Modern.az

Qızları təhsildən yayındıran erkən nikahlar: NƏ ETMƏLİ?..

Qızları təhsildən yayındıran erkən nikahlar: NƏ ETMƏLİ?..

Reportaj

5 İyul 2024, 08:59

Belə bir məsəl var: təhsilə çəkilən xərc gələcəyə qoyulan ən doğru sərmayədir. Ələlxüsus da qızların təhsilinə. Böyük mesenat Hacı Zeynalabdin Tağıyev əbəs yerə deməmişdi ki, “Təhsilli qadın təhsilli şəxs, təhsilli ailə və təhsilli gələcəkdir”.

Vaxtilə Azərbaycan qadınlarına sosial münasibətlərdə və həyat tərzində bir çox qadağalar qoyulub. Təəssüf ki, belə qadağalardan biri də onların təhsil alması ilə bağlı olub. Xeyriyyəçi H.Z.Tağıyev 1901-ci ildə Azərbaycanda ilk müasir tipli qızlar məktəbini təsadüfən açmamışdı. O zaman Tağıyevin bu davranışı cəmiyyətdə birmənalı qarşılanmamışdı. Ancaq böyük xeyriyyəçi başa düşürdü ki, cəmiyyətin inkişafı üçün qızların təhsil alması vacib faktorlardan biridir.  

YUNESCO-nun hesabatına görə, hazırda dünyada məktəbə getməyən qızların sayı 122 milyon, oğlanların sayı isə 128 milyon təşkil edir.
Dünyada qızların təhsildən kənar qaldığı 10 ölkədən 9-u Afrikanı əhatə edir. Ən acınacaqlı vəziyyət isə ilk “10-luq”dakı Əfqanıstandadır. Burada məktəbyaşlı qızların cəmi 25 faizi təhsilə cəlb olunub.

Azərbaycana gəldikdə, rəsmi məlumata görə, 2023/2024-cü tədris ili üzrə orta məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 1 705 009 nəfər təşkil edib ki, onlardan da 794 560-u (46,6%) qızlar, 910 449-u (53,4%) oğlanlardır. Ali məktəblərdə təhsil alanların arasında qızlar bakalavr pilləsi üzrə 52,6%, magistr pilləsi üzrə 48,4%” təşkil edir.


Azərbaycan qanunvericiliyinə görə, dövlət kişi və qadınların təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir.
 
Bəs bu istiqamətdə hansı işlər görülür?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Sevinc Məmmədova Modern.az-a deyib ki, ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacibliyi nəzərə alınaraq, 2021-ci ildən “Gənc qızların təhsilinə dəstək” kampaniyasına start verilib.

Kampaniyanın məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Kampaniyaya qızlar 3 kriteriyaya əsasən seçilir:

- aztəminatlı ailələrdən və həssas qrupdan olanlar; 
- ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanlar;
- regionlardan olanlar.

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maarifçilik ənənələrinə söykənən bu kampaniya 2022-ci ildən Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə davam etdirilir.
Nəticədə 2021-ci ildə 14, 2022-ci ildə 25, 2023-cü ildə isə 55 azətəminatlı qıza təhsil dəstəyi göstərilib.

Sevinc Məmmədova bildirib ki, Azərbaycanda qızların təhsildən yayındırılmasına səbəb olan başlıca problemlərdən biri erkən nikahlardır. O, Dövlət Komitəsinin erkən nikahlar əleyhinə gördüyü işlərdən də danışıb:


“Mütəmadi olaraq regionlarda, xüsusilə ucqar kənd və qəsəbələrdə müəllim, şagird və valideyn kollektivləri ilə maarifləndirici seminarlar təşkil edilir, görüşlər keçirilir. Bu görüşlərdə erkən nikah və onların fəsadları haqqında ətraflı məlumat verilir. Bildirilir ki, erkən nikaha daxil olan qız təhsildən yayındığı üçün onun gələcək məşğulluq imkanı məhdudlaşır, erkən nikahlar ana və uşaq ölümü hallarının artmasına səbəb olur, erkən yaşda ailə quran qızlar əksər hallarda məişət zorakılığının qurbanı olur və rəsmi nikah olmadığı üçün bu qızların hüquqlarının qorunmasında müəyyən çətinliklər yaranır”.

Müsahibizin sözlərinə görə, erkən nikahlarıa uzunmüddətli mübarizə aparmaq üçün təhsilin təbliğ edilməsi ən uğurlu strategiyadır.

“Təhsildən yayınan şagirdlərlə bağlı məktəbin psixoloqu və sinif rəhbərləri ailələrdə olur, müvafiq iş aparır, ailədaxili vəziyyət qiymətləndirilir və zərurət yarandıqda məsələyə baxılması üçün yerli icra strukturlarına müraciət olunur. Qızların təhsildən yayınma hallarının minimuma endirilməsi məqsədilə ümumi təhsil müəssisələrində ilboyu qabaqlayıcı tədbirlər (ailələrlə iş, sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi, şagirdlərin keyfiyyətli təhsil almasına şəraitin yaradılması, şagirdlərin sinifdənxaric və məktəbdənkənar tədbirlərə cəlb edilməsi, şagirdlərin peşə seçimi işinin yerli şəraitə uyğun aparılması və s.) həyata keçirilmişdir. “Təhsil haqqında” Qanuna əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir. Təhlillər göstərir ki, son illərdə icbari təhsilə cəlb olunmuş qızların ümumi orta təhsil pilləsini bitirməsində və onların dərsə davamiyyətində əsaslı problemlər mövcud deyil”.
 
Erkən nikahlara dair rəsmi statistika necədir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci illə erkən nikahların sayı 137, 2022-ci ildə isə 270, 2023-cü ildə isə 223 olub.

VI çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bizimlə söhbətdə təəssüflə qeyd edib ki, Azərbaycanın bəzi bölgələrində qızların təhsilinə süni əngəllər törədilməsi halları yaşanır:


“Azərbaycanda qızların təhsili ilə bağlı vəziyyəti normal qiymətləndirirəm. Orta məktəbi bitirib ali məktəbə daxil olan qızların sayı oğlanlardan az deyil. Amma təəssüf ki, bəzi bölgələrimizdə qızların yuxarı siniflərdə təhsil almasına suni əngəllər törədilir. Onların sonradan peşə əldə etmələrinə məhdudiyyətlər yaradılır. Bu barədə maarifləndirmə işləri aparılır və kifayət qədər tədbirlər görülür. Müqayisə aparsaq görərik ki, 10 il bundan əvvəlki vəziyyətlə indiki vəziyyət bir deyil.
Qızların təhsili ilə bağlı Azərbaycanda hüquqi baryer yoxdu. Müstəqilliyin ilk illərində bəzi fundamentalist cərəyanların təsiri altında müxtəlif bölgələrdə qızların təhsilinə məhdudiyyətlər qoyulmuşdu. Artıq o məhdudiyyətlər yavaş-yavaş aradan qalxır. Bunun üçün də təbliğat və təşviqat işləri aparılır”.

M.Quliyev deyib ki, qızları təhsildən yayındıran erkən nikahlar məsələsi Milli Məclisin də diqqətində saxlanılır:

“Bu il Ailə Məcəlləsinə bir sıra dəyikişlik qəbul edilib. Belə ki, nikah yaşının konkret olaraq 18 yaş müəyyənləşdirilməsi və 1 illik güzəştin aradan qaldırılması məhz qızların tam orta təhsil əldə etməsinə xidmət edir. Artıq 18 yaşından tez heç kəsin evləndirilməsi mümkün olmayacaq. Valideyn düşünəcək ki, övladı ən azı orta məktəbi bitirsin. Bu addımın qızarın təhsilinə müsbət təsiri olacaq. Biz bu sahədə olan boşluqları aradan qaldırmalıyıq ki, qızlarımız da oğlanlarımız kimi bütün hüquqlara malik olsunlar. Qızlarımız öz ayaqları üzərində durmaq üçün peşə əldə etməli, onların bilik və bacarıqları olmalıdır. Onlar heç kəsdən aslı olmamalı, ailələnin iqtisadi imkanlarının genişlənməsində öz rollarını göstərə bilməlidirlər”.

Deputat məsələ ilə bağlı əvvələr verdiyi təklifi bir daha gündəmə gətirib:

“Bir dəfə təklif etmişdim ki, əgər qızlar ödənişli əsaslarla universitetə daxil olurlarsa və ailənin imkanı məhduddursa, bu zaman onun xərclərinin müəyyən hissəsini dövlət və ya universitet öz üzərinə götürə bilər. Onların təhsil alması üçün bir çox şərait yaratmalıyıq. Bizim universitetlərin əksəriyyəti Bakı şəhərində yerləşir. Onların da əksəriyyətinin yataqxanası yoxdur. Rayonlardan gələn bəzi aztəminatlı alilələrdən olan tələbə qızların maddi imkanı o qədər geniş deyil ki, həm təhsil haqqını ödəsin, həm kirayədə qalsın. Belə hallar qızların təhsilində müəyyən çətinliklər yaradır. Yaxşı olar ki, bu məsələni bir daha müzakirə edək, qızların təhsil alması üçün iqtisadi əngəlləri aradan qaldıraq”.


VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qızların təhsildən yayındırılmasını iki səbəblə izah edib: birincisi, bəzi valideynlərin qızlarına təhsil vermədən evləndirərək daha az xərcə düşəcəklərini düşünməsi; ikincisi, dini xurafat.

“Bir sıra hallarda valideynlərin öz övladlarını təhsildən yayındırması iqtisadi amillərlə bağlı olur, bəzən də valideynlər bunu dinlə əlaqələndirirlər. Bu məsələnin kökündə isə valideynlərdə əvvəldən formalaşan streotiplər ciddi rol oynayır. Məsələn, valideyn düşünür ki, qızı nə qədər tez ərə versə, bir o qədər tez əlavə xərclərdən azad olar.
Dini xurafata yuvarlanan bəzi valideynlər isə düşünürlər ki, guya, qızların məktəbə getməsi onların tərbiyəsinin pozulmasına gətirib çıxarır.
Düşünürəm ki, qızların təhsilə cəlb olunması üçün onlara daha çox güzəştlər tətbiq etmək, maarifləndirmə və təşvuqat işləri həyata keçirmək lazımdır. Bu istiqamətdə atılan hər bir addım prosesə müsbət təsir edəcək”.

Qızlarınızın təhsil almasına şərait yaradın. Unutmayın, bir qızın təhsil alması gələcək üçün həm savadlı qadın, həm də dünyagörüşlü ana deməkdir!

Xəyalə Bayramqızı

Yazı “Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi