Modern.az

Bayramovla Mirzoyanı görüşdürən xanım - 44 yaşlı nazirin KARYERASI - FOTOLAR

Bayramovla Mirzoyanı görüşdürən xanım - 44 yaşlı nazirin KARYERASI - FOTOLAR

Reportaj

29 Fevral 2024, 13:08

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Moskva, Brüssel, Vashinqton formatlarından sonra ilk dəfə Berlində də sülh danışıqları apardılar. Fevralın 28-29-da iki ölkə arasında sülh quruculuğu üçün baş tutan danışıqlara nazirlərin almaniyalı həmkarı Annalena Berbok vasitəçilik edib.


Dünənki görüşdən sonra almaniyalı xanım nazir mətbuat üçün verdiyi qısa açıqlamada deyib:

 

“Biz inanırıq ki, Ermənistan və Azərbaycan illərlə davam edən ağrılı münaqişədən sonra indi davamlı sülhün əldə olunması üçün imkana malikdirlər. Biz hər iki ölkənin keçmişi arxada qoymaq və öz xalqları üçün davamlı sülhə doğru atdıqları cəsarətli addımları görürük”.

 

Qeyd edək ki, XİN başçılarının Berlin görüşü fevralın 17-də keçirilmiş Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşündə razılaşdırılıb. Azərbaycan və Ermənistan liderləri Münhendə Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə görüşmüş və elə oradaca nazirlərə sülh sazişi üzərində işi davam etdirməyi tapşırmışdlar.

 

Beləliklə, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları üçün yeni format yaranıb - Berlin formatı.

Berlin formatının nəticələrinin necə olacağı məlum olmasa da, görünən odur ki, Almaniya Cənubi Qafqazdakı normallaşdırma prosesində önə çıxmağa çalışır.

Bu prosesdə şübhəsiz ki, Almaniya xarici işlər naziri Annalena Berbokun fəaliyyətini də qeyd etmək lazımdır.

Bəs Ceyhun Bayramovla Ararat Mirzoyanı bir araya gətirən Annalena Berbok kimdir?

Modern.az saytı alman nazirlə bağlı təqdimatı diqqətinizə çatdırır.



Qərb mətbuatı Annalena Berboku iddialı nazir kimi təqdim edir. Avropa mediasına görə, Bebokun karyerası onun ambisiyasını və cəsarətini sübut edir.

Kənddə böyüyən qız ölkədəki “yaşıl hərəkat”ın liderlərindən birinə çevrilib, ardınca Yaşıllar Partiyasının həmsədri seçilib, 2021-ci ildə isə bu siyasi təşkilatdan Almaniya kansleri postuna namizəd olub. Doğrudur, Annalena Berbok Angela Merkelin uğurunu təkrarlaya bilməyib, lakin o, kanslerliyə namizədi olan ikinci qadın olub və Almaniyanın ilk qadın xarici işlər naziri kimi adını ölkə tarixinə yazdırıb.

Annalena Berbok 15 dekabr 1980-ci ildə anadan olub, hazırda 44 yaşı var. Onun uşaqlığı Hannover yaxınlığında, Pattensen şəhərindəki böyük bir fermada keçib. Annalenanın atası mühəndis, anası ictimai işlər görən qadın olub.

Annalenin nənə və babası Almaniyaya köçmüş mühacirlər idi. Onun valideynləri açıq fikirli idi: onlar tez-tez Annalenanı və kiçik bacısını nüvə silahlarına qarşı mitinqlərə aparır, nümayişlərdə uşaqları ilə birlikdə iştirak edirdilər.

Annalena Berbok  hələ uşaq ikən kənd həyatındakı bütün çətinlikləri öyrənmişdi: Hannoverdə məktəbə getmək üçün yolda bir saatdan çox vaxt keçirirdi. Məktəbdə oxuyanda Annalena müharibə müxbiri olmaq arzusunda idi, amma bütün boş vaxtları idmanla məşğul olmaqda keçirdi. Həftədə beş dəfə batutla tullanma məşqinə gedən Annalena üç dəfə bürünc qazandığı milli çempionatda iştirak etmişdi. Amma yarışlardan birində ayağını sındıran gələcək nazir idmanla həmişəlik vidalaşmağa məcbur oldu.

2000-ci ildə məktəbi bitirən Berbok hüquq və siyasi elmlər üzrə ixtisas seçərək Hamburq Universitetində təhsil aldı. 5 il sonra London İqtisadiyyat Məktəbində hüquq magistri oldu və Britaniya İnstitutunda təcrübə keçdi. O, təbii fəlakətlər və humanitar yardım mövzusunu seçərək Berlin Azad Universitetində öz dissertasiya işini yazmağa başladı. Lakin dissertasiyasını tamamlaya bilmədi: onun fəal inkişaf edən karyerası buna mane oldu.

2005-ci ildə Annalena Berbok Yaşıllar Partiyasına qoşuldu və Avropa Parlamentində işləməyə başladı. 2009-cu ildə keçirilən ilk seçkilər Berbok üçün uğursuz oldu - o, federal seçkilərdə “Yaşıllar kürsüsü”  qazanacağına ümid edirdi. Elə həmin il Avropa Yaşıllar Partiyasının idarə heyətinin üzvü oldu.


Annalena Berbok nəhayət 2013-cü ildə Bundestaqa (parlament) seçildi.

O, özünü iqlim siyasəti üzrə ekspert kimi də göstərirdi. 2016-cı ilə qədər dünyanın müxtəlif şəhərlərində  keçirilən BMT konfranslarında bu mövzuda məruzələrlə çıxış edib.

2017-ci il seçkilərində Annalena parlamentdəki yerini qoruyub saxlaya bildi.

2018-ci ilin yanvarında Berbok Yaşıllar Partiyasının həmsədri seçildi.

Annalena Berbok Angela Merkeldən nümunə götürərək, ölkənin kansleri olmaq kimi iddialı planlarını gizlətməyib. 2021-ci ildə Yaşıllar Partiyası kansler vəzifəsinə Annalenanın namizədliyini irəli sürdü. Berbok Merkeldən sonra bu vəzifəyə iddia edən ikinci qadın oldu və yaş baxımından hətta rekorda imza atdı - ondan kiçik namizəd yox idi. Ancaq Yaşıllar Pafrtiyası kansler seçkilərində yalnız üçüncü oldu.

Bununla belə, Annalena Berbok karyera yüksəlişində irəliləyişsiz qalmadı: 2021-ci ilin sonunda yeni kansler Olaf Şoltsun təklifi ilə o, Almaniyanın xarici işlər naziri vəzifəsinə təyinat aldı. Ondan əvvəl Almaniyada qadınlar heç vaxt bu vəzifəni tutmamışdılar.


Siyasi ekspertlər Annalenanın atlantik baxışlara sahib olduğunu və ABŞ ilə Avropa arasında daha sıx əməkdaşlığın tərəfdarı olduğunu və buna görə də prezident Co Baydenin xarici siyasətini bəyəndiyini deyirlər.

Annalena Berbok 2007-ci ildə siyasi məsləhətçi Daniel Holefleyşlə evlənib. Onun əri uzun müddət Yaşıllar Partiyasında çalışıb, 2017-ci ildən isə Almaniyanın böyük logistika şirkətində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi işləyib. 2022-ci ildən rabitə agentliyində çalışır.

Cütlüyün 2011 və 2015-ci illərdə doğulmuş iki qızı var. Ailə ölkənin şərqində, Potsdamda yaşayır.

Rusiyanın Ukraynada başladığı işğalçı müharibənin lap əvvəlində Annalena Berbok kifayət qədər ehtiyatlı və gözləmə mövqeyi tutmuşdu. Nazirlik adından 2022-ci ilin əvvəlində o, NATO müttəfiqləri kimi döyüş bölgələrinə silah verməkdən imtina etdi.


Amma bir müddət sonra Almaniyanın xarici siyasətinin istiqaməti dəyişməyə başladı. Berbokun əmri ilə onlarla rus diplomat və səfirliyin əməkdaşı Berlindən qovuldu. 2022-ci ilin mayında Annalena Ukraynanın dağıdılmış Buça şəhərinə səfər etdi və altı ay sonra, sentyabrda Kiyevə getdi.

2023-cü ilin yanvarında alman nazirin üçüncü dəfə Ukraynaya, bu dəfə Xarkova səfəri oldu. Səfər planlaşdırılmamış idi və bir çox siyasi ekspertlər üçün sürpriz oldu.

AŞPA iclasında çıxış etdikdən və Rusiyaya qarşı ehtiyatsız bəyanat verdikdən sonra Almaniyada onun istefası da gündəmə gəlmişdi.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir