Modern.az

Mənim evim

Mənim evim

28 Dekabr 2013, 15:46

Daha bir il başa çatmaq üzrədir. Bir neçə gündən sonra Miladi təqvimilə 2013-cü ilə yekun vurub, yeni-2014-cü ili qarşılayacağıq. Düzü, hələ uşaq yaşlarımdan dekabrın 31-i tarixini səbrsizliklə gözləyər, bayram aşının nə vaxt dəmlənəcəyi, bayram kababının nə vaxt bişəcəyi marağı ilə günləri sayardım. Kim bilir, bəlkə, həmin tarixi kasıb, birotaqlı mənzilimizdə bir anlıq da olsun qayğı və problemləri unutmaq üçün gözləyirdim. Bəlkə də, hər il fəhlə atamın bizə aldığı yeni il hədiyyəsinə qovuşmaq istəyi məni 31 dekabrın tez gəlməsini arzulamağa vadar edirdi. İllər dəyişsə də, yaşımın üstünə yaş gəlsə də, 31 dekabr öz əhəmiyyətini heç itirmədi. Sadəcə, əvvəllər bu tarixdə atamdan hədiyyə almağa tələsirdimsə, sonralar övladlarıma hədiyyə vermək üçün ilin son gününü səbrsizliklə gözləməyə başladım.
Lakin 31 dekabrla, daha doğrusu, ilin sonu ilə bağlı məndə budəfəki qədər istək və tərəddüd heç zaman olmamışdı. İndi ona görə 31 dekabrın tez gəlməsini istəyirəm ki, nəhayət uzun illərdən sonra Yeni ili öz evimdə, bəli məhz ÖZ ŞƏXSİ EVİMDƏ keçirəcəyəm. Tərəddüd edirəm ona görə ki, uğurlarla həyatımda dərin iz buraxan 2013-cü ilin bitməsini heç istəmirəm. Ev haqqında bir qədər sonra. Hələlik isə onu deyim ki,

13 heç də nəhs rəqəm deyil...

Kimsəyə sirr deyil ki, insanlar, adətən 13 rəqəmindən gen gəzməyə çalışır, bu rəqəmi nəhs hesab edirlər. Nə gizlədim, uzun illər mən də bu “nəhs rəqəm” qorxusunun təsiri altında olmuşam. Lakin bu il həyatımda baş verən yeniliklər 13-ün heç də nəhs rəqəm olmadığını isbat etdi. Belə ki, 40 yaşımın tamam olduğu 2013-cü ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar journalist” adına layiq görüldüm. Və jurnalist əməyimə verilən bu yüksək qiymətə görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, uzun illər həsrətində olduğum, əlçatmaz xəyal kimi görünən evsizlik problemimə, məhz 2013-cü ildə son qoyuldu. Məsələ burasındadır ki, bu il həm də ailə həyatı qurmağımın 13 ili tamam oldu. Və 13 ildir daxilimdə gəzdirdiyim “görəsən mənim şəxsi evim olacaqmı” sualına da, məhz 2013-cü ildə müsbət cavab aldım. Bəli, artıq mənim də evim var.

Artıq suallardan qorxmuram

Onu da deyim ki, bu cür sual təkcə daxilimdə səslənmirdi. Evlə bağlı sualları həm qohum-əqrəbam, həm də qızım Şəmsiyyə və oğlum Nihat da verirdilər. Düzdür, qohumların suallarından yan qaçmaq olsa da, övladlarımın “Ata, bizim nə vaxt evimiz olacaq”, “Ata, bizim də evimiz olsa ad günümə dostlarımı çağırarıq” kimi sualları çox zaman ürəyimi titrədirdi. Bir dəfə Nihatın 50 qəpikliklərin atıldığı pul kassasını göstərərək “Ata, bunu tam doldursaq ev ala bilərik” sualından aldığım zərbə isə mənə uzun müddət sarsıntı yaşatdı. Düzü, yataqxanada iməkləyən, yataqxanada dil açan, buradan məktəbə gedən uşaqlarımın şəxsi ev arzularının çin olması üçün gecə-gündüz Allaha dua edir və zaman-zaman baş redaktorumuz Hikmət Babaoğlunun təsəlliverici tövsiyələrini də xatırlayaraq nə vaxtsa 

Möcüzə baş verəcəyinə inanırdım... 

Yadımdadır, neçə illər bundan öncə qəzetlərdən birinə müsahibəm zamanı evsizliklə bağlı suala “Həyat yoldaşıma deyirəm ki, möcüzə baş verməsə, bizim şəxsi evimizin olması mümkün deyil” cavabını vermişdim. Düzü, bilmirəm niyə, amma hər zaman daxilimdə bir hiss olub. İnanmışam. İnanmışam ki, möcüzə mütləq baş verəcək. Və bir gün mənim də evim olacaq. Yeri gəlmişkən, bir gün həyat yoldaşım “sən “möcüzə baş verəcək” deyəndə nəyi nəzərdə tutursan” deyə sual etdi. Mən isə qeyri-ixtiyari bu cavabı verdim - Prezident bizə ev verəcək. Bilmirəm niyə, lakin bu cavabı sanki hansısa qüvvə diktə etdi mənə. Nəhayət, o möcüzə baş verdi. 

Təşəkkürlər, cənab Prezident!!!

Bəli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2010-cu il 22 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncam imzalaması məhz uzun illər gözlədiyim, daxilimdə inandığım həmin möcüzənin baş verməsi idi. Ona görə ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır.
Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə imzalanan həmin sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 (beş) milyon manat vəsait ayrıldı. Həmin sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi.
Beləliklə, yuxarıda da vurğulandığı kimi, möcüzə baş vermişdi. Çünki kimsəyə sirr deyil ki, jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Ancaq məhz dövlət başçısının diqqət və qayğısı sayəsində dünənə kimi “ümid yalnız sonda ölür” deyə, nə zamansa evsizlik problemlərinin həll ediləcəyini gözləyən jurnalistlər bu gün şəxsi mənzilə sahib olublar. 
Təbii ki, bu sevinci bizlərə yaşadan dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən KİV-ə göstərdiyi diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla JURNALİSTLƏRİN DOSTU olduğunu dəfələrlə sübut edən cənab Prezident İlham Əliyevdir. Düz 8 il əvvəl - 2005-ci ildə “Əməkdar jurnalist” adının bərpa edilməsi, Milli mətbuatımızın 130 illiyi münasibətilə 37 həmkarımızın bu ada layiq görülməsi, həmçinin, daha 96 jurnalistin orden, medal, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı və Prezident təqaüdü ilə təltif olunması, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət hesabına silinməsi, 2008-ci ildə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının, sonra isə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, bu fond tərəfindən KİV-lərə qrant layihələrinin ayrılması, 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışı, həmçinin, digər bu kimi mütərəqqi addımlar məhz Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bütün bunlar, eyni zamanda, jurnalistlər üçün mənzillərin tikilməsi dövlət başçısının azad sözə, siyasi plüralizmə, jurnalist peşəsinə və əməyinə verdiyi böyük dəyərin bir nümunəsidir. Və cənab Prezident bütün bu diqqət və qayğının müqabilində bizlərdən yalnız bir şey istəyir-vətənpərvər olmaq, yazılarımızla müstəqilliyimizə, dövlətçiliyimizə xidmət etmək. 
Sonda, bütün bunlara, həmçinin, evsizlik problemimizin həll olunmasına görə, dövlət başçısına öz adımdan və ailəmiz adından dərin minnətdarlıq edirəm - TƏŞƏKKÜRLƏR CƏNAB PREZİDENT!!! TƏŞƏKKÜRLƏR BÖYÜK DOST!!!

P.S. Bu günlərdə evdə, daha doğrusu, hələlik kirayədə qaldığımız yataqxanada ailəlikcə yemək zamanı bayramı necə keçirəcəyimiz barədə söhbət edirdik. Həyat yoldaşımın “qonaq otağında yolka qurarıq” deməsini küskünlüklə qarşılayan Nihat qaş-qabağını tökərək “niyə qonağın otağı, bəs biz” deyə sual etdi. Düzü, əvvəlcə bir-birimizə baxıb, nə baş verdiyini anlamadıq. Lakin sonra Nihatın nədən narazı qaldığını təxmin etdim. “Oğlum, yolka orada ona görə qurulur ki, bayramı qonaq otağında keçirək. Bu sənin düşündüyün kimi kənar yer, qonağın başqa bir yerdəki otağı deyil. Öz yeni evimizdəki, cənab Prezidentin bizə hədiyyə etdiyi evdəki 3 otaqdan biridir” sözlərim Nihatı xeyli rahatlatdı...

Nadir AZƏRİ
Əməkdar jurnalist,
Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu ev 22, mənzil 2

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI