Modern.az

İbrahim Rəisinin ailəsi: xanımı, iki qızı, nəvələri...

İbrahim Rəisinin ailəsi: xanımı, iki qızı, nəvələri...

Reportaj

20 May 2024, 14:02

İranın helikopter qəzasında həlak olan prezidenti Seyid İbrahim Rəisi hazırda dünya mediasının ən çox müzakirə etdiyi dövlət başçısıdır.

Xarici KİV-lər İbrahim Rəisi ilə bağlı müxtəlif yazılar dərc edir. 

2021-ci iyununda İranın 8-ci prezidenti seçilmiş Seyid İbrahim Rəisinin ailəsi də diqqət mərkəzindədir.

Modern.az-ın məlumatına görə, İbrahim Rəisi özündən əvvəlki İran prezidentləri kimi ailəsini mediadan uzaq tutan ifrat mühafizəkar siyasətçilərdən idi.

Rəisi prezident postuna gəlməzdən öncə İranın baş prokuroru və  Məhkəmə sisteminin sədri vəzifələrində işləyib.

Mühafizəkar xəttin qatı tərəfdarlarından olan İbrahim Rəisinin xanımı, övladları – ailəsi xarici mətbuat üçün maraq doğursa da, bu haqda bəsit informasiyalar mövcuddur.

Ümumiyyətlə, İran siyasətçilərinin xanımları çox vaxt gözəgörünməz olurlar. Başqa sözlə, ictimaiyyət arasında fəallıq göstərmirlər. Onlar insanlar qarşısında nadir hallarda görünür, tədbirlərdə iştirak etmir, mətbuata çıxmır, jurnalistlərlə təmasda olmurlar. 

Doğrudur, İbrahim Rəisinin xanımı İranın əvvəlki birinci lediləri ilə müqayisədə müəyyən qədər istisna təşkil edir. 

İbrahim Rəisi 1960-cı il dekabrın 14-də İranın Məşhəd şəhərində anadan olub.

Karyerasına 1981-ci ildə Kereç şəhərinin prokuroru kimi başlayıb. Rəisi öz vəzifəsində sürətlə yüksəlib və 25 yaşında Tehranın baş prokurorunun müavini olub.

Rəisi 1988-ci ildə İran inqilabının lideri Xomeyninin göstərişi ilə həbsdə olan rejim əleyhdarlarını edam etməyə qərar verən dörd nəfərlik komitənin üzvü idi.

Xomeyninin ölümündən sonra dini rəhbər Əli Xamenei dövründə dövlət vəzifələrində sürətlə yüksələn Rəisi 1989-1994-cü illərdə Tehranın baş prokuroru vəzifəsində çalışıb. 1994-cü ildə Dövlət Auditi Qurumunun rəhbəri vəzifəsinə təyin olunan Rəisi 10 il bu vəzifədə qalıb.

İbrahim Rəisi 2004-cü ildə ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 2014-cü ildə İranın baş prokuroru vəzifəsinə təyin olunan Rəisi, 2016-cı ildə dini rəhbər Xamenei tərəfindən Məşhəd şəhərindəki İmam Rza Məqbərəsi və Külliyesi Fondunun rəhbəri təyin edilib.

2017-ci il mayın 19-da ölkədə keçirilən prezident seçkilərində də namizəd olan Rəisi o vaxtkı prezident Həsən Ruhaniyə məğlub olub.

Rəisi 2019-cu ilin martında İran Məhkəmə sisteminin rəhbərliyinə gətirilib.

18 iyun 2021-ci ildə İranda keçirilən seçkidə 62 faiz səs toplayan İbrahim Rəisi böyük fərqlə qalib gələrək ölkənin 8-ci prezidenti olub. Rəisinin prezidentliyi dövründə qonşularla münasibətləri prioritet hesab edən xarici siyasət yürüdülüb. Bu müddətdə Səudiyyə Ərəbistanı ilə əlaqələr 7 ildən sonra yenidən qurulub.

İbrahim Rəisi 2009-cu ildə siyasi məhbusların edamında və sosial iğtişaşların yatırılmasındakı roluna görə 2019-cu ilin noyabrında ABŞ tərəfindən sanksiya siyahısına salınıb.

Onun adı Xamneidən sonra ölkənin dini rəhbəri postunu tutmaq üçün mümkün namizədlər sırasında idi.

