27 sentyabr - 4 il əvvəl təqvimdə bu tarix hər şeyin dəyişdiyi günü göstərirdi, bu gün isə həmin anları yenidən xatırladığımız günə çevrilib.
Zaman insanı bağışlamır, keçib gedir. Bəlkə də çoxumuzun həyatında bu 4 ildə çox şey dəyişib, bəzilərimiz üçün tez keçib bu zaman, bəzilərimiz üçünsə donub qalıb…
Keçən 4 il həm də Vətəni dəyişdi. Zaman vətənimizin 30 ildir gözlədiyi həsrəti məhz bu gün - ordumuzun qəhrəmanları Qarabağa ilk addımların atdıqları anda bitirdi. Biz də öz növbəmizdə həmin anı ilk yaşayan şəhidlərimizi ll Fəxri xiyabanda anmağa getdik.
Həzin səslənən bu kəlmənin alt qatında ah-nalələr, qurumayan göz yaşları, ağaran saçlar var idi, şəhid ailələrinin zamandan fərqli olaraq keçməyən acılarını ölkənin müxtəlif yerlərindən gələn həmvətənlilərimiz şərik olurdu.
Xiyabandan içəri girərkən güllərlə bəzədilmiş məzarların başında övladını itirdiyi gündən həyatdakı bütün rənglərə qara baxan, qara paltarlı analar var idi. Sanki, onlar üçün həyatdakı tək rəng məhz oğulları üçün aldıqları qərənfillərin qırmızı rəngi idi.
4 il əvvəl bu gün də hava günəşli idi, amma bu günəş məzar daşlarının üzərinə düşən göz yaşlarını quruda bilmirdi. Azərbaycanın igid oğulları arxasında buraxdığı yaxınları, həmvətənliləri üçün bütöv Azərbaycanla birlikdə, qəm-qüssə qoyub getmişdilər.
Bu gün Fəxri Xiyabanda “kaş oğlum pis övlad olardı, onda bəlkə yoxluğu məni bu qədər incitməzdi” deyən Nailə ana var idi. Müharibədən əvvəl o, Baş leytenant Sübhan Məmmədlinin anası idi, indi isə hamımızın anasına çevrilib.
“Bizim üçün zaman keçməyib, köhnəlmir. Acımız, hər şey təzədir. Elə bil Allah seçdi ən gözəl övladlarımızı apardı yanına. O qədər gözəl oğul olub ki, Sübhan kaş pis övlad olardı onda bu qədər ağlamazdım. O bizi seçmədi, vətənini, millətini seçdi. 27 sentyabrda getdi, bir də gəlmədi”.
Modern.az 4 ilə 14 il böyüyən leytenant Teymur Abbasovun oğlu Feyruz ilə də həmsöhbət olub.
“İnsan istər-istəməz atasızlığa öyrəşir, heç kim istəməz buna öyrəşsin. Əgər atam qocalıb həyatını itirsəydi başqa cür hiss edərdim, amma uşaqlıqdan cavan atanı itirəndə adamın həyatı darmadağın olur, hər şeyi batır. Çox pis hissdir atasız olmaq, Allah heç bir uşağı atasız qoymasın, ata olmayanda yanında dayağın olmur, heç istəməzdim onu itirmək, amma atam ən ali zirvəyə ucaldı - şəhid oldu.
Xiyabana insanlar davamlı axın edirdi, gözləri dolmuş, əllərindəki qərənfil kimi boynunu büküb qəbirlər arasından hərəkət edənlərlə yanaşı, məzarların yanında ağlayan, gözü yol çəkən, fəryad edən anaların kədəri günəşin istiliyini azaldırdı…
İndi ağlayan analar bir vaxtlar “həyatda ən böyük arzun nədir?” sualına müharibənin olması deyən, qardaşının dəfnində sona qədər qalmayıb yenidən cəbhəyə yollanan igidlər böyütmüşdü. Mayor Ruslan Cəfərovun anası Alimə xanım da bu cür analardan olub.
“Mənim oğlum akademiyanı bitirdi, müxtəlif sərhəd bölgələrində qulluq edirdi. Biz əslən Xocalıdanıq, həmişə Ruslan deyirdi ki, kaş prezident müharibə əmri verə biz gedək torpaqlarımızı alaq. Oğlum Ruslanla birlikdə kiçik oğlum Rəşad da müharibədə könüllü iştirak etdi, ikisi də Füzuli rayonunda bir-birindən xəbərsiz döyüşürdü. Ruslan mənimlə danışanda həmişə Rəşadı soruşurdu, ondan nigaran idi. Ruslan şəhid olanda qardaşı dəfnində cəmi 2 saat qaldı, sonra yenidən döyüş bölgəsinə qayıtdı”.
Vətən müharibəsi qəhrəmanı, İkinci Qarabağa savaşının yeganə şəhid briqada komandiri polkovnik-leytenant Anar Əliyevin məzarında dayanan qohumu İsmayılov Vüsalı görürük:
“Bu gün Vətən müharibəsindən 4 il keçir, bu gün biz 200 illik tariximizə şəhid qardaşlarımız sayəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etmişik. Hər bir şəhid bizim qardaşımız, qürur mənbəyimiz, şərəfimiz-namusumuzdur, onları unutmaq olmaz. Anar Əliyev Naxçıvan Xüsusi Təyinatlıların briqada komandiri olub və vətən müharibəsi qəhrəmanına çevrilib bu müharibədə şəhid olan yeganə hərbi hissə komandiri Anar olub, onun haqında danışsaq vaxt yetməz. Kəlbəcərin azad olunduğu günü görməsə də, onun ruhu bütün şəhidlərimiz kimi şaddır, çünki onlar bilirlər ki, ölkəmizin hər kəndi, qəsəbəsi, küçəsi işğaldan azad edilib.
Mayor Ramid Hacıyevin atası Nəriman ata övladını elə böyütmüşdü ki, oğlu əsgərlərinə komandir olmaqla yanaşı dost, qardaş, ata olmuşdu:
“O əsgərlərini balaları gözündə görürdü. Uşaqlıqdan vətənpərvər idi vətənin, millətin sevirdi bu səbəbdən hərb ixtisasına yiyələnmək üçün təhsil aldı, 12-13 il işlədi. Hələ sağlığında medallarının, fəxri fərmanlarının sayı-hesabı yox idi, medallara baxıb deyirdim ki, həqiqətən də vətəninə xidmət edən oğlumuz var. Cəsur, igid oğul idi, əsgərlərinin hörmətini qazanmışdı. Polad Həşimovun şəhid olduğu xəbərini eşidədən sonra əmr verildi, oğlum da vətənin azadlığı üçün döyüşdü, şəhid oldu. Bura gəlib onu ziyarət edəndə elə bilirik bizim yanımızda durub, onunla söhbət edirik, təskinlik tapırıq. Şükür ki, torpaqlarımız bütündür, azaddır. Allah bütün şəhidlərimizə rəhmət etsin”.
Kapitan Hüseynov Ülvü ilə uşaqlıq illərindən birgə böyüyən dostu Əsgər Musayev şəhidimizin mərdliyindən söz açır:
“Biz onunla bağça, məkəb yoldaşı olmuşuq, birlikdə böyümüşük. Aprel döyüşlərində qəhramanlıqla iştirak etdi, Şuşa arzusu var idi - Azad görmək istəyirdi o torpaqları. 7 noyabrda Şuşanın azad olunmasına 1 gün qalmış Şuşa yaxınlığında düşmənin snaper gülləsinə tuş gələrək şəhid oldu. Oğlu Nihadı bizə yadigar qoyub getdi, o da böyüyüb atası ilə fəxr edəcək”.
“Mən elə bilirdim atam ölümsüzdür”, polkovnik leytenant Həmdəm Ağayevin qızı sözlərinə bu cümlə ilə başladı
“ 27-dən atam Füzuli istiqamətinə yola düşdü, ancaq mən atama o qədər inanırdım, güvənirdim ki, gedəndə ona “özünü qoru, özündən muğayat ol” sözlərini belə demədim. Atam dəfələrlə döyüşlərdə olmuşdu, hamısında da sağ-salamat qayıtmışdı, amma bu döyüş fərqli və son oldu. Müharibədə atama şəhidlik qismət oldu,
Ölümə gülümsəyən əsgərimiz Cavid Həsənovun anası şəhidin məzarı yanında 4 il əvvəl əkdiyi ərik ağacı böyümüşdü,böyüyən həm də ananın ürəyindəki darıxmaq hissi idi.
“4 il keçib, amma elə bil dünən itirmişəm oğlumu. 4 ildi eyni vaxta qəmi də yaşayıram, qüruru da. Bütövləşmiş Azərbaycanda yaşamaq qürurludur, oğlumu itirmək ağırdır. Bir arzum var, bu günü unutmayaq, şəhidlərimizi həmişə yad edək”.
Xiyabana axın hələ də davam edirdi, gələn insanlar iki qrupa bölmək mümkün idi. Şəhidlərimizi uşaqlıqdan tanıyan yaxınları, qohumları, dostları və onları şəhid olduqdan sonra tanıyan digər bütün şəxslər. Tanımaq və tanımamaq arasında çox fərq olsa da yaratdığı kədərin ağırlığı eyni idi. Şəhidləri tanıyıb darıxan insanlarla yanaşı, sağlığında tanımaq istəyən, amma haqqında sonradan eşitməyin verdiyi acını sözlə ifadə edə bilməyəcəyik, yəqin buna ehtiyac da yoxdur, axı, bu hissi hamımız yaşayırıq.
27 sentyabr günündən başlayaraq bütövləşən tək şey torpağımız olmadı, inancımız, dəyərimiz, sevgimiz də oldu…
Bizə kədərdən daha çox şey əmanət edib, əbədiləşən şəhidlərimizə ithafən…
Arifə Kərimzadə
Elmar Hüseynov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc olunub.