Modern.az

Savaşçı xanımlar: “Bacımın əşyalarını anamın məzarına qoyduq” - Rəhilə Orucovanın qardaşı ilə MÜSAHİBƏ

Savaşçı xanımlar: “Bacımın əşyalarını anamın məzarına qoyduq” - Rəhilə Orucovanın qardaşı ilə MÜSAHİBƏ

Reportaj

17 May 2024, 09:07

Şəhidlər Xiyabanında dəfn olunan ilk döyüşçü qadın haqqında bilmədikləriniz…

“Ona Milli Qəhrəman adını vermək istəmədilər”

Azərbaycan xanımları müxtəlif sahələrdə özlərini sübut ediblər, o cümlədən də hərb meydanında. Birinci və İkinci Qarabağ müharibəsində fəal iştirak edən, döyüşərkən şəhidlik zirvəsinə ucalan, yaralanan onlarla qızlarımız-qadınlarımız olub. Onlar həm döyüşüblər, həm yaralı əsgərimizə tibbi yardım göstəriblər, həm də ağır vəziyyətdə olan hərbçilərin daşınmasına kömək ediblər. Savaşçı xanımlarımız vətənpərvərliyi, fədakarlığı, mərdliyi, millətinə və  torpağına hədsiz sevgisi ilə hər birimizə örnəkdirlər.

Modern.az saytı xanım şəhidləri daha geniş şəkildə tanıtmaq məqsədilə başladığı “Savaşçı xanımlar” layihəsində növbəti yazını haqqında çox da məlumatlara rast gəlinməyən Birinci Qarabağ müharibəsinin şəhidi Rəhilə Orucovaya həsr edir.

Qeyd edək ki, Rəhilə Orucova Şəhidlər Xiyabanında dəfn olunan ilk döyüşçü qadındır.

ARAYIŞ: Rəhilə Əli qızı Orucova 1965-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. Daha sonra ailəsilə birlikdə Ağstafa rayonuna köçüb.
1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda orta təhsil alıb və 1979-cu ildən 1981-ci ilədək təhsilini Bakı şəhərindəki 109 nömrəli orta məktəbdə davam etdirib.
1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olub. Bu texnikumu bitirdikdən sonra əvvəlcə Bakı şəhəri Təcili Yardım Xəstəxanasının Reanimasiya şöbəsində işləyib, sonra isə Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında fəaliyyət göstərib.
Birinci Qarabağ müharibəsi başlayanda Rəhilə Orucova könüllü olaraq Milli Orduya yazılıb. O, ön cəbhədə həm tibb bacısı kimi fəaliyət göstərib, həm də Şahin Tağıyevin komandiri olduğu “Qurtuluş” batalyonunun sıravi əsgər kimi vuruşub.
1992-ci il mayın 11-də Ağdərə rayonunun keçmiş Marquşavan (indiki Şıxarx) kəndi istiqamətində gedən döyüşdə Rəhilə ağır yaralanıb. Döyüşçü yoldaşlarının dediyinə görə, Rəhiləyə ilkin tibbi yardım göstərilir, qıçındakı yarası sarınır. Daha sonra onu digər ağır yaralılarla birgə maşınla arxa cəbhəyə yola salırlar. Lakin həmin maşın yolda ermənilərin basdırdığı minaya düşür və Rəhilə də daxil olmaqla bütün yaralılar şəhid olur.
Rəhilə Orucova Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
1992-ci il sentyabr ayında Bakıda oxuduğu 109 nömrəli orta məktəbə şəhid Rəhilə Orucovanın adı verilib və orada büstü qoyulub.


"Qurtuluş" batalyonunun döyüşçüləri komandir, Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə (sağdan 1-ci)

Cəbhə yoldaşları və dostlarının dediyinə görə o, hələ sağlığında tez-tez Şəhidlər xiyabanına gedər, şəhidlərimizin məzarlarını ziyarət edərmiş. Bir dəfə şəhid jurnalist Salatın Əsgərovanın məzarı qarşısında dayanan Rəhilə Orucova “heyif deyil, bu dünyada Salatın kimi öləsən…”, - deyə şəhid olmağa həsəd aparıbmış. Onda yəqin ki, Rəhilənin heç ağlına belə gəlməzdi ki, özü də Salatın Əsgərovanın məzarının bir neçə addımlığında qəhrəmanlıq göstərərək şəhid kimi dəfn olunacaq.

Qəhrəmanımız barədə həmsöhbətimiz şəhidin qardaşı Azad Orucov olub.

- Azad bəy, bacınızı necə xatırlayırsınız, uşaqlığını, gəncliyini?

- Bacım təvazökar, işgüzar, hər zaman dediyini edən, bir işin sonunacan gedən bir qız idi. Bizim uşaqlığımız sovet dövrünə düşüb, şükürlər olsun, heç nəyə ehtiyacımız olmayıb.

- Rəhilə xanım xaraktercə necə insan idi?

- Çox vətənpərvər qız idi. Millətini və dövlətini sevirdi. Onun xarakterində rəhimlilik də vardı, qəddarlıq da… Eyni zamanda zarafatcıl və deyib-gülən idi…

- Necə olmuşdu ki, o, cəbhəyə getmək qərarı vermişdi?

- 1990-cı ildə Bakıda törədilən 20 Yanvar qətliamından sonra günlərlə evə gəlmirdi. Xəstəxanada gecə-gündüz yaralılara qulluq edirdi. Daha sonra Xocalı soyqırımı törədildi. Xocalı hadisəsi Rəhiləni çox təsirləndirmişdi.
Elə bu hadisələrin təsiri altında da könüllü olaraq Milli Orduya yazılıb cəbhəyə yollandı.

- Xatırlamırsınız, o, cəbhəyə gedəndə ailəniz bunu necə qarşılamışdı?

- O dedi ki, tibb bacısı kimi işdən cəbhə bölgəsinə növbə ilə göndərirlər. Ailəmizdə də heç kim heç nə demədi. Yəni könüllü getdiyini evdə bildirməmişdi.

- Rəhilə xanımın şəhid olması necə baş vermişdi və bu xəbəri nə vaxt almışdınız?

- Bu xəbəri alan zaman mən Bakıda universitetdə oxuyurdum. Dərsdən çıxıb evə gələndə xəbər tutdum ki, bacım şəhid olub. Təəssüf ki, Rəhilə bu həyatdan çox tez köçdü. O, şəhid olanda 26 yaşı var idi.
Rəhilə erməni snayperin açdığı atəş nəticəsində yaralanmış, sonra şəhid olmuşdu. Hadisə 1992-ci il mayın 11-də Ağdərə rayonunun o vaxtkı Marquşavan kəndi istiqamətində döyüşdə baş vermişdi. Onun meyiti döyüş bölgəsində qalmış, sonra çıxarılmışdı. Əslində o, cəbhəyə tibb bacısı kimi getmişdi. Amma döyüşlərdə də iştirak edirdi.

- Rəhilə xanım subay idi?

- Bəli. O vaxtkı vəziyyət onu ailə qurmaq haqqında düşündürməmişdi… Rəhilənin gənc yaşda cəbhəyə getməsi səbəbindən evlilik onun üçün arxa plana keçmişdi. Onu daha çox vətən, işğal olunmuş torpaqlar, cəbhədə vuruşan əsgərlər düşündürmüşdü…



- Onun adını əbədiləşdirmək üçün hansı işlər görülüb və siz bununla bağlı nələr istərdiniz?


- Bacımın adı təhsil aldığı 109 nömrəli tam orta məktəbə verilib. Bu da ki, məktəbin keçmiş direktoru Şəfiqə xanımın hesabına oldu. Mən də o məktəbin əlaçı şagirdlərindən biri olmuşam.
Təəssüf ki, Rəhilə xanımın adının əbədiləşdirilməsi üçün başqa heç bir iş görülməyib. Onun adının 109 nömrəli məktəbə verilməsi də güc-bəla ilə gerçəkləşdi. Şəhidin adı məktəbə veriləndən sonra gətirib orada büstü qoyulmalıydı. Amma inandırım sizi, Rəhilənin məktəbdəki büstü ailəmizin şəxsi büdcəsi hesabına  qoyulub.

- Bacınızın adı sizin nəsildə kiməsə verilibmi?

- Xeyr, verilməyib. İstədim onun adını qızıma verəm, amma anam razı olmadı. Dedi ki, “Rəhilənin həyatda bəxti gətirdimi, nəvəmin də bəxti gətirə”. Ona görə də ailədə etiraz olundu. Mən də anamın xətrinə dəyə bilmədim.

- Şəhidimizdən hansısa əşyalar yadigar qalıbmı?

- Bəli, qalmışdı. Amma anamın vəsiyyət vardı. Demişdi ki, vəfat edəndə Rəhilədən qalan  əşyaları da onunla birlikdə qəbirə qoyaq. Biz də belə etdik, anam vəfat edəndə Rəhilənin bütün əşyalarını onunla birgə qəbirə qoyduq.

- Rəhilə xanım haqqında heç yerdə getməyən nəsə başqa bir məlumatınız varmı?

- Rəhilə şəhid olmazdan 10-15 gün öncə birlikdə Şəhidlər xiyabanına getmişdik. O, Şəhidlər xiyabanına dəfn olunmuş döyüşçülərin məzarını ziyarət etdi. Orada qazılmış boş bir qəbir vardı. Heç kəs dəfn olunmamışdı. Həmin qəbirə baxıb dedim ki, buranı niyə qazıblar?.. Rəhilə gülümsəyib dedi ki, “əşşi, bura da mənim yerimdi də”. Doğrudan da həmin yer ona qismət oldu, bacımı o qəbirdə dəfn etdilər.

- Döyüş yoldaşları ilə söhbətləriniz olubmu və onlar Rəhilə xanım haqqında nələr danışıblar?

- Olub, hamısı ondan razılıq edir, ölümünə çox heyifsilənirdilər. Lakin hadisənin üstündən artıq 35 il keçib. Çox şeyləri xatırlaya bimirəm. Bunu xatırlayıram ki, o vaxt qəzetlərdə Rəhilə xanımın cəbhədəki şücaətindən, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan yazılmışdı.



- Ananız Rəhilə xanımın arzuları haqqında nələrsə deyirdimi, heç onun yuxularına gəlməyindən bəhs edirdimi?


- Anam çox istəyirdi ki, Rəhiləyə şəhid kimi Milli Qəhrəman adı verilsin. Amma buna nail ola bilmədik. O vaxt Müdafiə Nazirliyinə təqdimat göndərilmişdi, biz də müraciət etmişdik. Təəssüf ki, buna baxılmadı və bacıma lazımi qiymət verilmədi…
Rəhilə Orucova döyüşdə böyük şücaətlər göstərmişdi. Şəhidlər Xiyabanında dəfn olunan ilk döyüşçü qadın idi. Lakin ona heç bir status, təltif verilmədi. Bu münasibət bizim ailəni çox incitdi… Anam da Rəhiləyə görə bu dünyadan nisgilli köçüb getdi…
Rəhilə Orucova hətta mətbuatın da yadına düşməyib. İnternetdə də onunla bağlı geniş məlumat yoxdur. 3-4 il öncə Kukla Teatrının əməkdaşı Səidə xanım bizə gəlmişdi. Rəhilə haqqında xeyli  məlumat topladı. Lakin çəkəcəkləri filmin ssenarisi dəyişdiyinə görə, Rəhilənin adı da ora daxil edilmədi.

- Torpaqlarımız artıq işğaldan azad olunub. Heç ailədə kimsə təklif edibmi ki, Rəhilə xanımın şəhid olduğu yeri gedib ziyarət edəsiniz?
 
- Xeyr, həmin yerə gedə bilməmişik. Amma çox istəyərdik ki, gedib oranı ziyarət edək.


Xəyalə Bayramqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?