Modern.az

Ermənistan işğaldakı 4 kəndi nə vaxt qaytarır? - Erməni deputat DANIŞDI

Ermənistan işğaldakı 4 kəndi nə vaxt qaytarır? - Erməni deputat DANIŞDI

Reportaj

27 Mart 2024, 10:38

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Tavuş bölgəsində yerli sakinlərlə görüşərkən Azərbaycanın tələb etdiyi 4 kəndin qısa zamanda geri qaytarılması zərurətindən danışıb. Nikol Paşinyan daha sonra - martın 20-də parlamentdə keçirilən “hökumət saatı”nda delimitasiya nəticəsində Azərbaycana qaytarılacaq ərazilərdən bəhs edərkən müharibə təhlükəsini nəzərə almağa çağırıb.
O, deyib ki, kəndlər tez bir zamanda qaytarılmasa, müharibə başlaya bilər.

Bəs ermənilərin 1990-92-ci illərdə qanunsuz olaraq Ermənistanın Tavuş rayonunun ərazisinə daxil etdikləri Azərbaycan kəndləri nə vaxt təhvil verilə bilər?

Modern.az xəbər verir ki, Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Lilit Minasyan “Azatutyun”a bildirib ki, sərhəd delimitasiyası komissiyaları Tavuş bölməsində ərazilərin köçürülməsi prosesinin necə baş verməsini anlamaq üçün sənədlər mübadiləsi aparır.
 

Nikol Paşinyanın deputatlarla qapalı görüşündə konkret tarixlər barədə danışıb-danışmadığını soruşduqda, Minasyan cavab verib ki, heç bir tarix qeyd olunmayıb.

“Paşinyan fraksiya ilə görüşdə vaxtın az olduğunu deyibmi” sualına deputat belə cavab verib:

“Mən bu ifadəni həqiqətən xatırlamıram, amma mən özüm bu sahəni araşdırıram və regionda hansı tektonik hərəkətlərin baş verdiyinə baxıram. Mən də hesab edirəm ki, bizim illərimiz yoxdur ki, bu problemi həll edə bilək”.

Ermənistanın 3-cü Ordu Korpusunun həmin ərazilərdən çıxarılmasının müzakirə edilib-edilmədiyi ilə bağlı suala Lilit Minasyan cavab verib ki, bu məsələ hələ də müzakirə olunur.

“Hər hansı hərəkətlərin olacağını dəqiq deyə bilmərik. Bütün bunlar hələ danışıqlar mərhələsindədir”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı.

Ermənilər 1990-92-ci illərdə işğal etdikləri bu kəndləri qanunsuz olaraq Ermənistanın Tavuş rayonu ərazisinə daxil ediblər.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla bu ilin martında keçirdiyi görüşdən sonra rəsmi Bakı işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyib.

“Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq", - deyə rəsmi Bakının bəyanatında vurğulanıb.
 

Ötən həftə Tavuş rayonunda məskunlaşmış ermənilərlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın işğal altında olan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana qaytarmağa məcbur olacaqlarını bildirib. Əks halda, o, müharibə olacağını istisna etməyib.

Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi