Modern.az

Haqqında şayiələr yayılan birinci ledi - FOTOLAR

Haqqında şayiələr yayılan birinci ledi - FOTOLAR

14 Oktyabr 2013, 11:18

Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Perunun birinci ledisinin həyatından bəhs olunacaq.

Peru prezidenti Olyanta Umalanın həyat yoldaşı Nadin Erediya 1976-cı il mayın 25-də paytaxt Lima şəhərində anadan olub. Onun ailəsi Limaya ölkənin ən kasıb əyalətlərindən olan Paukar del Saradan gələn hindu mənşəli keçua tayfasındandır. Orta məktəbi paytaxtda bitirdikdən sonra Nadin Erediya əvvəlcə Mariya de las Mersedes kollecində, sonra isə Lima universitetində kommunikasiya elmlərini öyrənib. 4 illik təhsilinin yekununda Nadin Erediya sosiologiya üzrə master (magistr) dərəcəsi alır.

1996-cı ildə tələbə ikən ilk dəfə Peru ordusunun zabiti və gələcək həyat yoldaşı Olyanta Umala ilə tanış olur. Umala Peru ilə Ekvador arasında yenicə baş verən və tarixə “Alto-Senepa” adı ilə daxil olmuş müharibədən geri dönmüşdü. 23 yaşlı Nadin Erediya aralarında 14 illik yaş fərqinə baxmayaraq 1999-cu ildə 37 yaşlı Olyanta Umala ilə ailə həyatı qurur. Bu nikahdan cütlüyün İllari, Nayra adlı qızları və Samin adlı oğlu dünyaya gəlib.


Olyanta Umala 2011-ci il iyulun 28-də Peru Millətçi Partiyasından prezidentliyə namizəd kimi seçkilərdə qalib gəlir. O, əsas rəqibi Keyko Fuximorini seçkilərin ikinci turunda məğlub edib. Umalanın 2-ci turda qələbəsində rol oynayan əsas səbəblərdən biri Perunun ən məşhur yazıçısı, Nobel mükafatı laureatı Mario Varqas Lyosanın dəstək məktubu olub. Digər səbəb isə Olyanta Umalanın prezident kampaniyasına həyat yoldaşı Nadin Erediyanın aktiv şəkildə dəstək olması idi.

Həyat yoldaşının sədri olduğu Peru Millətçi Partiyasını onunla birlikdə yaradan olan Nadin Erediya birinci ledi olduqudan sonra da öz siyasi aktivliyini davam etdirir. Ümumiyyətlə, daha çox aborigen hindu əhalinin maraqlarından çıxış edən Peru Millətçi Partiyası Sosializm İntrernasionalının üzvüdür və hakimiyyəti Kommunist Partiyası ilə bölüşür. Onlar birlikdə “Qalib Peru” siyasi alyansını yaradıblar.

Olyanta Umalanı ölkədaxili və xarici səfərlərində müşayiət edən birinci ledi solçu neososialist görüşlərə malikdir. Bu mənada onun siyasi görüşləri Venesuelanın mərhum  prezidenti Uqo Çavesin görüşlərinə yaxındır.

Peruda əhali arasında çox populyar olan Nadin Erediyanı ölkənin gələcək prezidenti kimi görmək istəyənlərin sayı artır. Ölkədə keçirilən sonuncu sosioloji sorğu da bunu sübut edir. Rəyi soruşulan peruluların 42%-i ölkədə ən nüfuzlu şəxsin preident Umala olduğunu desə də, 40% respondent Nadin Erediyanın adını çəkib. Əhalinin 62%-nin fikrincə, ölkənin gələcək prezidenti birinci ledi olacaq.

Ümumiyyətlə, Nadin Erediyanın siyasi çəkisinin artması ilk dəfə 2011-ci il noyabrında “Peru Ekonomiko” jurnalının tərtib etdiyi ən nüfuzlu siyasətçilərin reytinq cədvəlindən aydın oldu. Siyahıda üçüncü olan xanım Erediyadan öndə yalnız ölkənin o zamankı baş naziri və prezidenti dayandırdı. Ali təhsilli, enerjili 37 yaşlı Nadin Erediya ənənəvi olaraq kişilərin dominantlıq etdiyi Peru tarixində yeniliyə yol aça bilər. Özünün Twitter sosial şəbəkəsindəki ünvanında ölkədə gedən proseslər barədə müntəzəm şərhlər yazan perulu xanımın 12 milyondan artıq oxucusu var.



Nadin Erediyanın siyasi ambisiyaları və əri üzərində böyük təsirə malik olması barədə Peru ictimaiyyəti arasında gəzən söz-söhbətlər və şayiələr prezident dəftərxanasının sənədlərinin yayılmasından sonra daha da gücləndi. Sənədlərdə Nadin Erediya ölkə prezidentinin iştirak etmədiyi 46 xarici səfərdə olub. Səfər xərcləri isə dövlət büdcəsindən ödənilib. Lakin Peru Millətçi Partiyasının qurultayında prezidentliyə namizədliyi ilə bağlı səslənən ehtimallara, şayiələrə cavab verən xanım Erediya 2016-cı il prezident seçkilərində iştirak etməyəcəyini bildirib.

“Mən 2016-cı il seçkilərimdə iştirakımı təzkib edirəm. Demopkratik dəyərlərə malik Peru xalqı öz namizədini özü seçəcək”-deyə birinci ledi çıxışında qeyd edib.

Nəticədən asılı olmayaraq son illərdə Perunun iqtisadi göstəricilərinin yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi və demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasında prezident Olyanta Umalanın və birinci ledi Nadin Erediyanın böyük rolu var.
Üç övlad dünyaya gətiən, iki universitet bitirən Nadin Erediya gələcək siyasi karyerasının necə alınmasından asılı olmayaraq, Peru cəmiyyətindəki konservativ stereototipləri qırmaqla və xalqının rəğbətini qazanmaqla indidən ölkə tarixinə düşüb.













Vüqar İsmayılov  

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI