Metronun “28 may” stansiyasında yeni salınmış döşəmənin sürüşkənliyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Modern.az əməkdaşının şahidi olduğu durum narazılıqların əsaslı olduğunu bir daha isbatlayır.
“28 may” stansiyasının içi sanki sürüşmə üzrə idman meydançasına bənzəyir. Stansiyanın döşəməsinə elə daşdan üzlük çəkilib ki, sərnişinlər yeriyərkən müvazinətlərini saxlaya bilmirlər. Bu cür sürüşkən daşları adətən hovuzlarda istifadə edirlər, “28 may”da müvazinətlərini güclə saxlayan sərnişinlər indi, yəni havaların quru, yağıntısız keçdiyi vaxtda stansiyanın platformasında bu qədər əziyyət çəkirsə, yağış və qar yağdıqda durumun necə vahiməli olacağını təsəvvür eləmək çətin deyil.
Hələ stansiyada quraşdırılan yeni oturacaqları demirik. Oturacaqlar mərmərdən olduğundan çox soyuqdur. Bura əyləşənlər maksimum 5 dəqiqə dözə bilərlər. Mərmər oturacaqlarda əyləşib tez də duranların içalatının soyuqlamayacağına, qarın ağrısına düşməyəcəyinə heç kim təminat verə bilməz.
Yəqin ki, “28 may” metrostansiyasının yanında daim təcili yardım maşını növbə çəkəcək, ayağı sürüşən, qol-qıçını sındıran adamların xərəklə yuxarı çıxarılması isə onsuz da hər zaman sərnişinlə dolu stansiyada əlavə müşküllər yaradacaq.
Görünür Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “28 may” stansiyasının təmirinə bir ətək pul töküb bu sürüşkən daşlardan istifadə edəndə, gərək uzaqgörənlik də edərdi.
Gülşən Raufqızı