Modern.az

Bingöl, Tunceli, Elazığ möcüzəsi - Azərbaycanlı jurnalistin Türkiyə QEYDLƏRİ

Bingöl, Tunceli, Elazığ möcüzəsi - Azərbaycanlı jurnalistin Türkiyə QEYDLƏRİ

Reportaj

1 İyul 2024, 16:01

Bir çox insanlar fikrini daha yaxşı ifadə etmək üçün konkret sitatlara yer verirlər. Bu qəbildən olan atalar sözlərindən birini xatırlayaq: "Çox oxuyan yox, çox gəzən çox bilər".

Türkiyə Turizmin İnkişafı Agentliyinin təşkil etdiyi səfər gəzib-görmək üçün yaxşı fürsət idi və bunu dəyərləndirməmək olmazdı.

24 iyunda Azərbaycan və Gürcüstandan olan jurnalistlər qrupu ilə Türkiyə yolla düşənlər arasında mən də vardım.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qalxan təyyarəmiz bir də İstanbulda eniş etdi.

Oradan isə daha yaxından tanıyacağımız Bingöl şəhərinə səfər etdik.

Şəhər bizi 35 dərəcə isti ilə qarşıladı.

Amma hava şəraiti ilə əlaqədar keçirdiyimiz narahatlıq bir azdan şəhərdə qarşılaşacağımız insanların içimizə sərinlik qatan isti və səmimi münasibətiylə tamamən unudulacaqdı.

Bingöl Hava Limanını tərk edəndən sonra əvvəlcə səfər bələdçimiz Mustafa Yalçınkaya ilə tanış olduq, ardınca qalacağımız otelə üz tutduq. Bir neçə saat ərzində səfər yorğunluğunu üzərimizdən atdıb Bingölün kəşfinə başladıq.

Jurnalist heyətinə bələdçilik edən Mustafa Yalçınqaya Bingöllə bağlı bizə qiymətli bilgilər verdi.

Mustafa bəy pafosdan uzaq şəkildə Bingölün insanların sıxlıqla axışdığı turizm şəhərlərindən biri olmadığını etiraf etdi.

Lakin Bingöl də Türkiyənin digər bölgələri kimi öz zəngin və maraqlı xüsusiyyətlərinə görə seçilir.

Bu regionda yaşayanların böyük qismi kürdlərdir və onların danışıq zamanı istifadə etdiyi dil zaza dili adlanır. Şəhər sakinləri özünəməxsus qonaqpərvərliyi ilə seçilirlər.

Bingölün ləziz təamlarından hazırlanan süfrənin ətrafına toplaşan andan bunun canlı şahidi olduq. Yeməkdən söz düşmüşkən, ət qovurması yerli əhalinin sevərək hazırladığı, bəh-bəhlə nuş edilən ən fərqli təamlardan biridir.

Bingöl bölgəsi dağlıq ərazi olduğundan heyvandarlığın inkişaf etdiyi yer sayılır. Şəhər içərisindən keçərkən Hindistandakı kimi inəklərin heç nəyə məhəl qoymadan sərbəst hərəkət etdiklərini görmək olurdu.

Arıçılıq da Bingöldə inkişaf edən sahələrdəndir. Təsadüfi deyil ki, Bingöl Türkiyədə təmiz balın məskəni sayılır.

Yerli əkinçilikdə qoz ağaclarının yetişdirilməsinə üstünlük verilir.

Bir maraqlı faktı da sizinlə bölüşmək istəyirəm: dünyaca məşhur “Kığılı” geyim brendinin adı da Bingölün Kı kəndindən götürülüb.

Bu da Mustafa bəyin bizə söylədiklərinin ümumi və qısa xülassəsi...

Lakin hər şey bununla bitmirdi.

Şəhərin Solhan bölgəsində “Üzən adalar” deyilən möcüzəvi bir istirahət mərkəzi var.

Bu adada olub-bitənlər insanı sanki hansısa nağıllar aləminə aparır.

Yeni evlənən cütlüklər burada toy çəkilişləri edirlər.

“Üzən adalar” təsirinə düşən azərbaycanlı və gürcü jurnalistlər qrupu elə bil sehrli bir dünyadaydı.. Sözlə ifadə edilməyəcək qədər möhtəşəm mənzərə çox ürəkaçan idi.

Ana təbiətin içərisindən gələn səslər sanki gözəl ifa olunan orkestr musiqisindəki drijor çubuğunu əvəz edirdi.

Bura təkcə “Üzən adalar” deyil, həm də möcüzələr adasıdır.

Beləcə, Bingöllə tanışlığımız tamamlandı, lakin bu da hələ son deyildi...

İyunun 25-də qardaş Türkiyənin Tunceli şəhərinə yollandıq.

5500 ildən çox tarixə sahib qədim Tunceli eramızdan əvvəlki dövrlərdən qurulmağa başlanıb. Şəhər indi də Anadolu bölgəsinin müxtəlif sivilizasiyalarının, xüsusən də subarlar və urartuluların izlərini daşıyır.

Urartululardan sonra bölgədə farslar, romalılar, səlcuqlular və osmanlılar hakim olublar. Bölgənin tarixindəki ən mühüm hadisələrdən biri də “Dərsim üsyanı”dır. Cümhuriyyət dövründə baş verən bu üsyan regionda dönüş nöqtəsi hesab olunur.

Yeni qurulan Türkiyə Cümhuriyyətinin rəhbərləri Osmanlı dövründən davam edən şeyxlik, ağalıq, seyidlik kimi təşkilatları rejimin gələcəyi baxımından təhdid olaraq görürdülər.

1920-ci illərin ortalarından etibarən dövlətin milliyyətçiliyə yönəlməsi, Türkiyədə yaşayan hər kəsi türk olaraq xarakterizə etməsi və türkləşdirmə siyasətinin tətbiqinə başlanılması ölkənin şərqindəki kürd vətəndaşların etirazına səbəb olub.

Bu reaksiyalar üsyan nöqtəsinə çatdığı zaman isə dövrün Cümhuriyyət Xalq Partiyası (CHP) hökuməti üsyanları sərt tədbirlərlə yatırmağa çalışır. O dövrdə baş verən üsyanlardan birinin adı “Dərsim üsyanı”dır. 1937-ci ildə başlayan hərəkat 1938-ci ilin sonlarına qədər davam edib və etirazçıların müqaviməti uğursuzluqla nəticələnib.

Dərsim Türkiyənin Tunceli vilayətində yerləşən dağlıq bölgənin adıdır. Burada yaşayan əhali milliyətcə kürd, dini-məzhəbi cəhətdən isə Ələvi şiələridir.

Tarixdən söz açmışkən, Tunceli muzeyi barəsində də danışmasaq olmaz.

Muzey 2020-ci ildən etibarən qapılarını ziyarətçilərinin üzünə açıb. Əvvəlcə 1937-ci ildə kazarma kimi tikilib, sonra muzeyə çevrilib. İndi burada Paleolit dövründən ta Cümhuriyyət dövrünə qədər olan bir sıra eksponatlar nümayiş etdirilir. Muzeyin məqsədi bölgənin arxeoloji, tarixi və mədəni dəyərlərini bölgəyə turistlərə tanıtmaqdır.

Muzeydə konsertlər, tamaşalar və digər tədbirlər də keçirilir. Bundan əlavə, muzeydə “İnanclar” bölməsinə aid olan 10.000 cildlik kitabxana var.

Tunceli şəhərinin ən görməli yerlərindən biri də Munzur çayı Milli Parkının ərazisidir. Bura ayaq basdığımız ilk andan gözəl təbiət mənzərəsi və çayın şırıltılı səsi insanın ruhunu rahatladır, sanki özünü başqa bir dünyada hiss edirsən.

Bir az da çayın digər fərqli özəlliklərindən bəhs edim.

Munzur dağlarının Ovacıq kəndi yaxınlığındakı böyük bulaqlardan çıxan su Fərat çayına qarışır. Munzur çayının ətrafı Türkiyədə çox az yayılan təbii ağcaqayın ağacları ilə örtülüdür. Şərqdən gələn Mercan suyunu da qəbul edən Munzur vadisi qırmızı alabalıqlarının da əsas məkanlarındandır. Palıd ağaclarının üstünlük təşkil etdiyi Milli Parkda ayı, canavar, buynuzlu dağ keçisi və su samuru kimi heyvanlara da rast gəlmək olur.

Bütün bu gördüklərimizdən və eşitdiklərimizdən bir daha aydın olur ki, Tunceli şəhəri də Türkiyənin tarixi və coğrafi baxımdan ən diqqətçəkən yerlərindəndir.

Bu bölgəylə də tanışlığımız yekunlaşdı. Səfərimiz isə davam edirdi...

İyununun 26-da - səyahətimizin 3-cü günündə Elazığ şəhərinə getdik.

Elazığa gəmi ilə - Fərat çayının üzərindən keçərək üzdük.

Burada da əsrarəngiz, göz oxşayan mənzərə hakim idi.

Dağların görüntüsü, çayın və quşların bir-biriylə vəhdət təşkil edən səsi... Bunların biri digərini tamamlayırdı. Sanki bir sehrli aləmdən çıxıb yenə də başqasına girmişdik...

Elazığ eramızdan əvvəl 4000-ci ildə qurulan düzənlikdəki Harput şəhərinin davamıdır. Bu səbəbdən illər boyu Harput adlandırılıb.

1862-ci ildə Osmanlı sultanı Əbdüləzizin taxta çıxmasından sonra səslənən bir çox təkliflər nəticəsində bura Ma'mûretü'l-Aziz Vilayəti adıanıb. Lakin tələffüz etmək çətin olduğundan camaat arasında sadəcə El-Eziz deyilib. 1937-ci ildən rəsmi şəkildə El-Ezizin adı Elazığ olaraq dəyişdirilib.

Bölgənin ən görməli yerlərindən biri Harput qalasıdır.

Bu qala eramızdan əvvəl 8-ci əsrdə urartulular tərəfindən tikilib. Harput qalasına “Süd qalası” da deyilir. Qalanın inşası zamanı hökm sürən quraqlıq səbəbindən suyun əvəzinə yerli heyvanların südündən istifadə edildiyi barədə şayiələr gəzir.

Harput ərazisinin qədimliyini əks etdirən məkanlardan biri də Şefik Gül Mədəniyyət Evidir. 

Osmanlı İmperatorluğundan başlayaraq muzeyə çevrilənə qədərki tarixi bu evi xatirələri və hekayələri ilə daha da dəyərli edib. İlk sahibi Saraylı Məhərrəm Ağa olub və bu günə qədər dəfələrlə əl dəyişdirən malikanəni sonuncu dəfə Elazığ markası “Gülsan” firmalarının sahibi Şefik Gül alıb. Köşk çox ciddi şəkildə orijinal vəziyyətinə qaytarılıb. Bölgədən etnoqrafik əşyalar toplandıqdan sonra bina Şefik Gül Mədəniyyət Evi olaraq istifadəyə verilib.

1156-1157-ci illərdə inşa edilən Harput Ulu Məscidi də indiki Elazığ əyalətində keçmiş dövrün nümunələrindən biri kimi qorunub saxlanılır.

Həmçinin Anadolunun ən qədim məscidlərindən biri hesab olunur.

Məscidin həyətində səcdədə dayanan insan görüntüsünə bənzəyən tut ağacı da bura gələnlərin diqqətindən qaçmır.

Hər halda, buna da Allahın yaratdığı təbiət möcüzələrindən biri kimi baxmalıyıq...

Beləcə, həm Bingöl, həm Tunceli, həm də Elazığ bölgəsi bizi bir çox tərəfləri ilə yaxşı mənada təəccübləndirdi.

Qardaş Türkiyəyə üç günlük səfərimiz başa çatdı.






P.S.
Təşkilatçılığa görə Türkiyənin Turizmin İnkişafı Agentliyinə təşəkkürümüzü bildiririk.

Heydər İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