyatı qurub. Kiçik oğlumun isə 20 yaşı var və bizimlə birlikdədir. Həyat yoldaşım vaxtilə polis orqanlarında işləyib, hazırda pensiyadadır. Hamımız Xocalıya qayıdırıq. Köç geri qayıdır, həm də şadyanalıqla, gülə-gülə. Xocalıda evimin damı vurulur, bundan gözəl nə ola bilər? Allah, bundan sonra gözəl, qayğısız günləri yaşamağı nəsib etsin”, - deyə Zənurə Səlimova vurğulayıb. 

 

Səadət Hakıyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir