Modern.az

Savaşçı xanımlar: Ailəsinin gəlinlikdə görmək istədiyi Rəhilə hərbi paltarda şəhid oldu - FOTOLAR

Savaşçı xanımlar: Ailəsinin gəlinlikdə görmək istədiyi Rəhilə hərbi paltarda şəhid oldu - FOTOLAR

Reportaj

23 İyul 2024, 08:54

Azərbaycan xanımları hər sahədə özlərini sübut ediblər, o cümlədən də hərb meydanında. Birinci və İkinci Qarabağ müharibəsində fəal iştirak edən, döyüşərkən şəhidlik zirvəsinə ucalan, yaralanan onlarla qızlarımız-qadınlarımız olub. Onlar həm döyüşüblər, həm yaralı əsgərimizə tibbi yardım göstəriblər, həm də ağır vəziyyətdə olan hərbçilərin daşınmasına kömək ediblər. Savaşçı xanımlarımız vətənpərvərliyi, fədakarlığı, mərdliyi, millətinə və  torpağına hədsiz sevgisi ilə hər birimizə örənəkdirlər.

Modern.az saytı “Savaşçı xanımlar” layihəsinə davam edir. Bu dəfə haqqında söhbət açdığımız döyüşçü xanım Birinci Qarabağ müharibəsinin iştirakçısıdır - Tovuzun ilk xanım şəhidi Rəhilə Qarayeva.

Arayış: Rəhilə Komsomol qızı Qarayeva 1970-ci ilin 22 martında Tovuz rayonunun Qədirli kəndində dünyaya göz açıb. Rəhilənin 6, kiçik qardaşı Qalibin isə 4 yaşı olanda anaları Fatma xanım vəfat edib. 12 yaşında Tovuzdan Sumqayıtda yaşayan böyük bacısı Savad Məcidovanın yanına köçüb. Sumqayıta köçəndən sonra peşə məktəbində təhsil alıb.


Qarabağda müharibə başlayanda yetkinlik yaşına çatan Rəhilə Qarayeva cəbhəyə getmək qərarı verib. 1992-ci ilin aprelində döyüş bölgəsinə yollanıb. O, Qubadlıdakı “N” saylı hərbi hissənin 2-ci taborunda qulluq etməyə başlayıb. Əvvəlcə tibb məntəqəsində çalışıb. Yaşıdları Simarə və İlhamə kimi, o da tibb bacısı Dilşaddan ilk yardım göstərməyin incəliklərinə yiyələnib. Sona tədricən təlim meydanında avtomat silahdan atəş açmağı öyrənib.  
Hərbi təlim keçib ön cəbhəyə yola düşən Rəhilənin sorağı bir ildən sonra “Həsənin bölüyü”ndən (Şəhid komandir Həsənqulu Qasımov – ləqəbi “Həsən Qorxmaz”-red.) gəlirdi. Rəhilə Qarayevanın döyüş yolu 1993-cü ilin yayınadək davam edib. O, 1993-cü il  iyulun 31-də Qubadlıdakı qanlı döyüşlərin birində 23 yaşında şəhid olub. 

Şəhid Rəhilə Qarayeva Tovuz rayonunun Qədirli kəndində dəfn olunub.

Modern.az saytı savaşçı xanımın bacısı Savad Məcidova ilə həmsöbət olub:

- Savad xanım, bacınızı necə xatırlayırsınız, uşaqlığını, gəncliyini?..

- Rəhilə körpə olanda biz anamızı itirdik, o, çox sadə və qoçaq qız idi. Tənbəllik nədir, bilmirdi. Gördüyü işdən həzz almağı sevirdi. Çox qayğıkeş, düşüncəli,  hərdən də özünə qapanan qız idi. Evdə adicə süfrəni bəzəyirdi, istəyirdi ki, ona baxıb qiymət verək. Gördüyü işdən həzz almaq istəyirdi. Rəhilə həm də çox pozitiv qız idi.


- Bəs necə oldu ki, cəbhəyə getməyi qərara aldı?


- 1991-ci ilin 20 noyabrında baş vermiş Qarakənd faciəsini televizorda görəndə çox təsirlənmişdi. Rəhilə Xocalı hadisələrindən çox sarsılmışdı, həmişə cəbhə haqqında düşünürdü. Bu cür hadisələr ona pis təsir etmiş. 
O, peşə məktəbinin tikiş kursunda oxuyurdu, bir gün eşitdim ki, kursun uşaqları ilə birlikdə hospitala - cəbhədən yaralı gələn əsgərlərin yanına gediblər. Oradan gələndən sonra əsgərlərə kömək etmək barədə danışırdı. Deyirdi ki, “əsgərlər yaralanır, onlara kömək edən olmur. Adi sarıq edə bilən tibb işçiləri çatışmır”...
Bir də eşitdik ki, cəbhəyə gedib.

O zaman kiçik qardaşımız Qabil də əsgərlikdə idi. Rəhilə cəbhədə elə qardaşımla bir yerdə qulluq edirdi. Qardaş-bacını döyüş yolları eyni səngərlərdən keçir, ermənilərə qarşı  mübarizəni bir yerdə aparırdılar. Qardaşıma yalvarırdım ki, Qalib, göndər onu qayıtsın evə. Qardaşım da deyirdi ki, “bacı, Rəhilə mənə deyir ki, əgər sənə bir güllə tuşlansa, özümü qabağa verəcəm. Qoymaram sənə nəsə olsun”. Onların ikisi də Qubadlı döyüşündə Həsən Qorxmazın bölüyündə xidmət edirdi.

- Onun döyüş yolu haqqında nə danışa bilərsiniz?

- Rəhilə heç nədən qorxmurdu. Biz onun döyüş şücaətlərini sonradan eşitdik. Bacım komandiri Həsən Qorxmaz yaralananda onu döyüş meydanından çıxarmağa çalışmışdı. Bu barədə komandirin qardaşı Rəhilə şəhid olanda bizə gəlmişdi, o danışırdı. Deyirdi, “Rəhilə qorxmaz qız idi, biz kəşfiyyata gedirdik, əl çəkmirdi ki, mən də gedirəm”. Döyüş yoldaşları ilə təəssüf ki, əlaqəm yoxdu.
Sonradan onunla birgə xidmət etmiş qızları çox axtardım, amma tapa bilmədim. Rəhilənin döyüş yoldaşı olmuş Solmaz xanımı görmək istəyərdim. Onu da çox axtardım, tapa bilmədim. Qubadlı işğal olunandan sonra ara qarışdı, bilmədim hara yerləşdilər.


- Xatırlamırsınız, o, cəbhəyə gedəndə ailəniz bunu necə qarşılamışdı?


- Sözün açığı, ailəmiz razı deyildi, heç kim Rəhilənin döyüş bölgəsinə getməyini istəmirdi. Mənim qardaşımın biri onsuz da döyüşləırdə idi. Mən də istəmirdim ki, qız uşağı cəbhəyə getsin. Özü də ki, ailə qurmaq yaşına çatmışdı... 

Mən çox istəyirdim onu gəlinlik paltarında görüm, ailə qursun, yaxşı ailənin gəlini olsun, amma bunlar olmadı. Onun fikri başqa imiş. Mən onu gəlinlik əvəzinə, hərbi paltarda gördüm...

Sonradan eşitdiyimə görə, cəbhədə komandiri Həsən Qorxmaz Rəhiləni bəyənibmiş, müharibə bitdikdən sonra onunla ailə qurmaq fikri var imiş. 1992-ci ilin dekabrında döyüşlərin birində Həsən Qorxmaz ağır yaralanıb. Rəhilə bunu eşidəndə tez onun yanına qaçıb. Deyilənə görə, Rəhilə Həsən Qorxmazı xilas etmək üçün çox çalışıb. Amma xilas edə bilməyib, Həsən Qorxmaz şəhid olub. Komandirinin meyiti yağıların cənginə keçmək təhlükəsində qalanda Rəhilə onun cansız cəsədini kürəyinə alaraq təmas nöqtəsindən çıxarmışdı. 

- Rəhilə xanımın şəhid olması necə baş vermişdi?

- O, döyüşlərdə itirdiyi yoldaşlarının qisasını alacağına özünə söz vermişdi. Rəhilə döyüşdə kişilərdən geri qalmırdı, hətta daha irəlidə olurdu. 1993-cü il iyulun 31-də Qubadlıda gedən döyüşlərdə sinəsindən dəyən snayper gülləsindən şəhid olmuşdu. Kiçik qardaşım deyir ki, döyüş gedən vaxt o, başqa yerdə imiş. Birdən qışqırıq səsləri eşidib, kimsə “Rəhilə vuruldu!” deyib. Qardaşım çatana kimi Rəhilə şəhid olmuşdu, elə qardaşımın qucağında son nəfəsini verib.


- Onun adını əbədiləşdirmək üçün hansı işlər görülüb?

- Digər bacımın oğlu Vüqar Rzayev Rəhilə haqda bir neçə tədbir hazırlayıb.
Mən rəhmətlik deputat Qənirə Paşayevanın qəbuluna düşmək istəyirdim. Çalışırdım ki, Rahilənin adı hansısa küçəyə və ya məktəbə verilsin. Ancaq buna nail ola bilmədim.
Onun adına öz hesabımıza bulaq kompleksi tikdirmək istədik, ancaq bu da baş tutmadı.
İndi arzum budur ki, heç olmasa bacımın döyüşdüyü, şəhid olduğu yerə - Qubadlının Yuxarı Cibikli kəndinə gedim.

- Rəhilə xanımın hansısa əşyaları yadigar qalıb?

- Onun əşyalarının çox hissəsini Sumqayıtdakı Nizami Gəncəvi adına Mədəniyyət evinə verdik. Rahilənin məndə bir dəftəri, albomu və şəkilləri qalıb.

Xəyalə Bayramqızı

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri