Modern.az

4 dəfə ad dəyişmiş Qara şəhər - Xətai

4 dəfə ad dəyişmiş Qara şəhər - Xətai

Reportaj

11 Dekabr 2013, 11:36


Modern.az
saytı Bakının rayonları ilə bağlı yazıları davam etdirir. Bu dəfə söhbət 12 rayonundan biri olan Xətai haqqında gedəcək.

Rayon Abşeron yarımadasının cənubunda yerləşir. Rayonun ərazisi 31,6 кvadrat km, əhalisi 261.1 min (2012-ci il I yarım ilinə olan məlumat) nəfərdir. Əhalinin sıxlığı 1 kv.km-ə 8263 nəfər təşkil edir. Əhalinin ümumi sayının 49 faizi – kişi, 51 faizi qadındır. Qarabağ müharibəsi əlillərinin sayı 384, şəhid ailələrinin sayı 520 nəfərdir. Xətai rayonunda 23044 nəfər (5662 ailə) məcburi köçkün və 10.232 nəfər (2245 ailə) qaçqın məskunlaşıb.

Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu, 1932-ci ildən Şaumyan adlandırılıb. 1981-ci ildə bir hissəsinə Nizami rayonu adı verilib. 5 yanvar 1990-cı ildən isə Azərbaycan şairi və hökmdarı Şah İsmayıl Xətainin şərəfinə Xətai rayonu adlanır.

Qara şəhər


Tarixçi-alim Təvəkkül Səlimov bildirdi ki, neftlə bağlı demək olar sahələrin çoxu bu rayon ərazisindədir. “Bu gün ən çox inkişaf etmiş sənaye rayonudur. Hələ 19-cu əsrin ikinci yarısında də burada çox güclü neft emalı müəssisələri yaranıb. 20-ci əsrin əvvəllərindən ta indiyə qədər əhali arasında bura “Çornıy qorod”, yəni “Qara şəhər” adlandırılır”.

Rayonun Əhmədli adlı kəndi var. Burada 15 minə yaxın insan yaşayır.

Əhmədli kəndində 16-cı əsrə aid məscid, 18-19-cu əsrlərə aid pirlər olub. Burada tarixi təxminən 500 ilə dayanan qəbiristanlıq var. Qəbiristanlığın içində də memarlıq cəhərtdən o qədər də diqqəti çəkməyən sərdabə mövcuddur.

Ticarət əlaqələri

Dənizə yaxın yerləşməsi digər rayonlara nisbətən dəniz havasının daha çox hiss olunmasına səbəb olub. Limanın burada yerləşməsi də üstünlüklərindən biridir. Qədim dövrlərdə yaxın şərq ölkələri ilə ticarət əlaqələrinin qurulması, dəniz ticarəti mübadiləsində indiki Xətai rayonu özünəməxsus rol oynayıb. Dəniz ticarətində həmişə seçilən rayon olub. Azərbaycan məhsullarından xüsusilə zəfəran məhz dəniz vasitəsilə ixrac edilib. 

Müasir Xətai


Rayon ərazisində 38 ümumtəhsil  məktəbi , 47 körpələr evi, uşaq bağçası  yerləşir. 3 saylı uşaq evi, SOS uşaq gənclərinin kəndi də bu ərazidədir. Eyni zamanda Nobel Qardaşlarının ev muzeyi ,Müasir incəsənət muzeyi, Səməd Vurğun adına mərkəzi kitabxana klubu, Sabir adına kitabxana klub, şahmat məktəbi, “Dinamo” idman cəmiyyəti, “Sərhədçi” idman-olimpiya mərkəzi, Xocalı soyqrımına həsr olunmuş park, H.Əliyevin adını daşıyan park və s. var. Rayonda əhəmiyyətli dövlət orqanları: Ali Məhkəmə, “Azəriqaz” İB, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyinin yanğından müdafiə idarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Mərkəzi Respublika Xəstəxanası, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Respublika narkoloji dispanser və. s. yerləşir.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi