Modern.az

Məşhur filmin unudulmaz qəhrəmanı: Kişilərin “Robinzon”a qısqandığı AKTRİSA - FOTO

Məşhur filmin unudulmaz qəhrəmanı: Kişilərin “Robinzon”a qısqandığı AKTRİSA - FOTO

Reportaj

3 May 2024, 10:24

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii ki, cəlbedici süjet xətti və aktyor oyunudur.

Modern.az saytı tamaşaçıların maraqla izlədiyi və yaddaşlarda iz salan filmlərlə bağlı rubrikanı davam etdirir.

“Məşhur filmin unudulmaz qəhrəmanı” adlı rubrikamızda maraqlı filmlərdən yadda qalmış qəhrəmanların kim olduğu barədə qısa məlumat verir, onların keçmiş və indiki görüntüsünü şəkillərlə təqdim edirik.
 

1979-cu ildə SSRİ-də ilk dəfə ekranlara çıxan "Senyor Robinzon" adlı italyan komediyasına baxanlar düşünmürdülər ki, film az vaxta məşhurlaşacaq və qısa zamanda 52 milyon tamaşaçı tərəfindən izlənəcək. O zaman sovet tamaşaçıları – xüsusilə kişilər təkcə baş rolu oynayan komediya ustası Paolo Villaggionun şən ifasını bəyənməmişdilər, həm də onunla tərəf müqabili olan cazibədar aktrisa Zeudi Arayaya vurulmuşdular. Kişilər tünd dərili Zeudiyə yenidən baxmaq üçün dalbadal kinoteatrlara axışırdılar...

Filmə baxan bütün kişilər senyor Robinzonu qısqanır və bir gün belə yaraşıqlı qadınla kimsəsiz adada olmağı xəyal edirdilər. Hərçənd filmin bəzi səhnələri sovet vətəndaşlarına qadağan olduğu üçün kəsilmişdi.

Bəs bu Afrika gözəli kim idi və onun taleyi necə olub?


Qəhrəmanımız - aktrisa Zeudi Araya 10 fevral 1951-ci ildə Efiopiyada anadan olub. Onun atası ölkəsində məşhur siyasətçi və əyalətlərdən birinin qubernatoru, əmisi isə diplomat və Efiopiyanın İtaliyadakı səfiri idi.

Zeudidən başqa ailədə daha 7 uşaq böyüyürdü. Atası ona “Kraliçanın tacı” mənasını daşıyan ad vermişdi.

Zeudi Araya Efiopiyanın paytaxtı Əddis-Əbəbədə böyüyüb. O, müstəmləkəçilik dövründə Əddis-Əbəbədə qurulan italyan məktəbində təhsil alıb və 1969-cu ildə oranı bitirib. Məktəbdə italyan dilini mükəmməl şəkildə öyrənməsi sonralar onun karyera yüksəlişinə kömək edib.

1969-cu ildə Zeudi yerli gözəllik müsabiqəsində iştirak edərək “Miss Efiopiya” titulunu qazanıb. Lakin o, vətənində qalmayıb və 1970-ci illərin əvvəllərində İtaliyanın paytaxtı Romaya köçərək, orada karyera qurmaq qərarına gəlib. Bu işdə ona səfir vəzifəsində işləyən əmisi də dəstək olub.

Zeudi əvvəlcə İtaliyada ekzotik görünüşə malik olan gözəl model kimi çalışıb, sonra televiziyaya çıxıb. Onun televiziyadakı ilk işi qəhvə reklamına çəkilmək olub. Qısa müddətdə italyan rejissorların diqqətini çəkən efiopiyalı model tezliklə filmlərdə çəkilmək üçün də təkliflər alıb.


1971-ci ildən Zeudi "İtalyan Hollivudu" adlandırılan məşhur “Çineçitta” kinostudiyasında çəkilişlərdə iştirak etməyə başlayıb.

İlk vaxtlarda rejissorlar onun aktyorluq qabiliyyətini üzə çıxarmağa deyil, parlaq görünüşünü nümayiş etdirməyə çalışırdılar. Zeudi rejissor Luici Skattininin çəkdiyi erotik komediyalarda rol almağa başlayanda bu, onun mühafizəkar valideynlərini qəzəbləndirib. Anası və atası qızlarının açıq-saçıq səhnələrdə görünməsini istəmirdilər. Axı qubernatorun qızı və səfirin qardaşı qızı belə filmlərdə necə çəkilə bilərdi?!

Amma efiopiyalı gözəl geri çəkilmək niyyətində deyildi. Beləcə o, “Ay dərili qız”, “Bədən” adlı erotik filmlərdəki rolları ilə italyan tamaşaçılarının diqqətini çəkməyi bacarır.

Daha sonra "Qurban" adlı kriminal melodramında, "Günahkar" dramında, "Neapolitan detektiv" filmində, "Mənim xəzinəm" komediyasında, "Birinci gün" trillerində müxtəlif xarakterli obrazlar yaradır.

Bundan əlavə, Zeudi İtaliyada müğənni kimi də məşhurlaşır - 1973-cü ildə filmlər üçün öz mahnılarının disklərini yazdırır.

Zeudi onu dünyaya tanıdan filmə 1976-cı ildə çəkildi. “Senyor Robinzon” filmində o, Cümə rolunu oynamaqla məşhurlaşdı. Bu komediyada aktrisanın tərəf müqabili məşhur italyan aktyor Paolo Villaggio idi. Afrika kökənli qız necə deyərlər, bir andaca ölkəsinin hüdudlarından çox-çox uzaqlarda da tanınan simaya çevirildi.


“Senyor Robinzon” filmində tekstil maqnatı və hazır geyim mağazalar şəbəkəsinin sahibi Roberto (Robi) və həyat yoldaşı gəmi ilə səyahətə çıxırlar. Roberto yuxuda ikən gəmi qəzaya uğrayır və o, çətinliklə kimsəsiz bir adada sahilə çıxır. Tezliklə adada Robertonun Cümə adlandırdığı tünd dərili bir aborigen qız görünür. Robi onunla intim münasibət qurmağa can atır, lakin Cümə tanrı Magdunun qəzəbindən qorxaraq bundan imtina edir.

Ardınca Robini tünd dərili insanların qəbiləsinə aparırlar və orada da macəralarla qarşılaşır.

Tezliklə arvadı Magda Robinin arxasınca gəlir və o, sevimli Cümə ilə vidalaşmağa məcbur olur.

“Senyor Robinzon” filmi ilə məşhurlaşan aktrisa Zeudi Araya tünd dərili olsa da, İtaliyada kişilər tərəfindən bəyənilir və sevilirdi.


1983-cü ildə o, “Vides Cinematografica” kinostudiyasının sahibi və prodüseri Franko Kristaldi ilə ailə həyatı qurur.

İtalyan prodüser qızdan 27 yaş böyük idi. Evlənərkən onun 59, Zeudinun isə 32 yaşı vardı. Bu, Frankonun üçüncü evliliyi idi. Onun ikinci evliliyindən Massimo adlı bir oğlu dünyaya gəlmişdi.

Ərə gedəndən sonra Zeudi həyat yoldaşı Franko Kristaldinin filmlərində rol almağa başladı.

1992-ci ildə Franko Kristaldi öldü və onun mirası arvadı Zeudi ilə ikinci evliliyindən olan oğlu Massimo arasında bölündü.

Bir neçə ildən sonra Zeudi ikinci dəfə ərə getdi. Onun ikinci əri rejissor Massimo Spano idi. 1995-ci ildə cütlüyün Mikelancelo adlı bir oğlu dünyaya gəldi.

1995-ci ildən sonra Zeudi Araya filmlərə çəkilmir. Hazırda o, kinoprodüser kimi fəaliyyət göstərir.

Bu ilin fevralında Zeudi Arayanın 73 yaşı tamam olub. Amma bu yaşda da gözəlliyi və təravətini qoruyub saxlaya bilib. Aktrisa və prodüser bu gün də jurnallar üçün çəkilən fotoları ilə izləyicilərini heyran edir.


Bu gün bəziləri onun haqqında danışarkən deyirlər ki, Zeudi üçün zaman sanki dayanıb. 73 yaşlı Zeudi Araya sanki qocalmağı unudub və o məşhur filmdə çəkiləndən bəri xarici görünüşü azacıq dəyişib.


Ə.Qafarlı

***

Həmçinin oxu:

Məşhur filmin unudulmaz qəhrəmanı - Dəniz milyonları AĞLATMIŞDI - FOTO

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı