Modern.az

Namaz qılan, günahlarını təmizləyən sabiqlər - Eks-nazirlər, generallar, keçmiş başçılar

Namaz qılan, günahlarını təmizləyən sabiqlər - Eks-nazirlər, generallar, keçmiş başçılar

Reportaj

18 Mart 2024, 11:44

Xeyli vaxtdır müqəddəs Ramazan ayını yaşayırıq, qəlbində Allah sevgisi olan hər kəs bu ayda mümkün qədər pis işlərdən, günah əməllərdən qaçmağa çalışır. Eyni zamanda bacaranlar namaz qılıb oruc tuturlar.

Namaz qılmaq, oruc tutmaq İslam dininin 5 əsas şərtlərindən ikisidir (digərləri kəlmeyi-şəhadər, Həcc və zəkatdır). Dinimizdə bu şərtlər hər bir müsəlman üçün vacib buyurulub.

Namaz hər bir müsəlmanın Allah qarşısında bəndəlik borcu, vicdan vəzifəsidir.

Dinə görə, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Başqa sözlə, “namaz insanı günahlardan təmizləyir”, - deyirlər.

Yəqin ki, vəzifədə olarkən dinə-imana məhəl qoymayan bəzi sabiq məmurların sonradan namaza başlaması da vaxtilə işlətdikləri günahlardan təmizlənmək məqsədi daşıyır. Düşünürlər ki, Allaha tapınmaqla, namaz qılmaqla bağışlananlar sırasında olacaqlar.

Zaman-zaman Azərbaycanda vəzifədən çıxarılan sabiq məmurların namaza başladığı barədə xəbərlər yayılıb. Bunu özləri də sonradan təkzib etməyiblər.


Namaz qılan keçmiş məmurlara ilk nümunə kimi sabiq nəqliyyat naziri Ziya Məmmədovu göstərmək olar. Eks-nazirin vəzifəsini itirəndən sonra Allaha tapındığını ilk dəfə onun qardaşı, keçmiş deputat Elton Məmmədov Modern.az-a açıqlamış, “Ziya müəllim müqəddəs Qurani-Kərimi oxuyub təhlil edir”, - demişdi.

Elə bu açıqlama ilə yola çıxan bir sıra KİV-lər nazirin özünü də danışdırmış, haqqında yayılan xəbərə reaksiyasını öyrənmişdilər.

“İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur”, - deyən keçmiş nazir namaz qıldığını təsdiqləməli olmuşdu.

72 yaşlı Ziya Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Nazir işlədiyi müddətdə imkanlarından sui-istifadə edən Z.Məmmədov ailəsinə nəhəng şirkətlər yaratmışdı. Buna görə də o, ölkənin ən varlı oliqarxlarından biri sayılıb. Ziya Məmmədov və ailəsi vaxtilə bir sıra iri şirkətlərə sahib idi. Bunlar sırasında nazirin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi ZQAN Holdinq, “Bank of Azerbaijan”, “Qarant Sığorta”, ZQAN Construction, AZBENTONİT, “Delfin” və “Meridian” mehmanxanaları, daşınmaz əmlak şirkətləri, bir sıra şadlıq evləri və restoranlar, gips və çınqıl zavodlarının adları çəkilirdi. Həmin şirkətlərin hazırda da Məmmədovlar ailəsinin idarəetməsində olub-olmadığı barədə birmənalı məlumat yoxdur.

Eks-nazirin hazırda Bakıda yaşadığı, aradabir doğulduğu Ucar rayonuna gedib-gəldiyi, orada yaratdığı fermer təsərrüfatına baş çəkdiyi bildirilir. Qeyd olunur ki, keçmiş nazirin hazırda ölkədə və xaricdə kifayət qədər biznes obyekti var və o, həmin obyektlərin idarəetməsini oğlu Anar Məmmədovla birgə həyata keçirməklə məşğuldur.
 

Allaha sığınan sabiq vəzifəlilər sırasında növbəti ad kimi Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, general-mayor Zakir Nəsirovu qeyd etmək olar. 2005-ci ildə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması üçün həyata keçirilən “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilmiş general namaza Qobustan qapalı həbsxanasında başlamışdı. Bu barədə sonralar onun qohumları mətbuata açıqlamalarında məlumat vermişdilər. Qeyd olunurdu ki, Zakir müəllim həbsxanada oruc tutaraq, günahlarının bağışlanması üçün gecə-gündüz dua edib, gündə beş dəfə namaz qılıb. Hətta onun türmədə ərəb dilini yüksək səviyyədə öyrəndiyi də bildirilib. Z.Nəsirov 2017-ci il aprelin 6-da əfv fərmanı nətəcində azadlığa çıxıb.

Namaz qılan digər generalların olduğuna dair də məlumatlar var.


Məhbəsə düşdükdən sonra Allaha sığınan sabiq məmurlar sırasında daha bir neçə məşhurun adı çəkilir. Deyilənə görə, sabiq səhiyyə naziri Əli İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində Allaha dua etməklə günahlarının bağışlanmasını diləyirmiş. Onun həbsdən çıxandan sonra namaz qılmağa davam edib-etmədiyi barədə məlumat yoxdur.


Eyni sözləri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə də şamil etmək olar. 2005-ci ilin oktyabrında xidməti kabinetində həbs edilən keçmiş nazirin həbsxanada saxlanıldığı müddətdə ərəb dilini yüksək səviyyədə öyrəndiyi, namaz qılıb oruc tutmağa başladığı barədə məlumat yayılmışdı. Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən F.Əliyev ölkə başçısının 2013-cü ilin payızında imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da hazırda namaz qıldığı barədə xəbərlər var. Külli miqdarda korrupsiyaya görə ittiham olunan keçmiş nazir məhkəmənin hökmü ilə 11 il şərti cəza alıb. Əmlakı müsadirə olunan Səlim Müslümov səhhətindəki problemlə əlaqədar həbsxanaya göndərilməkdən canını qurtarıb.


İmişli rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin də türmədə ibadətə başladığı barədə məlumat yayılıb. Onun namaz qıldığı bildirilir.
İddia olunur ki, V.Hacıyev vəzifədə ikən işləri çox olduğundan ibadətə vaxt ayıra bilmirmiş. Yəqin ki, məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilən V.Hacıyevin bundan sonra ibadətlə məşğul olmaq üçün kifayət qədər zamanı olacaq.
 


2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Alimpaşa Məmmədov da təcridxana namaza başlayıb. Bu haqda məlumatı mediaya İşgəncələrə Qarşı Azərbaycan Komitəsi açıqlamışdı.
A.Məmmədov 2022-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittiham olunur.

Bəzi məlumatlara görə, hazırda vəzifə tutan məmurlar, deputatlar arasında da namaz qılan, oruc tutanlar az deyil, amma əksəriyyət bunun gizlin qalmasına çalışır, ibadət etdiklərini açıb-ağartmağı istəmir. Onların yüksək rəhbərlik tərəfindən sıxışdırılmaqdan ehtiyat etdikləri bildirilir.

Deyilənə görə, xüsusilə orta ranqlı məmurlar arasında inanclı adamlar daha çoxdur.

Namaz qılmaq vacib və ibrətamaz əməldir. Amma yaxşı olar ki, vəzifədə olarkən dini-imana məhəl qoymayıb, namazı yalnız yalnız işdən çıxarılandan sonra yadına salanlar Allahın hər zaman bizi gördüyünü unutmasınlar....

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi