Modern.az

Bakının məşhur qonaqları - Ecevit Azərbaycanda kimin valını axtarıb, tapa bilməyib... - FOTOLAR

Bakının məşhur qonaqları - Ecevit Azərbaycanda kimin valını axtarıb, tapa bilməyib... - FOTOLAR

26 Avqust 2024, 12:00

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olub. Həmin məşhurların qısa və ya uzunmüddətli səfərləri həm onların özlərində, həm də Bakının tarixində və insanlarımızın yaddaşında silinməz izlər qoyub.

Modern.az saytı Türkiyə Cümhuriyyətinin görkəmli dövlət xadimi, qardaş ölkənin keçmiş Baş naziri Bülənd Ecevitin vaxtilə Azərbaycana etdiyi səfərlə bağlı araşdırma aparıb.

“Bakının məşhur qonaqları” layihəsi çərçivəsində təqdim etdiyimiz araşdırmada Ecevitin ölkəmizə verdiyi dəstəyə də toxunacağıq.

Bülənd Ecevit 1974 – 2002-ci illər aralığında Türkiyədə beş dəfə Baş nazir vəzifəsində çalışıb.


Arayış:
Bülənd Ecevit 28 may 1925-ci il tarixində İstanbulda anadan olub.

1944-cü ildə İstanbuldakı Amerika Kollecini bitirib. Əmək fəaliyyətinə elə həmin il Ankaradakı Mətbuat və Nəşrlər Baş İdarəsində ingilis dili tərcüməçisi kimi başlayıb.

1946-cı ildə məktəb yoldaşı Rahşan Aralla (Ecevit) ailə həyatı qurub.

1946-1950-ci illərdə Türkiyənin Londondakı Səfirliyinin Mətbuat Attaşesində tərcüməçi və məmur kimi çalışıb.

1950-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) nəşri olan “Ulus” qəzetində işləməyə başlayıb.

1954-55-ci illərdə ABŞ-ın Şimali Karolina ştatında “The Journal and Sentinel” qəzetində jurnalist kimi çalışıb.

1965-ci ildə “Milliyet” qəzetində gündəlik məqalələr yazıb. 1972-ci ildə aylıq “Özgür insan”, 1981-ci ildə həftəlik “Arayış”, 1988-ci ildə isə aylıq “Göyərçin” jurnallarını nəşr etdirib.

1957-1980-ci illərdə əvvəlcə Ankaradan, sonra isə Zonquldakdan CHP millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilib.

1961-1965-ci illərdə İsmət İnönü tərəfindən qurulan hökumətlərdə əmək naziri olub.1966-1971-ci illərdə isə CHP-nin baş katibi vəzifəsində çalışıb.

4 may 1972-ci ildə CHP-nin lideri seçilib.

1974-cü ildə CHP ilə MSP (Milli Selamet Partiyası) koalisiya hökuməti qurub və Ecevit Baş nazir olub. Onun Baş nazirliyi təxminən 8 aya yaxın sürüb.

Bülənd Ecevitin 1978-ci ildə qurduğu növbəti hökumət 21 ay davam edib.

1980-ci ilin 12 sentyabr tarixli hərbi çevrilişi zamanı Ecevit saxlanılıb və 10 illiyə siyasətdən uzaqlaşdırılıb. Siyasi qadağa davam edərkən, həyat yoldaşı Rahşan Ecevitin başçılığı ilə Demokratik Sol Partiya qurulub.
1987-ci ildə keçirilən referendum nəticəsində B.Ecevitin üzərindəki qadağa götürülüb və o, Demokratik Sol Partiyanın (DSP) sədri seçilib.


1991-ci il seçkilərində yenidən Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.

Bülənd Ecevit bir çox uğursuz sui-qəsd cəhdinə məruz qalıb. Bunlardan biri ABŞ-da, digərləri Türkiyədə baş verib.

18 aprel 1999-cu ildə keçirilən seçkilərdə partiyasına qələbə qazandıran Ecevit Milliyyətçi Hərəkat Partiyası (MHP) və Ana Vətən Partiyası (ANAP) ilə birgə koalisiya hökuməti quraraq yenidən baş nazir olub.

2000-ci ildə keçirilən prezident seçkilərində universitet bitirmədiyinə görə  prezidentliyə namizəd ola bilməyib. Ecevit koalisiya partiyalarının bu müddəaya düzəliş etmək və prezident olmaq təklifilə razılaşmayıb.

Onun sonuncu Baş nazirliyi 1999-cu ildən 2002-ci ilədək (3 il 10 ay) sürüb.

Bülənd Ecevit 25 iyul 2004-cü ildə Demokratik Sol Partiyasının sədri vəzifəsindən ayrılıb və siyasətdən gedib.


Gözütox siyasətçi

Türkiyədə sevilən bir insan və dövlət xadimi olmuş Bülənd Ecevit ölkə həyatının mühüm dövrlərində qətiyyətli qərarları, eləcə də PKK terror təşkilatının başçısı Abdulla Öcalanın Keniyada həbs olunub Ankaraya gətirilməsi ilə tarixə düşüb.

Bülent Ecevit siyasi həyatı ilə yanaşı, həm də çoxlu tərcümələri, yazıları və şeirləri olan nadir siyasətçilərdən biridir. O, Türkiyədə “Karaoğlan” ləqəbilə məşhurlaşmışdı. Eceviti Öcalanın Keniyada həbs olunmasına görə “Keniya fatehi”, ilk dəfə Şimali Kiprə qoşun yeritdiyinə görə isə “Kıbrıs fatehi” də adlandırırdılar.

Bülənd Ecevit Türkiyədə mavi köynəyi və papağı ilə marka olan liderlərdən idi.

Mərhum Bülənd Ecevit bütün Türk dünyasının görkəmli dövlət adamlarından biri kimi Azərbaycanda da böyük siyasi xadim, qardaş və dost kimi hörmətlə xatırlanıb yad edilir. Bu da səbəbsiz deyil. Ecevit Azərbaycanı dost və qardaş məmləkət sayır, ölkəmizi sevir və dəstəkləyirdi. O, fürsət tapıb Azərbaycana səfər də etmişdi.

Türkiyə mənbələrinin məlumatına görə, 1972-ci ildə İsmət İnönünün istefasından sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) başına keçən Bülənd Ecevit hələ o zaman “Turançılığa” meylli olmuş və Türk dünyasına böyük maraq göstərmişdi.

Ecevit Bakıda...


Türkiyənin müxalifət lideri Bülənd Ecevit Moskva hava limanında - 1976-cı il.

Bülənd Ecevit hələ 11 iyun 1976-cı ildə müxalifətdə olah CHP-nin sədri kimi Sovet İttifaqına səfər etmişdi. Bu səfər SSRİ parlament qrupunun dəvətilə baş tutmuşdu. Onu müşayiət edənlər arasında həyat yoldaşı Rahşan Ecevit də vardı. Bülənd bəy əvvəlcə Moskvaya, daha sonra Leninqrada getmiş, oradan da Bakıya gəlmişdi. Həmin səfər zamanı Moskavada çıxış edən Ecevit türk-sovet dostluğunun Türkiyə xarici siyasətinin təməl prinsiplərindən biri olduğunu vurğulamışdı.

O zaman Türkiyənin baş naziri postunu tutan Süleyman Dəmirəl müxalifət lideri olan Ecevitin xarici səfərlərinə diqqət çəkərək, onun böyük sıxıntı yaşadığını söyləyib lağ etmişdi: "Ecevit yaşadığı çətinliklər üzündən xarici səfərlərə çıxıb. Rusiyadan sonra Amerikaya da gedəcəkmiş”.
Dəmirəlin Ecevitə ünvanladığı “gəzsin, bir az dərdini çıxartsın” deməsi və “qəhqəhələrlə gülməsi” xəbərləri həmin dövrün qəzetlərində yer almışdı.

Bülənd Ecevit isə Dəmirəlin atmacalarını cavabsız qoymuş və Moskvadan Bakıya böyük həvəslə gəlmişdi.

Beləliklə, Bülənd Ecevitin Bakıya ilk səfəri 1976-cı il iyunun 14-də gerçəkləşmişdi. Onu müşayiət edən nümayəndə heyətinə bir qrup türkiyəli siyasətçi və jurnalist də daxil idi.
 
Hava limanında türkiyəli qonaqları Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi Güllü Əbilova, SSRİ Ali Sovetinin deputatı İmran Qasımov, Azərbaycan SSR mədəniyyət naziri Zakir Bağırov, Azərbaycan SSR Ali Sovetinin deputatları, Azərbaycan SSR Xarici İşlər Nazirliyinin məsul şəxsləri, jurnalistlər qarşılamışdılar.

Elə həmin gün qonaqlar Bakının arxitektura və sənət abidələri, yeni tikintiləri ilə tanış olmuş, 26 Bakı komissarının xatirə kompleksinə, Azərbaycan Tarixi muzeyinin ekspozisiyasına baxmışdılar.

İyunun 14-də Bülent Ecevit və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilovun qəbulunda olmuşdu. Q.Xəlilov qonaqlar qarşısında çıxışı zamanı SSRİ-nin bütün xalqlarla, o cümlədən türk xalqı ilə dostluq münasibətlərinin inkişaf etdirilməsinə tərəfdar çıxdığını vurğulamışdı.

B.Ecevit isə Azərbaycan torpağında baş vermis böyük dəyişikliklərdən məmnun olduğunu və buna sevindiyini söyləmişdi.

“Partiyamız Türkiyədə ən böyük partiyadır və müxalifətdə olsa da, Türkiyə hökumətinin ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin yaxşılaşdırlması naminə gördüyü tədbirlərə bütünlüklə və tamamilə tərəfdardır. Bizim Sovet İttifaqına səfərimiz də bu nəcib məqsədə xidmət edir”, - Ecevit demişdi.
 
Xatirələr...


Azərbaycanın mədəniyyət naziri Zakir Bağırov (ortada) Bülənd Ecevit və xanımını Bakı ilə tanış edir - 1976-cı il.

O zaman Bakıda olarkən Bülənd Ecevit Azərbaycan paytaxtının gəzməli-görməli yerlərinə aparılıb. Bu müsafirliyi ona Azərbaycan SSR-in mədəniyyət naziri Zakir Bağırov (19 fevral 1971 – 26 dekabr 1988) edib.

Bülənd Ecevitlə birgə Bakıya gələn siyasətçi və yazar Cahid Kayra sonralar yazdığı xatirələrdə bu səfərdən geniş bəhs edib. 

Cahid Kayra xatirələrinə bu sözlərlə başlayıb: “Qurşun rəngli səssiz və küskün bir div kimi yatan Leninqraddan sonra Bakı bir Ağdəniz ölkəsi kimi göründü. Ziyafətlərə qatıldıq. Bakı hökumətinin mədəniyyət naziri Bülənd Ecevitə müsafirlik edirdi. Həsən Əsəd İşıkla mən “köhnə vəzirlər” olduğumuzu öyrəndik”.

“Köhnə vəzirlər”dən söz düşmüşkən, Bülənd Ecevit və türkiyəli qonaqlara Bakıda şam yeməyi verilərkən maraqlı hadisə baş verib: yemək zamanı mədəniyyət naziri Zakir Bağırov türkiyəli qonaqların rəhbərini məclisdəkilərə “köhnə baş nazir Bülənd Ecevit bəy” deyərək təqdim edib. Türkiyə nümayəndə heyəti bu cür təqdimatdan təəccüblənərək, diksinib. Çünki Azərbaycan türkcəsində səslənən “köhnə” sözü Türkiyə türkcəsində “köhnəlmiş” – “yıpranmış” mənasını ifadə etdiyindən qonaqlarda xoş təəssürat oyatmayıb. Bu zaman tərcüməçi işə qarışıb və məsələni izah edərək söhbəti yoluna qoyub.

Cahid Kayra xatirələrində Bakının neft qoxuyan sahillərindən, güllü-çiçəkli parklarından bəhs edib, şəhərin memarlığını bəyəndiyini yazıb. Amma Bakının bu gözəlliyinin üzərində qurulan bir çirkinlikdən də söz açıb:

“Amma bu gözəlliyin üstündə, şəhərin təpəsindən aşağıya doğru Demokl qılıncı kimi asılan “Kirov” heykəli bir anda bütün görüntünü pozur. Xatirələr sizi 1920-lərin soyqırımına, Kirovun azərbaycanlı aydınları acımasızcasına qətl etdiyi zamanlara aparır”.


Zakir Bağırov Bülənd Eceviti Qız qalasına gətirib - 1976-cı il.

Türkiyəli yazar xatirələrində Bakı ilə İstanbulu müqayisə də edib:

“1920-ci illərin Bakısı eyni illərdəki İstanbulla müqayisədə daha inkişaf etmiş bir şəhərdi. Universitet, elm, sənət həyatı, qurumlar irəlidə idi. Latın əlifbasını Türkiyədə əvvəl qəbul etmişdilər. Sonra isə bolşeviklər kiril əlifbasını gətirdilər. Bakının o illərdə opera binası, öz operaları, xor orkestri vardı. Bakını gəzdirənlər bizə o illərin sənətçiləri və indikilər haqqında xeyli danışdılar. Biz Bakıda ikən Azərbaycanın böyük sənətkarı Niyazi Ankarada orkestri idarə etməkdə idi”.

C.Kayranın xatirələrində Azərbaycanın təhsil həyatına da toxunulub:

“Biz getdiyimiz Bakı Universitetində 98 min tələbə oxuyurdu. Orada bizə Təbiət Tarixi Muzeyini xüsusilə gəzdirdilər. Bir salonda balaca gənc xanım Azərbaycan xəritəsi üzərində dünyanın ən qəribə və zəngin mədənlərinin bu dağlarda olduğunu danışdı. Mədən yataqlarının yerlərini göstərdi. Bu mədənlərdə çıxarılanların hara getdiyini soruşduq. Hamısının Rusiyaya və başqa respublikalara göndərildiyini dedi”.

Xatirələrdən öyrənirik ki, Bülənd Ecevit Bakıdakı Soyuducular Zavoduna da gedib, Xəzər neftinin idarəçiləri ilə də görüşüb:

Səfərin ikinci günü Bakını gəzməyə çıxan türkiyəli heyət Bülənd Ecevitin istəyi ilə şəhərdə piyada dolaşıb:

“Bakıda ikinci gün Ecevit şəhəri piyada gəzmək istədi və yola düşdük. Heyət şəklində dolaşdıq, amma daha sonra qruplara ayrıldıq. Bülənd Ecevit və mən kitab mağazasına girdik. Ecevit val almaq istəyirdi, amma tapa bilmədi. Bir kitabçıda Plexanovun SSRİ-də ingiliscə çap olunmuş kitabını gördük. Ecevit düşüncəli şəkildə üzümə baxdı və kitabı satın aldı. Mən isə Nəsimi və Xətainin ərəb hərflərində olan divanlarını aldım”, - Cahid Kayra yazıb.

Cahid bəy xatirələrində Sovet Azərbaycanı rəhbərlərinin öz dilində danışmaq istəməməsinə də toxunub:

“Məni ən çox düşündürən hadisə bizi müsafir edən azərbaycanlıların azəri türkcəsində çətin danışmaları idi. Bülənd Ecevitin mehmandarı olan mədəniyyət naziri danışarkən o qədər çətinlik çəkirdi ki, tez-tez tərcüməçi Mustafaya rusca deyir, o da bizə tərcümə edirdi. Amma çöldəki insanlar belə deyildi... Bakını tərk edəcəyimiz gün mədəniyyət naziri yanıma gəldi və açıq şəkildə türkcə danışmağa başladı. Ürəyimdə “niyə həmişə belə danışmırsan” deyə soruşmaq istədim. Amma nazir səbəbini “arifanə” şəkildə anlatmışdı, əlavə soruşmaq mənasızdı...”.

Ecevitdən Turançılıq, türkçülük çağırışları...



Sovet İttifaqı dağılan ilk vaxtlarda da Ecevit keçmiş SSRİ məkanındakı Türk ölkələri ilə dərhal təmas qurmaq və əməkdaşlıq etmək, hətta ortaq birlik qurmaq təklifləri verib. Onda o, millət vəkiliydi.

Bülent Ecevit 25 dekabr 1991-ci ildə Türkiyə Böyük Millət Məclisindəki çıxışında Sovetlərin dağılmasına toxunaraq demişdi: "Bu parçalanma Türkiyə üçün çox geniş yeni üfüqlər açır, imkanlar təqdim edir. Əgər Türkiyə bu imkanlardan vaxtında və lazımi şəkildə istifadə edə bilsə, inanıram ki, dünyada gedən sürətli dəyişiklik prosesində ölkəmizin beynəlxalq aləmdəki yeri, çəkisi və əhəmiyyəti böyük ölçüdə artacaq...”.

Türkiyə mediasının arxiv materiallarında yazırlar ki, Ecevit bu çıxışı ilə “türkçülük”ü gündəmə gətirməyə çalışmışdı.

Ecevit SSRİ-dən ayrılan türk dövlətlərinə diqqət çəkərək daha sonra demişdi: “Bu arada təkcə Türkiyənin deyil, türklüyün əhəmiyyəti də artır. Düşünürəm ki, dünya ictimai rəyi ilk dəfədir ki, dünyada Türkiyə əhalisindən daha çox Türk birliyi və ya Türk toplumlarının olduğunun fərqinə varır”.

Həmin dövrlərdə Bülent bəy onu “Turançı”, “Şovinist” damğası vurulmasından narahat olmuş və bunu özü də dilə gətirmişdi.

Türkiyə Baş nazirindən hələ 2002-ci ildə Naxçıvana dәһliz tələbi...

Bülent Ecevit 1992-ci ildə Qarabağda erməni vəhşiləri tərəfindən Xocalı soyqırımı törədilərkən də Azərbaycanın müdafiəsi qalxmışdı. 26 fevral 1992-ci il tarixində Demokratik Sol Partiyasının lideri kimi o, “Azərbaycanla Naxçıvan arasında coğrafi bütövlük yaradılmalıdır” bəyanatını səsləndirmişdi.

