Modern.az

13 ilin həsrəti - Ömürlük məhbusun AİLƏSİNDƏN REPORTAJ

13 ilin həsrəti - Ömürlük məhbusun AİLƏSİNDƏN REPORTAJ

11 Dekabr 2013, 13:00

Məşhur xəttat Seyfəddin Məmmədvəliyevin yalnız bir arzusu var - oğlu Səbuhi Məmmədvəliyevi qızına qovuşdurmaq


Müsahibimizlə görüşə getməyə hazırlaşanda içimizdə bir narahatlıq hissi, uzun illərdir ki, taleləri ilə barışanları yenidən üsyana səsləyəcək qorxu var idi. Gedəcəyimiz, söhbətləşəcəyim insanların talelərini az-çox bildiyimizdən onların onsuz da qabıq bağlamayan yaralarına duz basıb, təzələmək istəmirdik.
Hələ oxucuların qınağınə demirik, kimsə “ömürlük məhkumu niyə təbliğ edirsiniz, o qatildir” deyə irad tuta da bilər. Amma gəlin bəribaşdan hökm çıxarmayaq. Axı kim ömürlük barmaqlıqlar arasına düşməyə razı olar...


Beləcə, bu fikirlərlə müsahibimizlə görüşə yollandıq. Mənzil başına çatanda isə yol uzunu beynimizdə dolaşıq fikirlərin düyünü açıldı.


Elə qapıdan içəri girən kimi iki xoş simalı, nurani insan bizi necə gülərüzlə qarşıladısa ki, bütün həyəcanımız, beynimizi yeyib-dağıdan fikirlər bir andaca yox oldu. Beləcə söhbətimiz alındı...


Modern.az saytı ömürlük məhbusların ailələri ilə ilk reportajı təqdim edir.


“Oğul həsrətinə yox, sənət həsrətinə yanıram”


Seyfəddin və Firəngiz Məmmədvəliyevlərin ürəyində bir yara –övlad yarası qubar bağlayıb. Qızlarını gənc yaşlarında itiriblər, bir oğlanları itkin düşüb, digər oğlanları isə ömürlük həbsə məhkum olunub. Seyfəddin dayının yalnız bir arzusu var – ömürlük həbs olunan oğlu Səbuhi Məmmədvəliyevi qızına qovuşdurmaq.


“Beş övladım - 3 oğlum, 2 qızım var. Qızlarımdan birini institutun birinci kursunda oxuyarkən itirmişik. Böyük oğlum Fəxrəddin 1993-cü ildən bəri itkin düşüb. Ən kiçik oğlum Səbuhi isə 1970-ci ildəndir. O, dəmir barmqalıq arxasında ömürlük məhkum həyatı yaşayır.


Böyük oğlum Fəxrəddin 1962-ci ildə anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdi. Mən 1964-cü ildə Əlyazmalar İnstitutunda işləməyə başlayanda oğlum Fəxrəddin də ara-sıra yanıma gəlib işləyirdi. Qədim miniatürlərin Azərbaycan variantını yaratmaq üçün “Dədə Qorqud” kitabını ona verdilər. Təxminən 80-ə yaxın eskiz işlədi. İnstituta qəbul olan gündən onun əl işləri qəzetlərdə çıxırdı. İncəsənət Universitetinin 4-cü kursunda oxuyanda türkçü çıxışlarına görə onu həbs etdilər. Çox istedadlı oğlan idi. Onun itkin düşməsi mənim üçün oğul itkisindən çox, böyük bir sənətin yox olması oldu”.


Elə ailənin əzablı illəri də bundan sonra başlayır. Bir oğulun məhbəsə düşməsi, o birinin itkin düşməsi ailəsini sarısıdır. Oğlunun sənətinə vurğun olan Seyfəddin Məmmədvəliyev böyük bir sənətkarı itirməsinə heyfsilənir.   


Belçikadan gələn xoş xəbər
 

“Fəxrəddini türkçü çıxışlarına görə tutdular. 15 gün həbsdə qaldı. Həbsdən çıxdıqdan sonra itkin düşdü. Nə qədər axtarışa verdik. Oğlumun itkin düşməsinin aparıcı adamı Sadıq Əliyev oldu. Onun vasitəsi ilə müəyyən işlər görülmüşdü.


Hara şikayət etdiksə, heç bir xəbər çıxmadı. Bu günə kimi nə ölüsündən, nə dirisindən xəbər var. Çox adam elə bilirdi ki, onu biz harasa göndərmişik. Bir müddət söz gəzdi ki, Belçikada Vəliyev Fəxrəddin adında bir nəfər 5 dəqiqə ərzində 20 insanın üz-kontur xətlərini çəkərək “Ginnesin Rekordlar Kitabı”na düşüb. Hətta Belçika şahzadəsinin də şəklini çəkib. Yunanıstanda, Türkiyədə sərgisi keçirilib. Güman etdik ki, bizim oğlumuz olar. Soyadımız Məmmədvəliyev olduğundan içimizdə bir balaca ümid yaranmışdı. Düzdü, həmin oğlanın atasının adı çəkilməsə də soyadı Vəliyev idi. Dedik yəqin, Məmməd adını atıb, Vəliyev kimi fəaliyyət göstərir. Heyf ki, onun dəsti-xəttini görmədim. O dəqiqə oğlum olub-olmadığını bilərdim. Çünki çəkdiyi şəkilləri tanıyıram. Daha sonra “Azadlıq Radiosu”nda həmin oğlanı danışdırdılar. Fəxrəddin çox ciddi idi, amma o, zarafatyana danışırdı. Dedi ki, “qızımı xarici vətəndaşa ərə vermişəm. Ona görə də hələ Azərbaycana gələ bilməyəcəyəm”. Səsindən belə başa düşdüm ki, oğlum deyil.
 

Oğlumun çəkdiyi kitabların hamısı türk tarixi ilə bağlı idi. Çin səddinin türklər tərəfindən tutulması, Nadir şahın yürüşü, çəkdiyi şəkillərdə onların hamısını göstərirdi. Onun əl işlərinə baxsanız, necə bir sənətkarın itdiyini özünüz də görəcəksiniz. Belə bir sənətkarın, istedadın itməsi məni çox yandırır”. 
 

“Biz qapı ağzındayıq”
 

Bu bəs deyilmiş kimi, ailə başqa bir övladı ilə sınağa çəkilir. Bu dəfə isə Səbuhi Məmədvəliyev ömürlük həbsə məhkum olunur. O gündən bu günə hər iki valideynin bir gözü qapıda, bir gözü telefonda oğullarından xoş xəbər gözləyirlər. Səbuhinin ömürlük cəza almasına baxmayaraq, Məmmədvəliyevlər Allahdan əllərini üzmür, onun bir gün ailəsinin yanına qayıdacağına ümid edirlər.  


“Səbuhini birbaşa işdən aparmışdılar. Həmin günü gecəyə kimi onu gözlədik. Evə gəlməməyindən narahat olub qaynım oğlu ilə yağışlı vaxtda oğlumu axtardım. Gecə saat 4-də polis məntəqəsindən tapdıq. Qəsdən adam öldürmə maddəsi ilə ömürlük həbs olundu. Demirəm ki, oğlumun günahı yoxdur. Təbii ki, heç bir günahsız insanı həbsə atmırlar. Günahkardır, ona görə də cəzasını çəkməlidir. Səbuhinin məhkəməsi keçiriləndə müstəntiq çalışırdı ki, maddələri artırsın. 4 dəfə istintaq aparıldı. Müstəntiq istədiyi şeyləri yazırdı. Həm Sadıq Əliyevə, həm də Səbuhiyə ömürlük həbs verildi. 2000-ci il yanvarın 4-də ömürlük həbs cəzası aldı. Amma onun etdiyi cəzanın qarşılığı ömürlük həbs deyildi. Böyük oğlumun itməsindən sonra hər yerə ərizə yazanda həm Fəxrəddin, həm də Səbuhi haqda yazırıq. Ancaq daha çox Səbuhi haqqında yazırıq. Çünki artıq əlimizi Fəxrəddindən üzmüşük. Bircə istəyimiz Səbuhinin ğmürlük cəzasının müddətli həbslə əvəzlənməsidir. Biz də qapı ağzındayıq. Heç olmazsa bilərik ki, 3-5 ildən sonra azad olacaq, ailəsinin yanına qayıda biləcək”.


Cavabsız məktublar...
 

Seyfəddin müəllimdən etdikləri müraciətlə bağlı soruşduqda, öyrəndik ki, demək olar hər ay həm Prezidentə, həm də Əfv Komissiyasına məktub göndərirlər. Amma çifayda.  


“Artıq 13 ildir ki, iki-üç aydan bir həm komissiyaya, həm də Prezidentə məktub yazırıq. Ancaq heç bir xəbər gəlmir. Bu işin üstündə oğlum Fəxrəddini itkin düşdü. Fəxrəddindən bizə heç bir pay qalmadı. Əkiz övladı öldü. İndi məni narahat edən təkcə Səbuhidir. Onun 11 yaşlı qızı var. Biz artıq yaşlanmışıq. Mənim üçün ən çətini odur ki, biz olmadıqdan sonra gəlinim necə olacaq?”.
 



Həcc ziyarətində, müxtəlif xarici ölkələrdə olmuş, 2010-cu ildə Türkiyəyə dəvət edilən, haqqımda dövlət səviyyəsində “2 ömür” adlı sənədli film çəkilən məşhur xəttat Seyfəddin Məmmədvəliyev oğlunu ailəsini də çətinliklə saxlayır.


“Əl işlərim var. Bu işlərə görə bir çox ölkələrə göndərilmişəm. Səbuhinin ailəsi bizimlə qalır. Səbuhinin yoldaşını gəlinim kimi yox, qızım kimi görürəm. Arada Səbuhinin yanına da gedirik”.


Seyfəddin Məmmədvəliyev ağac üzərində oyma sənətinin Azərbaycanda ən tanınmış ustadıdır. Onun fantaziyasından doğan kompozisiyalar bir-birindən baxımlı və olduqca rəngarəngdir. Ağac üzərində oyulub cilalanan  əsərlərə baxdıqca fikirləşirsən ki, onlara insan əli dəyməyib.   
Azərbaycan klassiklərinin - Nizami, Xaqani, Nəsimi, Tusi, Füzulinin adlarını ağac üzərinə həkk edib. Füzuliyə aid ilk əl işi hazırda Türkiyədə muzeydə saxlanılır.

Ümumiyyətlə, ağac üzərində yaratdığı əsərlərin sayı 40-dan çoxdur. Onların arasında Türk dünyasının görkəmli şairi Əlişir Nəvai, Böyük Moğol İmperiyasının hökmdarı Babura aid əsərlər də var. Baburun  portreti həkk olunan ağac löbhənin kənarında onun türkçülüyün qüdrətilə bağlı dediyi sözləri də həkk edilib.
Dünyanın heç bir ölkəsində bu şəkildə ağac üzərində oyma sənətilə məşğul olmurlar. Bu sənət Azərbaycana məxsusdur.

Seyfəddin Məmmədvəliyevlə oğlanları barədə danışarkən, özü və sənəti haqqında da söhbətimiz oldu: “Xəttatlıq səbr, təmkin, yaradıcılıq qabiliyyəti, fantaziya tələb edir” deyə xəttatın davamçısı itkin oğlu Fəxrəddin ola bilərmiş.


Ömürlük məhkum oğulun zəngi


Bütün müsahibə boyu Firəngiz ananın gözü telefonda qalmışdı. Hər telefon zəng çalan kimi qaçaraq dəstəyi qaldırırdı. Marağımız üstün gəlib Firəngiz ananın kimdən həsrətlə zəng gözlədiyini soruşduq. Demə, ana hər həftənin birinci gününü səbirsizliklə gözləyir. Həmin gün Səbuhi ilə danışmaq Firəngiz ana üçün ən azından 13 ilin oğulsuz günlərini unutdurur.
Bu arada söhbətə yekun burmağa hazırlaşırdıq ki, gözlənilən zəng gəldi. Nəhayət bu Səbuhinin zəngi idi.
 












Gültəkin ƏLƏSGƏR

Ulduz İBRAHİMOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI