Modern.az

Savaşçı xanımlar: Kişi adı ilə döyüşən zərif qəhrəman - Bacısı ona şəhid statusu istəyir - FOTOLAR

Savaşçı xanımlar: Kişi adı ilə döyüşən zərif qəhrəman - Bacısı ona şəhid statusu istəyir - FOTOLAR

Reportaj

2 İyul 2024, 13:20

Azərbaycan xanımları hər sahədə özlərini sübut ediblər, o cümlədən də hərb meydanında. Birinci və İkinci Qarabağ müharibəsində fəal iştirak edən, döyüşərkən şəhidlik zirvəsinə ucalan, yaralanan onlarla qızlarımız-qadınlarımız olub. Onlar həm döyüşüblər, həm yaralı əsgərimizə tibbi yardım göstəriblər, həm də ağır vəziyyətdə olan hərbçilərin daşınmasına kömək ediblər. Savaşçı xanımlarımız vətənpərvərliyi, fədakarlığı, mərdliyi, millətinə və  torpağına hədsiz sevgisi ilə hər birimizə örənəkdirlər.

Modern.az saytı “Savaşçı xanımlar” layihəsinə davam edir. Bu dəfə haqqında söhbət açdığımız döyüşçü xanım Birinci Qarabağ müharibəsinin iştirakçısı Vəfa Dəmirçi qızı Mansurovadır.


ARAYIŞ:
Vəfa Dəmirçi qızı Mansurova 1966-cı ilin iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1991-ci ildə Daş Salahlı kəndində özünümadafiə batalyonu yaranıb. Könüllülərdən ibarət bu dəstə Qazax rayon hərbi Kommisarlığında qeydiyyatdan keçəndən sonra 707 saylı hərbi hissə kimi rəsmiləşib. Hərbi hissəyə Sarxan Namaz oğlu Nəbiyev komandirlik edib.

Vəfa Mansurova həmin özünümadafiə batalyonuna qoşulan ilk könüllülərdən biri olub. Onu qeydiyyata götürəndə hərbi hissədə bildiriblər ki, “biz səni ancaq aşpaz və ya təmizlik işçisi kimi qeyd edə bilərik. Bizdə qızlar üçün əsgəri xidmət olmadığına görə, sənidöyüşçü kimi qəbul etmək mümkün deyil”.
Lakin hərbi hissədəkilər Vəfanın atıcılıq məharətini gördükdə, xarici görkəmindən də oğlana oxşarlığı diqqət çəkdiyindən onu “Vəfadar Dəmirçi oğlu Mansurov” kimi siyahıya yazıblar. Beləcə, Vəfa Mansurova kişi ad-soyadı ilə atıcı-döyüşçü kimi hərbi hissəyə xidmətə qəbul edilib.

Vəfa Mansurova 1993-cü ilin sonlarına qədər döyüşlərdə iştirak edib. Daha sonra tərxis olunaraq, evlərinə qayıdıb. Lakin hərbi xidmət zamanı aldığı psixoloji travma və xəsarətlər onun səhhətinə ciddi təsir edib. Ordu sıralarından evə qayıtdıqdan sonra xəstələnən V.Mansurova 24 aprel 1998-ci ildə vəfat edib. O, Daş Salahlı qəbristanlığında, mənsub olduğu Qayalılar nəslinin arasında dəfn olunub. Adına Qazax rayonunun mərkəzində, Şəhidlər kompleksinə yaxın yerdə bulaq inşa edilib.

Yaxınları canını, könlünü Vətənə fəda edən, qəhrəmanlığı ilə el arasından ad-san qazanan bu vətənpərvər xanıma şəhid adı verilməsini istəyirlər, amma hələ ki buna nail ola bilməyiblər.

Modern.az saytı savaşçı xanımın bacısı Zərəngiz Mansurova ilə həmsöhbət olub.

- Zərəngiz xanım, bacınızı necə xatırlayırsınız, uşaqlığını, gəncliyini?

- Vəfa ailədə, nəsildə, məktəbdə çox istiqanlı qız idi. Hər şeyə reaksiya verirdi. Çox vətənpərvər və qohumcanlı idi. 1990-cı ildə törədilən 20 Yanvar hadisələrindən Vəfa çox təsirlənmişdi. İndi də yadımdadır, o, Bakıya gələndə öncə Şəhidlər Xiyabanına getmişdi. Xalqın dərdini, millətin başına gələn müsibətləri içində yaşayırdı. Yaşı az olmasına baxmayaraq, çox təəssübkeş qız idi.


- Necə olmuşdu ki, o, cəbhəyə getmək qərarı vermişdi?


- Bizim kəndimiz Ermənistanla sərhəddə yerləşir. Vəfa atama cəbhəyə getmək istədyini bildirmişdi. O, deyirdi ki, “Vətənə, torpağa sahib çıxmaq lazımdır. Ermənilər hər an bizim də evimizə gələ bilərlər”. O vaxt bizim evdə ehtiyat silah var idi.  Vəfa silahı da götürüb cəbhəyə yollanmışdı.

- Xatırlamırsınız, o, cəbhəyə gedəndə atanız bunu necə qarşılamışdı?

- Atam o zaman Vəfa ilə qürur duyurdu. Onun bu hərəkətini fəxrlə qarşılamışdı. Vəfanın cəbhəyə getməyinə on əllə razı idi. Atam da deyirdi: “Müharibə aparan ölkədə hər evdən cəbhəyə bir əsgər getməlidir”.
Bizim qardaşımız yox idi, 6 bacı idik. Atam özü də hədsiz vətənpərvər insan idi. O, Vəfa cəbhəyə gedəndə tapşırmışdı ki, “Avey dağını tək buraxmayın, erməni ora çıxsa, başımıza od ələyəcək!”.
Daş Salahlı kəndi Avey dağının ətəyində yerləşdiyi üçün mühür dayaq nöqtəsi idi. O vaxt ermənilərin əsas hədəflərindən biri də Daş Salahlı kənd idi. Onların əsas məqsədi Qazax-Gürcüstan yolunu ələ keçirmək və Türkiyə ilə əlaqələrimizi tamam kəsmək idi. Çünki o zamanlar Gürcüstan yolu ilə bizə TIR-lar gəlirdi, mənəvi və maddi dəstək alırdıq.
Vəfa ikinci sinifdə oxuyanda anamız vəfat etmişdi. Bizi atam böyüdüb. Vəfa ana qayğısı görməyən kövrək qız idi. Nə istəyirdisə, atam hər dediyini edirdi.


- Vəfa xanım hərbi hissəyə öz adı ilə deyil, kişi ad-soyadı ilə - “Vəfadar Dəmirçi oğlu Mansurov” kimi qəbul edilmişdi. Bu haqda nə deyə bilərsiniz?


- Vəfaya demişdilər ki, “sən qız olduğuna görə, əsgər kimi qeydiyyata ala bilmərik”. Ona təmizlikçi və tibb işçisi kimi qeydiyyata alınmağı təklif etmişdilər, ancaq Vəfa buna razı olmamışdı. Hərbi hissəsə nişangahı var imiş. Vəfanın təkidi ilə onu nişangaha aparıb silah veriblər, bacımın atıcılıq qabiliyyəti hamını mat-məəttəl edib. Ondan sonra Vəfanın qarşısına şərt qoyublar ki, “səni əsgər kimi qeydiyyata alacağıq, ancaq Mansurov Vəfadar Dəmirçi oğlu adı ilə”. O da buna razı olub.
Vəfa 707 nömrəli hərbi hissənin 3-cü batalyonunun 1-ci bölüyünün snayper atıcı oğlan əsgəri kimi qeydiyyatda idi. O görünüşcə də oğlana oxşayırdı.

- Onun döyüş yolu haqqında daha nələr danışa bilərsiniz?


- Onun döyüş yoldaşları kimi Haşvəli Rüstəmov, Nazim Veyisov, Sərxan Nəbiyev, Azim Eyyubov, Fəxrəddin Mancanov, Həmid Əfəndiyev, Azad Osmanov və başqalarının adını çəkə bilərəm.

Onlar Vəfa haqqında belə bir hadisə danışırdılar: bir dəfə görüblər ki, bizim kəndin işığı sönüb, amma ermənilərin işığı yanır. Bu zaman Vəfa qranatomyotu götürüb God kəndinin işıq mənbəyini vurur. Nəticədə God kəndinin də bütün işıqları sönür. Komandir deyir ki, “Vəfa sən nə etdin? İndi ermənilər hücum edəcək”.  Bizim hərbçilər o hadisədən sonra 7 gün ərzində ermənilərin hücum edəcəyini düşünərək, ayıq-sayıqlığı artırıb keşik çəkiblər. Ancaq qarşı tərəf hücum etməyib. 7 gün ərzində nə bizim kəndin, nə də Goddakı ermənilərin işığı yanıb. 7-ci gün ermənilərin ağsaqalları bizim kənd sovetinin sədri Sozalı Vəliyevin yanına gəliblər. Razılaşmaya gələn ermənilər deyiblər ki, “Vəfadar bizə atəş açmasın, biz də sizə atəş açmayaq”. Bu hadisəni indi nağıl kimi danışırlar. Vəfaya “cəngavər”, “əgdaha” deyirdilər. Ona “Aveyin qəhrəmanı” adını vermişdilər.

Vəfa şəhidlərin qız qardaşı idi. Onun hərbçi yoldaşı Azim Eyyubov danışırdı ki, “Aveydə qızğın döyüş gedirdi. Düşmənin 47 dənə tankı və digər texnikası məhv edilmişdi, onun 21-ni Vəfa vurmuşdu”.

Döyüş yoldaşı Fəxrəddin Mancanov deyirdi ki, “Vəfa keşik çəkən zaman yerimiz bəlli olmasın deyə, qışın kəskin soyuğunda belə ocaq qalamağa icazə vermirdi”.   

 - Vəfa xanımın vəfat etməsi hansı səbəbdən baş vermişdi?

- Döyüşlərin birində onun yanına mərmi düşüb, partlayış səsi və dalğası Vəfanı itələmiş, bərk qorxutmuşdu, amma yıxılmamış, ayaqda qalmışdı.
Döyüş yoldaşlarının dediyinə görə, kəndimizin şəhidi Şahin Cəbiyevin nəşini hərbi hissəyə gətirəndə Vəfa çox ağlayıb. O, Şahinin ümumi kənd qəbirstanlığında dəfninə razı olmayıb. Vəfanın təklifi ilə dəfn üçün Daş Salahlının indiki Şəhidlər Xiyabanının yeri seçilib. Orada ilk dəfə Şahin Cəbiyev dəfn olunub. Şahinin dəfni zamanı Vəfanın ürəyi getmişdi. Vəfanın döyüşdə aldığı tramvalar onun səhhətinə çox pis təsir etmişdi. Təəssüf ki, artıq o, aramızda yoxdur.  


- Bəs Vəfa xanım niyə Daş Salahlıdakı Şəhidlər Xiyabanında dəfn olunmayıb?


- Onun vəfat etməsi atama böyük dərd oldu. Həmin vaxt biz elə bir vəziyyətdə idik ki, heç nə düşünə bilmədik. Onun komandirləri gəlib dedilər ki, “Vəfanı Şəhidlər Xiyabanında dəfn edək, təqdimat verib ona şəhid adı alaq. Şəhid adı Vəfanın haqqıdır”. Lakin atam razı olmadı. O dedi ki, “mən övladımın qanpuluni istəmirəm. Olan mənə oldu, övladım əlimdən getdi. Mənə heç nə lazım deyil”.
Atam o zaman dərdə qapandı. Sonrasını da biz bacılar düşünə bilmədik.

1993-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyət başına qayıdanda Vəfa “Azərbaycanın yiyəsi gəldi”, - deyərək ordudan tərxis olunmuşdu. Mən onda Vəfaya 3 il yarım orduda qulluq etdiyini xatırlatdım, “Veteran vəsiqəsi” almağı təklif etdim. Vəfa mənə güldü. Hətta məni ələ salaraq dedi ki, “mən vəsiqə üçün döyüşməmişəm, Vətən üçün savaşmışam”. O, könüllü vətənpərvər idi.

- Atanızın Vəfa xanım haqda düşüncələri necə idi?

- Atam hər zaman Vəfanın qəhrəman olduğunu deyirdi. Vəfanın Vətənə xidmətindən fəxrlə danışırdı. Atam deyirdi, “Vətən onun qədrini biləcək, ola bilməz ki, Vətən onun qədrini bilməsin”.
Atamın 6 qızı var idi. 5 qızı Bakıda universitet oxuyurdu, o istəsəydi Vəfanı da götürüb Bakıya gətirərdi, amma bunu etmədi. Atam Bakıda öz evi ola-ola doğulduğu torpağı qoyub paytaxta gəlmədi.


- Vəfa xanımın adını əbədiləşdirmək üçün hansı işlər görülüb və siz bununla bağlı nələr istərdiniz?


- Vəfanın adı ilə bağlı bir çox tədbirlər təşkil olunub. Onun adına poema və şeirlər yazılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən, Vəfanın adına bulaq inşa edilib. Mən çox istəyərdim ki, Vəfa layiq olduğu dəyəri alsın. Onun xatirəsi ədəbiləşdirilsin. Bir vətənpərvərlik simvolu kimi kəndin mərkəzində onun adına heykəl qoyulsun. Bu Vəfanın halal haqqıdır, o, kəndin qəhrəman qızıdır. Mən də onun adına bulaq tikdirmişəm, lakin bu, böyük bir şey deyil. Mən istəyirəm kənd sakinləri də nəsə etsinlər. Mən Vəfanın adına baner hazırlatdırmışam. Onu kəndin mərkəzində yerləşdirmək istəyirəm. Lakin kəndin bələdiyyə sədri mənə baneri evimizin yanında yerləşdirməyi təklif etdi. Mən buna razı olmadım, Vəfa bizim evimizi qorumayıb, o kəndimizi qoruyub. Axı niyə kəndin mərkəzində onun xatirə lövhəsi olmasın?

Mən çox məyus oluram ki, həm Vətənə şəhid verim, həm də, onun adını əbədiləşdirə bilməyim. Mənim ən böyük arzumdur ki, Vəfa şəhid statusu alsın. Mən şəhid pulu üçün yox, bacımın şəhid statusu üçün çalışıram. Onun adı itib-batmasın, tarixdə qalsın. El qəhrəman qızını unutmasın. Bu gün mən varam, hər yubileyində, anım günündə onu yad edirəm. İsəmərəm ki, bir gün mən olmayanda Vəfa unudulsun. İyulun 23-də onun anım günüdür. Mən çox istəyərəm ki, kəndimizin vətənpərvər övladları, qeyrətli kişiləri, o baneri mənim evimdən götürsün, kəndin mərkəzinə yerləşdirsin ki, Vəfa bizim qəhrəman qızımızdı. İnsanlar görsün ki, Vətəni qoruyan yaddan çıxmır, ona dəyər verilir. Onu gələcək nəsillər də tanısın, mənim bacım unudulmasın...
Mən elə bilirəm Vəfanın qanı yerdə qalıb, o haqqını almayıb, Onun ruhu göylərdə nigaran gəzir... (Ağlayır).


- Onun adı sizin nəsildə kiməsə verilib?


- Hələ ki xeyr. Gələcəkdə nəvələrimdən birinə Vəfanın adını vermək istəyirəm.

- Vəfa xanımın hansısa əşyaları yadigar qalıb?

- Bəli, onun silahı, şəxsi əşyaları yadigar qalıb.


Xəyalə Bayramqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”