İbrahim Rəisi İranın ən nüfuzlu din adamlarından biri - Məşhəd şəhərinin imam cüməsi Əhməd Ələmolhodanın kürəkənidir. Əhməd Ələmolhoda həm də İranın dini lideri Xameneinin Xorasan vilayəti üzrə nümayəndəsidir.

İranın birinci xanımı Cəmilə Ələmolhoda (Jamileh Alamolhoda) 1965-ci ildə anadan olub. O, Məşhəd şəhərinin imam cüməsi Əhməd Ələmolhodanın böyük qızıdır.


İbrahim Rəisi ilə Cəmilə xanım 1983-cü ildə ailə qurublar. Bəzi məlumatlara görə, Rəisiyə ərə gedəndə Cəmilə Ələmolhoda 18 yaşında olub.

Cütlüyün iki qızı var. Adları açıqlanmayan və medianın tanımadığı prezident qızlarından biri Tehran Universitetində sosiologiya üzrə, digəri isə Texnologiya Universitetində fizika üzrə ali təhsil alıb.

İbrahim Rəisi ilə Cəmilə Ələmolhodanın iki nəvəsinin olduğu da bildirilir. Amma nə İran mətbuatı, nə də xarici KİV-lər qızlardan hansının evli, hansının subay olduğu barədə dəqiq informasiya yaymayıb.


İranda universitet təhsili almış birinci ledi Cəmilə Ələmolhodanın təhsil fəlsəfəsi üzrə doktorluq dərəcəsinə malikdir.  

Maraqlıdır ki, Cəmilə Ələmolhoda ərə gedəndən sonra ali təhsil alıb.

Hələ 2017 -ci ildə keçirilən prezident seçkiləri zamanı namizədlərdən biri olmuş İbrahim Rəisi o vaxt şəxsi həyatından danışarkən demişdi: “Evləndiyimiz ilk dönəmdə həyat yoldaşımın ali təhsil almaq istədiyini görürdüm. O, oxumağı çox istəyirdi. Məndən oxumağına icazə verib-verməyəcəyimi soruşdu. Dedim mütləq oxuyacaqsan”.

Bəzi məlumatlara görə, ali təhsilli olmasına baxmayaraq, Cəmilə Ələmolhodanın dünyagörüşü ailə ənənəsindən və mühafizəkarlıqdan qaynaqlanır, yəni qadının rolunun hər şeydən əvvəl ana və arvad olmaq olduğuna inanır.

İranın birinci xanımı hazırda Şəhid Beheşti adına Tehran Universitetinin dosentidir. Xanım Ələmolhoda bu universitetdə ali təhsil fəlsəfəsi, İslamda antropologiya, tədris metodları, təhsilin idarə olunmasının nəzəri əsasları, fəlsəfi məktəblər və təhsil baxışları mövzularında dərs deyir.

O, həmçinin Şəhid Beheşti adına Tehran Universitetində Elm və Texnologiyanın Fundamental Araşdırmaları İnstitutunun rəhbəridir.
2013-cü ildə qurulan bu tədqiqat institutunun vəzifəsi elm və texnologiyanın epistemoloji və sosial aspektlərini başa düşməyə və qiymətləndirməyə əsaslanan elm və texnologiya modellərini təqdim etməkdir.

Cəmilə Ələmolhoda 2020-ci ilin martından İran Mədəni İnqilab Ali Şurasının pedaqogika komissiyasına da rəhbərlik edir.

Birinci xanım atası kimi, İslam elminin böyüməsini dəstəkləməklə məşğuldur - İslami baxımdan sosial problemləri araşdırır. O, “İslam inkişafının islam nəzəriyyəsi” kitabının da müəllifidir. O, ümumilikdə 8 kitab yazıb.

Bəzi məlumatlara görə, İbrahim Rəisi 2017-ci ildəki prezident seçkilərində namizədliyini irəli sürmək qərarı verəndə arvadı Cəmilə Ələmolhoda o vaxt bu xəbəri eşidərkən həyəcandan huşunu itiribmiş.


Cəmilə Ələmolhoda 2021-ci il prezident seçkiləri zamanı Tehrandakı qadın toplantılarında ərinin təbliğatını aparması ilə də yadda qalıb.
 

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi də həyatını itirib.


Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi