Modern.az

Öz həyatını qurban verən polislərə ləkə yapışmaz

Öz həyatını qurban verən polislərə ləkə yapışmaz

Reportaj

27 İyun 2024, 19:16

Sosial şəbəkələrdəki bir qrup qaraguruh, xaricdəki söyüş müxalifəti yenə öz ampulasındadır. İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əməliyyat zamanı qətlə yetirilən 3 polis əməkdaşının faciəsinə xaricdəki söyüş müxalifətinin sosial media üzərindən verilən kobud, iyrənc reaksiyalar insanlıqdankənar, mərhəmət hissindən uzaq, ədalətsiz bir mövqe nümayişidir. Faciə əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun saxlanılması zamanı onun polislərə silahlı müqaviməti ilə baş verib. Yəni, polisin öz vəzifəsini yerinə yetirərkən qətlə yetirilməsi faktı ortada ikən, hadisəyə başqa don geyindirmək, polisi ləkələyən cümlələr tələffüz etmək haqsızlıqla yanaşı, vəfat edənlərin ailəsinin heysiyyatına toxunmaqdır. 

 

Hadisəni törədən şəxsin 3 polis əməkdaşı ilə yanaşı, bir mülkü vətəndaşın da ölümünə bais olması niyə cəmiyyətdəki mənfi təzahürlərin, cinayətkar xislətli və əməlli insanların üzərinə getmək əvəzinə, asayişin qorunması, təhlükəsizliyin təminatı vəzifəsini yerinə yetirən polisi tənqid etmək həvəsi yaradır?! Üstəlik, nəzərə alsaq ki, o polislər həyatlarını itiriblər?! Elə çıxır ki, kompüter arxasında oturub, sosial şəbəkələrdə rəy yazanlar bu hadisənin detallarına dair Daxili İşlər Nazirliyi və Baş Prokurorluq hələ araşdırma, istintaq aparmamış çox şeylər bilirlər. Mümkündürmü? Əsla! Dedi-qodular, bəsit, ləkələyici ehtimallar, uşaq kimi nağıllar uydurmaq cinayətin nə sübutudur, nə də qanunun öz yerini tapmasına kömək edən yoldur.      

 

Dalğa hardan gəlir bəllidir. Məsələ həmişəki kimi xaricdə oturub Azərbaycan düşmənçiliyi aparanlarla daxildə dövlətə zərbə vuranların mənafe ortaqlığıdır: İstənilən hadisədən hakimiyyət əleyhinə “fakt” kimi yararlanmaq, tənqid “predmeti” əldə ermək, Azərbaycanı nüfuzdan salmaq, dövlətin bel sütunu olan daxili işlər orqanlarına çamur atmaq. 

 

Bu tipli insanlar Azərbaycanın Qarabağ kimi möhtəşəm uğurunda xoş sözlərə müəlliflik etmədilərsə, qürur hisslərini sezdirmədilərsə, digər məsələlərdə onlardan obyektivlik, təəssübkeşlik, qürur, vicdani davranış gözləmək mənasızdır. 

 

Son hadisə polisin üzərinə getmək, onu cəmiyyətdə mənfi obrazda tanıtmaq üçün xaricdəki dövlət düşmənlərinin, daxildə onlarla həmrəy olanların əlinə heç bir fürsət verə bilməz. Çünki bu ölkənin polisi kimdir-onu bəsirət gözü açıq, vicdanı yerində olanlar gözəl bilirlər!

 

Polis vaxtilə xaos, vətəndaş qarşıdurması yaşamış bu ölkədə 30 ildir sabitliyi tam bərpa etmiş möhtəşəm gücdür! İnsanların təhlükəsizliyini, asayişini qoruyan xidməti vətəndaşdır! Polis işğaldan azad olunan torpaqlarımızda təhlükəsizliyin keşiyində dayanan fədakardır! Polis qanunun keşiyində duraraq öz həyatını riskə qoyan, ölümü gözə alan, həyatını qurban verəndir! Şüvəlanda qətlə yetirən 3 polis əməkdaşı kimi!

 

Elman Babayev 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?