Modern.az

Çörəyini oddan çıxaranlar... - FOTO 

Çörəyini oddan çıxaranlar... - FOTO 

Reportaj

16 Oktyabr 2024, 17:32

Çörək dünyada ən çox istehlak olunan məhsullardan biridir. Əsrlərdən bəri bolluq-bərəkət rəmzi sayılan çörəyin hər bölgədə özünəməxsus bişirilmə üsulu var. Əbəs yerə bu nemətdən söz açmadıq, axı, bu gün Ümumdünya Çörək Günüdür. Hər il 16 oktyabrda Ümumdünya Çörək Günü qeyd olunur. Bu tarix Beynəlxalq Çörəkçilər və Qənnadıçılar Birliyinin təşəbbüsü ilə 2006-cı ildə təsis edilib.

 

Modern.az xəbər verir ki, AZƏRTAC İsmayıllıda çörəyini oddan çıxardan xanımlarla söhbət edib.

 

Kifayət Mirzəyeva təndir çörəyi bişirib satmaqla, ailəsini dolandıran zəhmətkeş qadınlardan biridir. Əvvəllər həftədə bir dəfə çörək bişirsə də, indi bu sahədən gəlir əldə etdiyinə görə hər gün xəmir yoğurur, təndir qalayır.

 

Deyir ki, indi hər kəs daha rahat üsulla, müasir texnologiyadan istifadə etməklə çörək bişirir, ya da onu dükandan alır. Gənc xanımlar təndirdə çörək bişirməyin necə ağır zəhmət tələb etdiyini belə bilmir. “Təndirdə çörək bişirilməsi bəlkə də ta qədimdən dövrümüzədək gəlib çatıb. Lakin son illərdə bu çörək növünün bişirilməsi unudulmaqdadır. Təndirdə çörək bişirənlərin sayı azalsa da, bu çörəyin satışı artıb. Axı təndir çörəyinin özünəməxsus qoxusu və dadı olur”, - deyə o bildirir.

 

Kündələnmiş xəmır bişirilməyə hazır olana qədər təndir qalanır, tam isidilir, sonra kömürlər mərkəzə yığılır. Daha sonra xəmirin üzərinə ədviyyatlar vurularaq təndirə yapılır. Təndirdə çörək bişirmək o qədər də asan deyil, çünki daim közlə və tüstü ilə təmasda olursan, həm də bu iş xeyli güc, zəhmət tələb edir.

 

Kifayət xanımla bərabər çörəyini oddan çıxaran Dilarə İsgəndərova da bu işin o qədər də rahat olmadığını söyləyir.

 

Yay aylarında təndirdə çörək bişirmək daha çətindir, bir tərəfdən günəşin, digər tərəfdən təndirin istisi... Bütün çətinliyə baxmayaraq, bu fədakar xanımlar bərəkətli çörəklərini satmaqla halal qazanc əldə edirlər. Gün ərzində 100-150 çörək bişirən xanımların əsas müştəriləri Lahıc istiqamətinə gedən qonaqlardır. Yoldan ötən yerli və xarici qonaqlar burada ayaq saxlayıb, ətirli təndir çörəyindən dadırlar.

 

Xatırladaq ki, təndir çörəyi digər çörəklərlə müqayisədə 3-4 gün ərzində təzə qalır, rahat həzm olunur. Buna görə də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə dəyirman unu ilə bişirilən çörəkdən istifadə etmək məsləhət görülür.

 

Qeyd edək ki, əsrlər boyu Azərbaycan xalqı çörəyi müqəddəs hesab edib. Hər zaman kəsdiyimiz duz-çörək bizim üçün müqəddəs sayılıb, and yerimiz olub.

1388149

1388150

1388151

1388152

1388153

1388155

1388156

13881571388158

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?