Ermənistanın baş naziri Nikol Paşinyan ötən axşam Nyu-Yorkdakı “Türk evi”ndə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” adlı imzalı kitabını Paşinyana hədiyyə edib.
Modern.az xəbər verir ki, Nikol Paşinyanın kitabı alandan sonra kameralara gülərək poza verməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Paşinyanın Ərdoğanla çəkdirdiyi fotoşəkil bütün erməni KİV-lərini "bəzəyib".
Baş nazirin hərəkətindən qəzəblənən radikal düşüncəli və revanşist xislətli ermənilər ona qarşı nifrət və kinlərini sosial şəbəkələrdə qusublar..
Paşinyana nifrət edən ermənilər onun düşmən dövlət başçısının kitabını niyə belə sevinclə qəbul etməsi ilə bağlı çox qəzəbli statuslar paylaşılıb. Bu paylaşımların bəziləriondə “Paşinyan erməniləri dəli edir” tipli şərhlər yazılıb.
Məsələn, Aram Manukyan adlı erməni hiddətindən “Bu görüş üçün “Artsax” və minlərlə erməni qurban verildi”, - deyə qeyd edib.
Gevorq Stepanyan “Bu, bütün ləyaqətli ermənilərin ləyaqətinin sonudur”, - yazıb.
Ruben Melikyan “Düşmən əlaltısı xoşbəxtdir” qeydi ilə Paşinyanı türklərə işləməkdə ittiham edib.
Artur Saakyan isə “O, uşaqlıqdan bəslədiyi arzuların həyata keçməsinə sevinir. Bu Nikollar kimlərdir, haradan gəliblər və Ermənistanı hara aparırlar?” sualı ilə qəzəbini ifadə edib.
Edik Andreasyan hiddətini belə ifadə edib: “O, əlində sanki özünün “Vətəndaş birıliyi” partiyasının proqram və nizamnaməsini tutub. Nikol elə bil “müqəddəs kitab” daşıyır”.
Qalina Sukiasyan isə yazıb: "Ay axmaq, Ərdoğanın nəyə güldüyünü bildik, bəs sən özün nəyə gülürsən?".
A.Qorxmaz