Daha sonra Baş nazir işləyərkən Naxçıvana dәһliz verilmәsi məsələsini yenidən gündəmə gətirmişdi ki, o da bizim indi “Zəngəzur dəhlizi” adlandırdığımız yol idi.


Baş nazir Bülənd Ecevit Azərbaycan Prezidenti Heydər Əliyevin Qarabağla bağlı çıxışını dinləyir - 13 mart 2001-ci il, Türkiyə Böyük Millət Məclisi.

2002-ci ilin iyununda ABŞ-ın müdafiә naziri Ankarada olarkən Türkiyәyə Ermәnistanla әməkdaşlıq etmәyi, sәrһәdlәri açmağı tәklif etmişdi. Bunun cavabında Baş nazir Bülәnd Ecevit iki şərt irəli sürmüşdü: "Ermənilәr Qarabağdan çıxmalı vә Naxçıvana dәһliz vermәlidirlər!".

Ecevitin həmin dirənişi Azərbaycanın o zamankı prezidenti mərhum Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirlmişdi.

“Türkiyә bizim dostumuz,әn yaxın müttәfiqimizdir. Türkiyә dәfәlәrlә bәyan edibdir ki,  onun Ermәnistanla münasibәtlәri yalnız Ermәnistan-Azәrbaycan münaqişәsi aradan qaldırılandan sonra ola bilәr. Koçaryanla birbaşa, һәmsәdrlәrin vasitәsilә danışıqlarımızda da bu mәsәlә gündәlikdә durur. Yәni Türkiyә belә fikirdәdir ki, әgәr Ermәnistan silaһlı qüvvәləri Azәrbaycanın işğal olunmuş torpaqlarını azad etsә, Azәrbaycanın әrazi bütövlüyü bərpa olunsa vә bu münaqişәyә son qoyulsa, sülһ әldә edilsә, Türkiyә sərhədləri aça bilәr. Amma əgәr bunlar olmasa, Türkiyә, güman edirәm ki, һeç bir şey etmәyәçәkdir...
Әgәr һörmәtli Bülәnd Ecevit belә cavab veribsә, tamamilә düz edibdir. Xatirinizdәdir, mәn mart ayında Türkiyәdә olarkәn danışıqların һamısında bu mәsәlәni çox kәskin qoymuşdum. Yәni burada bir fikir müxtәlifliyi yoxdur. Baş nazir һörmәtli Bülәnd Ecevitin dә belә cavabı һәmin mövqeyin dәyişmәdiyini göstәrir”, - H.Əliyev demişdi.

Sonuncu Baş nazirlik dönəmində Bülənd Ecevit Ermənistanın işğalçılıq siyasətinin birmənalı şəkildə qəbuledilməz olduğunu vurğulamış və “bu münaqişənin aradan qaldırılması üçün Azərbaycanın haqq işini Türkiyə həmişə müdafiə edir və edəcəkdir” söyləmişdi.

Eyni məzarda...


Bülənd Ecevit 2006-cı il noyabrın 6-na keçən gecə Gülhanə Hərbi Tibb Akademiyasında beyninə qan sızmasından 81 yaşında vəfat edib.

Həyat yoldaşı Rahşan Ecevit isə ərinin ölümündən 14 il sonra dünyasını dəyişib.

60 il birgə ömür sürən Bülənd və Rahşan Ecevit cütlüyünün övladı olmayıb.

Onlar eyni məzarda dəfn olunublar.

2020-ci ilin 17 yanvar gecəsi vəfat edən 96 yaşlı Rahşan Ecevit həyat yoldaşı ilə eyni məzarda dəfn olunmasını vəsiyyət etmişdi. Türkiyə hökuməti onun vəsiyyətinə əməl etdi, Bülənd Ecevitin Ankaradakı dövlət məzarlığında olan qəbri açıldı və Rahşan Ecevitin nəşi ora qoyuldu.

Rahşan Ecevit Demokratik Sol Partiyası və Demokratik Sol Xalq Partiyasının qurucusu, “Aşk” romanın müəllifi, şair, rəssam və ingilis dilini yüksək səviyyədə bilən xanım idi. O, Bülənd Ecevitin siyasi həyatında çox böyük rol oynamışdı.

Bülənd və Rahşan Ecevitlər Türkiyədə ən nümunəvi, sədaqətli və təməli əsl sevgi üzərində qurulmuş ailə olaraq xatırlanır… Sadə həyatı, təvazökarlığı və vicdanlılığı ilə örnək olan Ecevitlər hər zaman ehtiramla yad edilir…


Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?