Modern.az

Prezident tədbirinin keçirildiyi Ramiz Qəmbərov küçəsi - Məşhur şuşalı kim idi...

Prezident tədbirinin keçirildiyi Ramiz Qəmbərov küçəsi - Məşhur şuşalı kim idi...

Reportaj

13 May 2024, 09:52

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada birinci yaşayış kompleksinin açılışı oldu. Dövlət başçısının şəhərə köçmüş ilk sakinlərlə görüşündən sonra yaşayış kompleksindəki mənzillərin açarları onlara təqdim edildi.

Yaşayış kompleksinin yerləşidiyi küçənin Ramiz Qəmbərovun adına verilməsi və açarların təqdimat mərasiminin üzərində “Ramiz Qəmbərov” yazılmış lövhənin önündə təşkil olunması diqqət çəkən xüsusi məqamlardan idi.

Kimdir Ramiz Qəmbərov?

Modern.az-ın məlumatına görə, Ramiz Bulud oğlu Qəmbərov Azərbaycanın Milli Qəhrəmanıdır.

Dosye: Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində doğulub. Orta məktəbdə yaxşı oxuduğundan və təşkilatçılığı gözəl bacardığından onu sinif nümayəndəsı seçmişdilər. O, oxuduğu müddətdə həm müəllimləri, həm də sinif yoldaşları tərəfindən çox sevilirdi.

R.QƏmbərov 1979-cu ildə H.Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbini bitirdikdən sonra, 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1982-ci ildə ordudan tərxis olunub və doğma Şuşaya qayıdıb.

Əmək fəaliyyətinə fəhləlikdən başlayan Ramiz Qəmbərov 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, işləyə-işləyə ali təhsilini qiyabi davam etdirib.

R.Qəmbərov 1988-ci ildə Xalq Hərəkatına qoşulub və Qarabağda başlayan erməni təcavüzünə qarşı ilk mübarizə aparanlardan biri olub. R.Qəmbərov ali təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın müdafiəsinə qalxanların ön sıralarında addımlayıb.

1988-ci ilə Qarabağdakı Topxana meşələrinin qırılması zamanı Ramiz Bakıya gəlib və televiziyada baş verənlər haqqında danışıb.

R.Qəmbərov 1992-ci ildə Şuşada könüllülərdən ibarət batalyon yaradıb və özü də həmin batalyona başçılıq edib. Onun komandiri olduğu batalyonda 500-ə yaxın könüllü əsgər vuruşurdu.
Hərbçi yoldaşları deyirlər ki, Ramiz əsl komandir idi, əsgərlərilə bərabər döyüşür, onlarla bir yeyir, bir kazarmada yatırdı.
Cəsur döyüşçü öz batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində vuruşub.

Qəmbərovalar ailəsində 4 oğlan,1 qız övladı böyüyürdü. Ramiz Qənbərovun digər qardaşları da onun qədər cəsur idi. Qardaşlardan biri Əfqanıstanda hərbi xidmətdə olmuş, digəri isə Şuşanın ilk girov götürülmüş 4 nəfər gəncindən biri olmuşdu. 40 gün girovluq həyatı yaşayan qardaşınin geri alınması ücün əlindən gələni edən Ramiz, sonra çıxış yolunun bir erməninin dəyişdirilməsində görür. Ramiz bir erməni əsirini verərək, qardaşı ilə birgə digər 3 nəfərin də həyatını xilas edib.

O vaxtlar mərkəzi hakimiyyət zəif, yerli dəstələrlə koordinasiya isə yox dərəcəsində idi. Buna görə müdafiə naziri Rəhim Qazıyev şəhərdəki hərbi dəstə komandirlərinin vahid komandan Elçin Məmmədova tabe olmasını tələb etmişdi.

Vaxtilə Şuşada icra nümayəndəsi işləmiş Vaqif Hüseynovun Modern.az-a müsahibəsindən:

"O vaxt vəzifəyə yeni təyin olunmuş icra başçısı Nizami Bəhmənov aprelin 17-də geniş iclas çağırdı. İclasa ağsaqqallar, məsul işçilər, hərbi dəstələrin rəhbərləri - Elçin Məmmədov, Tofiq Oğuz, Nail Kazımov, Məmməd Muradzadə, Əşrəf Fazili, Məmməd Abdullayev, Ramiz Qəmbərov, Fəxrəddin Səfərov və başqaları dəvət olunmuşdular. Nizami Bəhmənov tələb qoydu ki, şəhərdəki hərbi dəstələrin komandirləri vahid komandana tabe olmalıdırlar. Rəhim Qazıyev bu vəzifəyə Elçin Məmmədovu təyin edib.
“Odur ki,  burda hamı Qurana əl basıb, and içməlidir  ki, Elçin Məmmədova tabe olacaqlar. Çünki belə getsə, biz məhv olacağıq” deyirdi. Xeyli davam edən bu iclasda heç kimi yola gətirmək mümkün olmadı. Bu arada Rəhim Qazıyev zəng vurdu. Vəziyyəti soruşdu ki, onlar tabe olurlar ya yox. Bəhmənov dedi, yox. Dəstəyi rəhmətlik Ramiz Qəmbərov aldı və sərt qaydada dedi: "Bəy, mən görürəm Şuşa veriləcək, əgər Şuşa verilsə, burdakı komandirləri və səni şəxsən özüm güllələyəcəyəm!".
Çox çəkmədi ki, Ramiz Qəmbərov döyüşdə ölümcül yaralandı və rəhmətə getdi".
 



Erməni yaraqlıları 29 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücuma keçəndə R.Qəmbərov öz batalyonu ilə köməyə gedib. Düşmən xeyli itki versə də, geri çəkilmək bilməyib. Bu qeyri-bərabər döyüşdə igid komandir ağır yaralanıb. Bir gün sonra 1992-ci il aprelin 30-da o, dünyasını dəyişib.

Ramizin ölümü Şuşa üçün böyük itki idi. Döyüş yoldaşları, “Ramiz şəhid olmasaydı, Şuşanı itirməyəcəkdik” deyirdilər. 

Silah yoldaşları Ramizi Bakıda dəfn etmək istəsələr də, valideynləri buna razı olmayıb. Anası oğlunun torpaq uğrunda şəhid olan digər vətən övladlarından heç bir fərqi olmadığını deyərək, onu Şuşada, elə doğulduğu torpaqda da dəfn edilməsini istəyib. 

R.Qəmbərov Şuşa şəhərində dəfn edilib.

Ramiz şəhid olandan 8 gün sonra - 1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olundu.

Ramiz şəhid olanda 30 yaşı vardı. Hələ arzuları qarşıda idi, universiteti tamamlamaq, memar kimi Şuşanın qədim binalarını yenidən bərpa etmək istəyirdi. 

Ramiz Qəmbərov bu həyatdan subay köçdü, tək sevgilisi isə canından əziz bildiri  Şuşa idi.

Şəhid Ramiz Qəmbərovun ali məktəb diplomu çox sonralar anası Səkinə xanıma təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Ramiz Qəmbərov haqqında “Şuşalı şəhid” adlı film çəkilib. 
Qəhrəmanın şəkli Azərbaycan Memarlıq və İnşaat Universitetində divardan asılıb. Vətən uğrunda şəhid olmuş bu qərəman öz həyat və döyüş yolu ilə universitetdə təhsil alan bütün gənclərə nümunədir.




Ə.Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi