Modern.az

Yüksək vəzifəyə təyinat alan mətbuat katibləri - Onlar KİMLƏRDİ...

Yüksək vəzifəyə təyinat alan mətbuat katibləri - Onlar KİMLƏRDİ...

Reportaj

1 İyun 2024, 17:09

Bir müddət öncə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri – mətbuat katibi vəzifəsindən azad olunan Cəsarət Valehov bu günlərdə yeni təyinat aldı. Bundan sonra o, mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışacaq.
Cəsarət Valehov 2013-2023-cü illərdə Elm və Təhsil Nazirliyinin mətbuat katibi postunda çalışıb.

Qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyindən çıxan mətbuat katibinin daha yüksək vəzifəyə getdiyi ilk hadisə deyil.

Bu nazirliyin əvvəlki mətbuat katibi Bayram Hüseynzadə də 2017-ci ildə yüksək vəzifəyə - Bakı Mühəndislik Universitetinin prorektoru postuna gedib.
B.Hüseynzadə 1998-2013-cü illərdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri – mətbuat katibi işləyib. O, həm də 2007-2017-ci illərdə nazirliyin rəsmi qəzetinin - “Azərbaycan müəllimi”nin baş redaktoru olub. 2017-ci ildə əvvəlcə Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru, 2024-cü ildə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat alıb.

Azərbaycanda mətbuat katibləri vəzifəyə ən çox gedən nazirlik Xarici İşlər Nazirliyidir (XİN).

2000-ci illərin əvvələrində XİN-in mətbuat əlaqələndiricisi olan Mətin Mirzə 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra diplomatiya sahəsində daha yüksək vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2013-cü ilin sentyabrından 2018-ci ilədək Çindəki səfirliyimizdə çalışıb. O. Hazırda Xarici İşlər Nazirliyi sistemində fəaliyyətini davam etdirir.

Daha sonra XİN-in mətbuat xidmətinə bir müddət Tahir Tağızadə rəhbərlik edib. O, 2007-ci ildə mətbuat xidmətinin rəhbəri postundan Azərbaycanın Çexiyadakı səfir vəzifəsinə təyinat alıb, 2014-cü ildə isə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
2021-ci il iyulun 23-də T.Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

2007-ci ildən XİN-in mətbuat xidmətinə rəhbərlik etməyə başlayan Xəzər İbrahim isə 2009-cu ildə Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir vəzifəsinə göndərilib, ardınca 16.08.2011-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. Daha sonra Xəzər İbrahim 5 oktyabr 2017-ci ildə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə  aparılıb.
2021-ci ilin iyulunda Xəzər İbrahim Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

2009-ci ildən XİN mətbuat xidmətinin rəhbəri postuna gətirilən Elxan Poluxov da sonradan səfir vəzifəsinə yüksəlib. Belə ki, iki il sonra – 15.03.2011-ci il tarixində ölkə Prezidentinin sərəncamı ilə Elxan Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilərək, o, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2016-cı ilin dekabrında Elxan Poluxov Azərbaycan Respublikasının Braziliyadakı diplomatik missiyasına rəhbər təyin edilib. O, həm də Azərbaycan səfiri kimi Qayana, Surinam, Ekvador və Trinidad və Tobaqoda akkreditə olunub.
Elxan Poluxov 2022-ci ilin oktyabrında Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2011-ci ilən 2014-cü ilin sentyabrnadək Xarici İşlər Nazirliyinin mətbuat katibi postuna Elman Abdullayev rəhbərlik edib. O da bu vəzifədə 3 illik fəalliyyətdən sonra səfir göndərilib. Belə ki, 18 sentyabr 2014-cü il tarixində Elman Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, 2020-ci ildək həmin vəzifədə çalışıb. Elə həmin ildə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

2014-cü ildən XİN-in növbəti mətbuat katibi olan Hikmət Hacıyevin bu postda çalışma müddəti təxminən 4 il sürdü (sentyabr 2014-sentyabr 2018).
2018-ci ilin sentyabrında o, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinə müdir müavini təyin olundu. 26 noyabr 2018-ci ildə bu şöbənin müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin olundu.
Hikmət Hacıyev hazırda da Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri  vəzifəsində çalışır.

2018-ci ilin oktyabrında XİN-in mətbuat katibi postuna Leyla Abdullayeva təyin edildi. Ölkə Prezidentinin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Leyla Abdullayeva daha yüksək vəzifəyə irəli çəkildi. Belə ki, o, Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Kənd Təsərrüfatı Nazirliyinin keçmiş mətbuat katibi Anar Hüseynov bu postdan yüksək vəzifəyə irəli çəkilənlərdəndir. O, hələ nazirliyə gəlməzdən öncə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibliyindən azad edilib və “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin olunub. O bu vəzifədə 2021-ci ilin aprelinə kimi işləyib. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparatında Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edilib.
Hazırda Anar Hüseynov Ali Məhkəmənin PR məsələlərinə rəhbərlik edir.
 

Əvvəllər “Kapital Bank”ın mətbuat katibi işləmiş Pərviz Sədrəddinov da daha yüksək vəzifəyə təyinat alanlardandır. Belə ki, o, 2023-cü ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Uzun müddət Dövlət Təhlükəsizliyi Xidmətində İctimai Əlaqələr Mərkəzinin rəisi (mətbuat katibi) vəzifəsində xidmət etmiş polkovnik Arif Babayev 2022-ci ilin avqustinda Müdafiə Sənayesi Nazirliyinə müşavir vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə", "Qüsursuz xidmətə görə" I dərəcəli medalı, "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı və ilə təltif edilib.

Əməkdar jurnalist Füzuli İsmayılov da mətbuat katibi postundan daha yüksək vəzifəyə gedən həmkarlarımız sırasındadır. O, 1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci il avqustun 1-dən İctimai Televiziyada fəaliyyətini davam etdirib. Gənclər və İdman verilişləri departamentinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin Baş redaktoru, Kino və dublyaj departamentinin və Analitik proqramlar departamentinin direktoru vəzifələrində çalışıb. Direktorlar Şurasının üzvü olub. Həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm-Ailəm" verilişlərinin müəllifi və aparıcısı olub. "Xalq seçir"-Prezident seçkiləri-2013 teledebatlarına moderatorluq edib.
Füzuli İsmayılov 2014-cü ildən 2018-ci ilin oktyabr ayına qədər Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb.
2018-ci ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi - mətbuat katibi təyin edilib.
F.İsmayılov hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenantdır. O, Prezidenti İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilib, 2017-ci il 16 mart tarixində isə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?