Modern.az

Rəisi İranda həlak olan 2-ci prezidentdir - İlk hadisədə öldürülən KİM İDİ...

Rəisi İranda həlak olan 2-ci prezidentdir - İlk hadisədə öldürülən KİM İDİ...

Reportaj

21 May 2024, 14:24

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin helikopter qəzasında həlak olması dünyanın diqqətini qonşu ölkəyə yönəldib.

Xarici media mayın 19-da baş vermiş hadisəni müxtəlif tərəflərdən şərh edir. Versiyalar isə müxtəlifdir: qəza qatı dumanlı hava şəraiti səbəbindən baş verib; helikopterdə texniki nasazlıq olub; prezident təxribat nəticəsində sui-qəsdə məruz qalıb.

Təxribat versiyasını ortaya atanlar həm xarici, həm də daxili güclərdən bəhs edirlər. Yəni Rəisinin helikopterinə xaricdən müdaxilə olunması versiyası ilə yanaşı, daxildən – İrandan da bunun mümkünlüyü istisna edilmir.
İkinci versiya xüsusilə önə çəkilir. Çünki Rəisi həm da Xameneyidən sonra İranda ali rəhbər vəzifəsinə əsas namizədlərdən sayılırdı. İddialara görə, İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopter qəzası İran İslam Respublikasında hakimiyyət uğrunda gedən daxili siyasi mübarizənin nəticəsi ola bilər.

İranda ali lider Seyid Əli Xameneyinin qocalığı ilə əlaqədar (85 yaşı var-red.) hakimiyyət uğrunda mübarizə gedir. İddialara görə, Seyid Əli Xameneyinin ətrafı dini liderin oğlu Müctəba Xameneyini öz varisi kimi görmək istəyir. Bu səbəbdən də Rəisiyə sui-qəsd ediliə biləcəyi istisna olunmur.

Qeyd edək ki, 1979-cu ildə şahın devrilməsi ilə nəticələnən İslam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək 8 nəfər tutub: İbrahim Rəisi İranın 8-ci prezidenti idi.



Modern.az
-ın məlumatına görə, İrandakı mövcud rejim qurulandan bəri ikinci dəfədir ki, ölkədə prezident həlak olur.

1979-cu ilin fevralında İranda baş verən İslam inqilabı nəticəsində şah Məhəmməd Rza Pəhləvi devrilmiş, ailəsi isə İrandan sürgün edilmişdi.

Daha sonra İslam inqilabının lideri Seyid Ayətullah Ruhullah Xomeyninin göstərişilə yeni Konstitusiya hazırlanmışdı. 1979-cu ilin 2 dekabrında keçirilən referendum nəticəsində ölkənin yeni Konstitusiya qəbul edilmişdi. Konstitusiyaya əsasən, İslam İnqilabının Ali Rəhbəri dövlət başçısı, prezident və baş nazir isə hokumət başçısı olaraq müəyyən edilib. Baş nazir vəzifəsi sonradan, 1989-cu ildə ləğv olunub.
 

İranda prezident 4 illik müddətə seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz.

İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir.

Qanunla prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə ali rəhbərə müraciət etməlidir.

Ali rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.


İranın ilk prezidenti 4 fevral 1980-ci ildə seçilmiş Seyid Əbülhəsən Banisədr olub. O, 22 iyun 1981-ci ildə vəzifədən gedib. Onun vəzifədən gedişi İslam Şurası Məclisinin impiçmenti sayəsində baş tutub.

22 iyun 1981-ci il - 2 avqust 1981-ci il tarixlərində prezidentin səlahiyyətləri müvəqqəti olaraq Prezident Şurası həyata keçirib.

2 avqust 1981-ci ildə Məhəmmədəli Rəcai İran İslam Respublikasının ikinci prezidenti seçilib. Amma o, cəmi 28 gün hakimiyyətdə qala bilib.


Məhəmməd Rəcai 30 avqust 1981-ci ildə terror hücumu nəticəsində öldürülüb.


30 avqust 1981-ci il - 9 oktyabr 1981-ci il tarixlərində prezidentin səlahiyyətləri müvəqqəti olaraq Prezident Şurası həyata keçirib.
 

13 oktyabr 1981-ci ildə İrana yeni prezident seçilib. Bu, hazırkı ali rəhbər Seyid Əli Xameneyi olub. Xamenei 1985-ci ildə ikinci müddətə də prezident seçilə bilib və daha 4 il hakimiyyətdə qalıb.

3 avqust 1989-cu ildə prezident postuna Əkbər Rəfsəncani gəlib. O da 1997-ci ildə ikinci müddətə prezident seçilməklə daha 4 il postunu qoruyub.
 

3 avqust 1997-ci ildə Seyid Məhəmməd Hatəmi prezident kürsüsünə əyləşib və ard-arda iki dəfə bu posta seçilib. İkinci dəfə o, 8 avqust 2001-ci ildən 3 avqust 2005-ci ilə kimi hökuməti idarə edib.

3 avqust 2005-ci ildə Mahmud Əhmədinejad İranın yeni prezidenti seçilib. Əhmədineşad da 5 avqust 2009-cu ildə ikinci müddətə postunu qorumağı bacarıb. 3 avqust 2013-cü ildə vəzifəsilə vidalaşıb.

3 avqust 2013-cü ildə İran prezidenti vəzifəsinə Həsən Ruhani gəlib. O da iki dəfə ard-arda prezident seçilib. Ruhani ikinci dəfə 3 avqust 2017-ci ildən 3 avqust 2021-ci ilə kimi vəzifədə olub.
 

Nəhayət 3 avqust 2021-ci ildə ölkənin 8-ci prezidenti Seyid İbrahim Rəisi olub.

İndi İbrahim Rəisinin ölümü ilə əladəra İranda qarşıdakı 50 gün müddətində yeni prezident seçkiləri keçirilməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi, İranda İslam rejimi qurulandan bəri ikinci dəfədir ki, prezident həlak olur.

Bəs birinci hadisədə həlak olan prezident Məhəmmədəli Rəcai kim idi və onun ölümü necə baş verib.



Məhəmmədəli Rəcai 1933-cü ildə Qəzvin şəhərində dünyaya gəlmişdi. İlk təhsilini də bu şəhərdə alan Rəcai, 1948-ci ildə Tehrana gedərək orta təhsilini tamamlamışdı. 1959-cu ildə Ali Müəllimlər Məktəbində riyaziyyat bölümündən məzun olan Rəcai, Xansar, Qəzvin və Tehran kimi şəhərlərdə müəllim işləmişdi.

1961-ci ildə şaha qarşı Azadlıq hərəkatına üzv olduqdan sonra tutulan Rəcai 2 ay həbsdə yatmalı olmuşdu.

Həbsdən çıxdıqdan bir müddət sonra - 1971-ci ildə ölkə xaricinə çıxaraq, öncə Fransaya getmiş, ardınca bir müddət Türkiyə və Suriyada yaşamışdı.

Siyasi fəaliyətinə görə Rəcai 1975-ci ildə tutularaq İrandakı məşhir Qəsr-Qacar və Evin həbsxanalarında 4 il boyunca həbsdə yatmışdı.

1979-cu il inqilabının ən hərəkətli dönəmində digər məhkumlarla bərabər sərbəst buraxılan Məhəmməd Rəcai siyasi və mədəni fəaliyətlərini bərpa etmişdi.

Həbsdən çıxandan sonra dostları ilə Müəllimlər İslam Birliyi adlı təşkilatını qurmuşdu.

1979-cu ilin fevralında Xomeyninin rəhbərlik etdiyi İslam inqilabının qalib gəlməsindən sonra Rəcai Milli Təhsil Nazirliyinə işə götürülmüşdü.

M.Rəcai 1980-ci ildə Tehrandan millət vəkili seçilmişdi, ardınca 9 avqust 1980-ci ildə İslami Şura Məclisi tərəfindən Baş nazir postuna təyin olunmuşdu.

Bununla da o, İranın ilk Baş naziri kimi tarixə düşüb.

Rəcai ölkədəki siyasi atmosferin olduqca qarmaşıq olduğu, siyasi sui-qəsdlərin sıx-sıx yaşandığı bir Baş nazirlik dönəmi keçirib.

1981-ci ildə İslam Şurası Məclisinin impiçmenti sayəsində Əbülhəsən Bənisədrin prezidentlikdən uzaqlaşdırılması Rəcaiyə yeni imkan yaratdı. Belə ki, o, ali rəhbər İmam Xomeyninin təşəbbüsü ilə prezident postuna gətirildi.

1981-ci ildə Prezident sarayında törədilən partlayış nəticəsində Məhəmməd Rəcai həlak oldu. Bu hadisə zamanı o zamankı Baş nazir Məhəmməd Cavad Bahonar da öldü. Partlayış bombasını həmin məkana “Mücahidin-e-Xalq” üzvləri yerləşdirdirmişdilər. “Mücahidin-e-Xalq” mərkəzi qərargahı Albaniyada olan İran siyasi mühacirətinin ən böyük hərbi-siyasi təşkilatı idi.

İran mənbələrinin yazdığına görə, sadə yaşamıyla seçilən Rəcai “xalq adamı” adını ölənə qədər qorumağı bacarmış nadir siyasətçilərdəndir.
 



Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi