Əminəm ki, aranızda çox adam eynən mənim kimi bəzi səyahətlərinin, səfərlərinin təyyarə, qatar biletlərini saxlayır. Yollar, səfərlər, görüşlər bitir, geri dönürsən, o kağız parçaları isə həmişə qalır. Bir yolçuluq hekayəsinin xatirəsi kimi. Və düşünürsən ki, səni yenidən yeni bir səfərə çıxara bilər həmin biletlər – illər sonra, yaxud lap elə tezliklə. Yəqin razılaşarsınız, bu cür düşünmək heç də pis deyil...
Bu səhər son səfərimdən qalan bəzi əşyalara nəzər salanda gözüm təyyarə biletinə sataşdı: tarixləri, saatları, qalxma, enmə yerləri... Səfərdə yaşanan o beş gün bu kağız parçalarında yenidən canlandı gözumun önündə...
...Hər şey bir yazıdan başladı: “Ayrılarmı könül candan... Türkiyə Azərbaycandan...” Türkiyəyə sevgim, tariximizin şərəfli bir səhifəsinə diqqətim yazdırmışdı o yazını mənə. Həmin məqaləni “Türküstan” qəzetinin təşkil etdiyi, Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin və “Lider qadınlar” İctimai Birliyinin dəstəklədiyi “Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” mövzusunda müsabiqəyə təqdim etdim. Etiraf edim, qalib olacağım təqdirdə mükəmməl bir səfərə çıxacağımı heç fikirləşməmişdim. Budur, müsabiqənin birincisi kimi Türkiyəyə uçuram...
İlk qeydlərimi Yerdən 11 min 582 metr hündürlükdə yazıram. Təyyarəyə minəndən ilk diqqətimi çəkən isə stüardessaların gülərüz siması, gözəl çöhrəsidir, elə bil hamısının qaş-gözünü qələmlə çəkmisən. Maraqlı bir təbəssümlə baxırlar sənə, eyni təbəssümlə də cavab alırlar. Unudulmaz türk musiqisi bu ovqatı daha da gözəlləşdirir. Elə indidən Türkiyə ilə baş-başayam...
Dost ölkəyə ilk səfərimdir. Çox gözləmişəm bu səfəri. Evimizdə Türkiyə haqqında çox kitab görmüşəm, bəzilərini oxumuşam. (Əslində, Türkiyə sevgisini hər kəsdən, hər şeydən əvvəl valideynlərim yaradıb bizdə.) Türkiyə kanalları da hər gün ailəmizlə birgə. Dediyim odur ki, qiyabi gəzmişəm bu ölkəni. Dəvətlər isə çox olub: valideynlərim təkid ediblər – gedək, yaxud rəfiqələrim çağırıblar – gəl. 2011-ci ildə Qəbələdə ekologiya üzrə beynəlxalq konfransda tanış olduğum türkiyəli alimlər də o vaxtdan elə hey dəvət edirlər. Böyük danışmaq olmasın, bəzən xırım-xırda işlər də vaxtımızı elə alır ki, gözümüzü açmağa macal tapmırıq. Nə isə, bir yazının gücünə bax: məni hər yerdən qoparıb sevdiyim Türkiyəyə aparır. Çox şadam...
Türk Hava Yollarına məxsus təyyarə ilə uçuruq: İstanbula, oradan da Kayseriyə. Sübh tezdən artıq Kayseridəyik. Turist rəhbərimiz Zeynep Seçer qarşılayır bizi. Stüardessalar kimi o da elə mehriban gülümsəyir ki, sanki illərin tanışıyıq. Nevşehire doğru yol alırıq.
Uzun bir yol bizi mənzil başına çatdırır. Yerləşdiyimiz oteldə də eyni hörmətlə qarşılanırıq.
Turist səfərimiz ertəsi gündən başlayır. Bu da adını çox eşidib, özünü görmədiyimiz Kapadokiya. Qayalar, sıldırımlı dərə-təpələrdən ibarət bir mənzərə ilə üz-üzəyik. Sözün düzü, heyrət içindəyəm. İlk baxışda adama elə gəlir ki, baş alıb gedən, floradan məhrum bu bomboz məkanda heç bir həyat əlaməti yoxdur, sanki burada vaxt dayanıb. Amma bu fikir aldadıcıdr. Əslində, bura macəraaxtaranlar üçün çox cəlbedicidir, deyə düşünürəm...
Əcnəbi yazıçıların əsərlərini oxumaq onların ölkələrinə səyahətə bərabərdirsə, həmin məmləkətləri gəzmək, hər şeyi öz gözləri ilə görmək, ayrı-ayrı xalqların mədəniyyəti, incəsənəti ilə yaxından tanışlıq, müxəlif millətlərin nümayəndələri ilə ünsiyyət ikiqat bilgi deməkdir. Mən də elə ilk addımdan gəldiyim məkan haqqında çox şey öyrənməyə can atıram...
Məncə, Türkiyənin bəxti, həm də onda gətirib ki, ölkədə iki addımdan bir tarixi yerlərdir. Məsələn, Kapadokiya. Bura Türkiyənin nəhəng xəzinəsidir. Kapadokiyanı tarixlə təbiətin bütövləşdiyi məkan adlandırırlar. O, dünyanın səkkizinci möcüzəsi sayılır. Kapadokiyanın sirli qayalıqları, həqiqətən, tarixin, təbiətin möcüzəsidir və YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilib. Bu bomboz məkanla tanışlıq ziyarətçini xəyalən min illər əvvələ qaytarır. Vulkan mənşəli ərazi tarix və mədəniyyətin izlərini öz sinəsində məhəbbətlə qoruyub saxlayır. Marağımızı hiss edən turist rəhbərimiz xəsislik etmir, bizə böyük səxavətlə daha çox məlumat verməyə çalışır. Bu ərazidə insanlar Paleolit dövründən məskunlaşıblar. Ərəblər burada bir neçə əsr hökmranlıq edib. Sonra ərazi makedoniyalı İsgəndər tərəfindən işğal edilib. İsgəndərin imperiyası süquta uğradıqdan sonra Kapadokiya 350 il azad yaşayıb. Sonrakı tarixi mərhələdə Roma imperiyasının əyalətinə çevrilib. Romalılar ərazinin quruluşundə heç bir dəyişiklik etməyiblər, yalnız yeni yollar çəkilib. Ölkələr arasında ticarət körpüsü quran Kapadokiya Böyük İpək Yolunun əhəmiyyətli qovşaqlarından biri olub...
Səfərimiz əl-ayağın yığışmağa başladığı payıza təsadüf etsə də, bu, turistlərin sayına təsir etməyib. Rastlaşdığımız çoxsaylı turistlər arasında isə yaponlar, çinlilər daha çox gözə dəyir. Bu, həmin xalqların tarixə marağı, tarixi yerlərə vurğunluğu ilə bağlıdır. Tanış olduğum turistlərdən biri belə dedi. Onu da söylədi ki, bura ikinci gəlişidir və ilk səfərində Kapadokiyada gördüklərini, eşitdiklərini indi də yaxşı xatırlayır. Hətta həmsöhbətlərimdən belə bir fikir də eşitdim ki, yaponlar Kapadokiyaya səfəri bizim Həcc ziyarətinə bərabər tuturlar.
Əslində, tarixi özündə yaşadan abidələri, tarixin yadigarlarını, illah da, hər addımda üzləşdiyin qədimliyi, ilkinliyi ziyarət etmək dünyanın hər yerində maraqlıdır. Kapadokiyada turistləri heyrətləndirəcək belə yerlər saysızdır. Yəqin elə bu səbəbdəndir ki, Kapadokiya heç zaman turist sarıdan korluq çəkmir. Hər halda, canlı şahidimiz, bu yerləri beş barmağı kimi tanıyan, bilən və ən əsası, tanıdan turist rəhbərimiz Zeynep Seçer sözlərində və hesabında yanılmaz. Türklərin dili ilə desəm, ölkəyə gələn turistlər İstanbula, Quş adasına, bir də bura mütləq səyahət edirlər. Bu ərazi tarixiliyi, özünəməxsusluğu ilə insanları cəlb edir...
Bu da Esentepe. Buradakı məşhur “Pəri bacaları” təbii relyef formalarına verilən addır. Zaman-zaman vadi yamaclarından axan sel suları, külək, vulkan püskürmələri yaradıb bu maraqlı formaları. Təbiətin yaratdığı qəribəlik də deyirlər Pəri bacalarına. Zeynep Seçer söyləyir ki, bu formalara dünyanın çox yerində rast gəlinsə də, Kapadokiyada onların sayı daha çoxdur. Yağış sularının yamaclarda yaratdığı cığırlar gördüyümüz mənzərəni daha baxımlı edir. Yamaclarda bir harmoniya, bir ahəngdarlıq, üstəgəl lal bir sükut hökm sürür...
Kapadokiyanın Göreme vadisi, vadidəki “Göreme” açıq muzeyi də adamı heyrətləndirir. Zeynep Seçerin sözlərinə görə, qədimdə möminlər buranı Allahla maneəsiz ünsiyyət üçün ən uyğun yer hesab ediblər. Bu vadidə zaman-zaman hücrələr, kilsələr, yeraltı yollar çəkiblər. Adamı heyrətə gətirən bir də odur ki, sakinlər bu tikililəri nəhəng qayaları oyaraq onların içində tikiblər. Buradakı təqribən 350 kilsənin çoxu 10-11-ci əsrlərə aiddir. Hamısı dəbdəbəli deyil, çoxu sadədir. Amma hər biri min illər boyu formalaşan mədəniyyətlərin qoruyucusu kimi çox maraqlı və dəyərlidir...
Kapadokiyada gördüyüm hər yer, hər kəs haqqında, təbii ki, kiçik bir yazıda bəhs etmək mümkün deyil. Amma sadə bir türk övladını tanıtmasam, özümü qınayaram. Qalib usta böyük bir sənətkardır həm də. Azərbaycanda da onu yaxşı tanıyırlar, məncə, ən azı bura gələnlər. Tanımayanlar da qoy tanısın. Onun Kapadokiyada qayanın içində bir emalatxanası və muzeyi var. “Canak-çömlek yapımı” ilə məşğuldur. Bu sənət ulu babalarından yadigar qalıb ona. 250 ildir ailə bu sənəti yaşadır. Elə bu sənət də onları yaşadır, gün-güzəranları bu işdən çıxır. Qalib ustanın adi gildən hazırladığı, min bir naxışla bəzədiyi müxtəlif ölçülü qeyri-adi, unikal əl işləri insanı valeh edir. Başını aşağı salıb öz işini görür bu kişi. Məşğul olduğu işi də, nə ilə məşğul olduğunu da gözəl bilir. Əlləri qızıldır, bu əllərdən çıxan əsərlərlə məmləkətini dünyanın dörd bir yanına daşıyır. Hələ sənətinin incəliklərini təmənnasız olaraq dünyanın 14 ölkəsindən olan tələbələrinə də öyrədib. Əsərləri iki dəfə Ginnesin rekordlar kitabına düşüb. Əslində, bütün Türkiyə onunla fəxr edə bilər. Onu da deyirlər ki, Qalib usta əl işlərini çox baha satır. Özümüz də buna şahid oluruq. Sinqapurlu ər-arvad bir əsərinə 70 min TL – təqribən 35 min dollar verir. Bəli, bahadır. Amma məncə, ilk baxışda çox görünür. Bu “sənət əsəri”nə sərf olunan vaxt, zəhmət və istedadı hesablayanda həmin 70 min TL gözdən düşür. Qalib usta çox ünsiyyətcil və mehriban insandır. Bizə İstanbulda Sultan Əhməd camisinin yaxınlığında kiçik bir hədiyyə dükanının olduğunu da söyləyir. Yolu düşənlər baxa bilər...
Qalib usta öz imzası ilə mənə gözəl bir əl işini – balaca kasa hədiyyə edir. Onu da deyim ki, usta ancaq özü hazırladığı əsərlərə imza atır, şagirdlərinin hazırladığına yox. (Çox təəssüf. Qalib ustanın bu dəyərli hədiyyəsini əzizləyə-əzizləyə Türkiyədən salamat Bakıya gətirsəm də, evdə əlimdən salıb sındırdım. Nə etməli! Bu da qismətin işidir. Yaxşıya yozuram: demək, Kapadokiyaya bir də qayıdacağam...)
Qalib ustanın əsərlərinin sehrindən çıxmamış “Hayali vadi”nin cazibəsinə düşürük. Bu vadinin özəlliyi ondadır ki, insanlar buradakı qayalara öz xəyallarının gücü ilə ad veriblər. Məsələn, sudan çıxan balıq, beşbarmaq, dəvə formasında qayalar və s. Dəvə formalı qaya daha çox diqqət çəkdiyindən bura, həm də Deverent deyirlər...
Səyahətimizin ertəsi günü Kapadokiyanın ən məşhur yerlərindəın biri olan Kaymaklı yeraltı şəhərə gəlirik. Bura yer altında qədim, nəhəng bir şəhərdir. Türk arxeoloqları burada 1950-ci ildən axtarışlara başlayıblar. Qazıntı işləri 14 il davam edib, nəticədə şəhərin 7 qatı aşkar olunub.
Sizə turistlərin Kapadokiyada çox sevdikləri daha bir məkandan danışmaq istəyirəm. Səyahətçilər bu yerə mütləq baş çəkirlər. Bura Guvercin vadisidir. Bu vadi özünün “nazar ağacı”, “dilək ağacı” ilə çox məhşurdur. İnanca görə, hər kəs niyyət edib bu ağaca göz muncuğu asır. Mən də sıradan geri qalmayıb, inanca əməl edirəm. Niyyət tutub, dilək diləyib göz muncuğu bağlayıram “nazar ağacı”na. “Allah Azərbaycanımızı, yaxınlarımızı qorusun!” AMİN!..
Guvercin vadisində qayalar üzərindəki göyərçin yuvaları da diqqətimizdən yayınmır.
Səfərimizin üçüncü günü İhlara vadisinə ekskursiya edirik. Bu yer də bizi heyrət içində saxlayır. Vadinin uzunluğu 14 km-dir. Vadiyə enmək üçün 400 pilləkəni aşağı düşürük. Vadinin içi ilə sakitcə axan lal-dinməz Melendez çayı boyunca 4 km yolu piyada qət edirik. Bura elə bir yerdir ki, insan ərtafla təmasdan dinclik tapır...
Kapadokiyada gördüyümüz hər yer möhtəşəmdir. Onların hər birini acgözlüklə göz yaddaşıma yazıram, həm də telefonumun fotoarxivinə “köçürürəm”. Və nədənsə mənə elə gəlir ki, bu yerlərin sirri hələ də tam açılmayıb. Çox sualların cavabı açıq qalıb. Bəlkə, elə insanları indinin özündə də bura daha çox cəzb edən, bura daha çox gətirən məhz elə həmin sirlərdir...
Sevindiyim daha bir məqam da var: sadə və qonaqpərvər türklər turistləri öz ölkələrində görməkdən, yurdlarını, məmləkətlərini əcnəbilərə tanıtmaqdan çox məmnun görünürlər. Turistləri Türkiyəyə çəkən səbəblərdən biri də, heç şübhəsiz, budur.
Kapadokiyada olduğumuz sonuncu gün – oktyabrın 29-u fərqli bir gün idi. Hər tərəf bayram ovqatına bürünmüşdü. Dörd bir tərəf qürur içində idi. Gün ərzində getdiyimiz, gördüyümüz hər yerdə – binalarda, eyvanlarda, mağazalarda, marketlərdə türk bayrağı asılmışdı. Bu, bayraq günümüzdə yazdığım yazını salır yadıma: “Bu gün eyvanımdan bir bayraq asdım...” Səfərimizin məhz bu gözəl bayrama təsadüf etməsi bir başqa cür sevindirir məni. Cümhuriyyət günün mübarək, Türkiyə!..
Hə... İndi də hədiyyə almalıyam, ən əvvəl özümə. Getdiyim yeri zaman-zaman mənə xatırladacaq suvenirdən gözəl hədiyyə düşünmürəm. Hara getdimsə, mütləq soyuducuya yapışdırılan maqnitli suvenir alıram. Bu, hər dəfə soyuducunu açarkən onu görmək, səfərimi xatırlamaq istəyi ilə bağlıdır. Suvenirləri seçərkən isə onların həmin ölkənin təbii sərvətlərindən hazırlanmasına xüsusi diqqət edirəm. Aha.... istədiyimi tapmışam. Bu, Kapadokiyanı xatırladacaq ən yaxşı hədiyyədir...
Onu da deyim ki, bu rəngbərəng suvenirlərə bütün turistlər maraq göstərir...
Əsrarəngiz və möcüzəli Kapadokiya ilə tanışlığımız, görüşümüz sona çatır. Qətiyyən yorulmamışıq. Dörd günlük səfərin sonunda mənə elə gəlir ki, sanki dünən gəlmişik bura...
Kapadokiyanı gəzib-dolaşan bir turist ona “qayalıqlar səltənəti” deyib. Gözəl və uyğun bənzətmədir. Mənim yaddaşıma isə Kapadokiya “dünyanın və tarixin möcüzəsi, təbiətin incisi – unikal məkan” kimi yazılır...
Səfərdən əvvəl Bakıda, Türkiyənin ölkəmizdəki səfirliyində keçirilən görüşdə Səfirliyin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslanın sözlərini xatırlayıram: “O yerləri mütləq bəyənəcəksiniz...” Haqlı imış...
Beləcə, biz – Azərbaycandan gələn 5 nəfərlik qrup Kapadokiyanın sakit payız günlərinə bir qaynarlıq gətirən turistlər sırasında o yerləri gəzdik, gördük, bilmədiklərimizi öyrənməyə çalışdıq. Bələdçimiz Zeynep Seçerə, sürücü Ali abiyə, can-başla bizə doğmalıq göstərən hər kəsə, o cümlədən qayğıkeş səfər yoldaşlarım, jurnalistikamızın peşəkarları: Züleyxa Nadir, Anar Yusifoğlu, Nurlan Qələndərov, Xalid Kazımova təşəkkürlər. Bu səfər, həm də onlarla ilk tanışlığım və dostluğumun təməli oldu. Hər şıltaqlığıma dözmələrini, kövrək vaxtlarımda etdikləri diqqəti heç vaxt unutmaram...
Yolumuz İstanbuladır...
İstanbul – nəhəng meqapolis. 15 milyonluq qədim və gözəl şəhər. Türklər üçün Allahın bir lütfü. Qədim sivilizasiyaların izləri var burada: təzadlar və möcüzələr şəhəri İstanbulda. Burada cəmi bir gün qalırıq. Möhtəşəm şəhəri görmək, gəzmək üçün çox az zamandı bu. Nə qədər istəsək də, arzumuzla imkanımız tərs mütənasibdir. Eybi yox, hələlik bu qədər də yetər. Sağlıq olsun…
İstanbulla sağollaşırıq. Türkiyə ilə xudahafizləşirik. Növbəti dayanacağımız Vətəndir – hər yerdən gözəl və doğma olan Azərbaycan!
“Hoşca kal, Türkiyə!..”
“Salam, Azərbaycan!..”
Budur, təyyarəmiz Bakıya çatır. Stüardessanın səsi eşidilir: “Hörmətli sərnişinlər, təyyarəmiz Bakıya enir...” Bu anda Azərbaycanın sədasını qulaqlarıma çatdıran bu səsdən doğma səs yoxdur Yer üzündə mənim üçün. Vətənlə qarşıdakı xoş görüşün bəxtiyarlığını yaşayıram. Ax, necə darıxmışam. Amma bu qədər darıxmağımın səbəbini heç özüm də anlamıram...
Səfər üçün xüsusi təşəkkürlər:
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslana,
“Lider qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızına, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camala, məni qalib edən yazımın yerləşdirildiyi “Modern.az” saytına.
Şəhidlər Xiyabanı. Türk əsgərlərinin xatirəsinə ucaldılan abidə. Əlimdə bir dəstə gül abidənin önündəyəm. Bir mənəvi borcum var bu igidlərə: ”Sizdən yazdım. Amma hansısa müsabiqənin qalibi olmaq, nəsə qazanmaq üçün yox! Məhz Sizi xatırlamaq, Sizi yad etmək üçün yazdım! Ruhunuz duaçım oldu, qalib etdi, doğulduğunuz, qəhrəman kimi böyüdüyünüz məmləkətə apardı məni. Sizə “rəhmət” deyə-deyə gəzdim və sizin kimi sevdim gözəl Türkiyəni. Yeriniz behişt olsun!..”
SİTARƏ CABBARLI
26-30 oktyabr 2013-cü il
Bakı-İstanbul-Kayseri-İstanbul-Bakı.
P.S. Türkiyədən qayıdandan sonra oxuduğum bir xəbərə çox sevindim. “Lonely Planet” bələdçisi 2014-cü ildə turistlər üçün ən gəzməli yerlərin siyahısını tərtib edib. Siyahı gələn il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Braziliya ilə başlayır. Sonra Antaktida, Şotlandiya gəlir. Paris gələn il üçün “turizm paytaxtı” seçilib. Türkiyənin, xüsusilə Kapadokiyanın siyahıda yer almasını eşitmək çox xoşdur. Seçim edənlər haqlı qərara gəliblər. Kapadokiyanı görən və gəzən bir turist kimi deyirəm bunu...