Modern.az

Ağacan Abiyev HARALARDADI...

Ağacan Abiyev HARALARDADI...

30 May 2024, 12:04

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat, din xadimlərinin hazırda harada olduğunu xəbər verir.



2010-2020-ci illərdə Milli Məclisin İntizam Komissiyasının sədri vəzifəsini tutmuş eks-deputat Ağacan Abiyev yəqin ki, tamamilə yaddan çıxmayıb.



Bu günlərdə sosial şəbəkədəki yaşlı deputatlarla bağlı bir müzakirədə Hadi Rəcəbli ilə yanaşı, Ağacan Abiyevin də adı dünyadan köçən eks-millət vəkilllərinin siyahısında göstərilmişdi.



Bu yanlışlıq diqqətimiz çəkdiyindən Ağacan Abiyevi axtarmağı qərara aldıq.



Əməkdaşımızın telefon zənginə cavab verən 87 yaşlı A.Abiyev haqqında yayılan yanlış məlumata gülərək reaksiya verdi və bildirdi ki, o mətbuatdan uzaq durmağa çalışır.



“Mən indi nə televiziyaya baxıram, nə də saytları və sosial şəbəkələri izləyirəm. Heç jurnalistlər üçün maraqlı adam da deyiləm. Pensiyada olmağıma baxmayaraq, yaşımın bu çağında da elmi araşdırmalarla, texniki yenilikləri izləməklə məşğulam. Eyni zamanda məni idman tədbirlərinə dəvət edirlər və ora gedirəm”.



Növbəti parlament seçkilərinin yaxınlaşmasına toxunan keçmiş deputat bildirdi ki, Milli Məclisə daha çox gənclərin seçilməsini istəyir:



“Parlamentə gənclər gəlməlidirlər – 30-35-40 yaşlı şəxslərin deputat seçilməsi yaxşı olar. Mənim kimi yaşlılar qoy gedib dincəlsinlər”.
 

Arayış: Ağacan Qulam oğlu Abiyev 1937-ci il noyabrın 24-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun Metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib.



1957-ci ildən «Neftçi» İdman Cəmiyyətində boks üzrə məşqçi işləyib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası kafedrasının müəllimi, 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışıb.



1987–2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olub.



Texnika üzrə fəlsəfə doktoru, professor, Əməkdar elm xadimidir. Eyni zamanda boks üzrə idman ustası və beynəlxalq dərəcəli hakimdir. 4 ixtirası var.



O, Azərbaycan Boks Federasiyasının prezidenti (1984-2009), Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin və Texniki Komissiyasının üzvü (1998-2006), Dünya Boks Federasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvü (2002-2012), Avropa Boks Federasiyasının (EABA) vitse-prezidenti (2002-2012), Afina-2004 XXVIlI Yay Olimpiya Oyunlarının boks üzrə baş hakimi, Azərbaycan Respublikanın Milli Olimpiya Komitəsinin baş katibi (1997-2021) olub.

Ağacan Abiyev Milli Məclisinin üç çağırış deputatı (2005, 2010, 2015) olub. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Elm və təhsil komitəsinin üzvü olub, İntizam komissiyasının sədri işləyib.



1991-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi va İdman xadimi" fəxri adına, 2001-ci ildə "Şöhret" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına, 2012-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 2017-ci ildə isə "Şərəf" ordeninə layiq görülüb.


Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var.



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?