Modern.az

“Tanınmış cütlüklər” - 1-ci sinifdən yanaşı olan yazıçı Anar və musiqişünas Zemfira xanım

“Tanınmış cütlüklər” - 1-ci sinifdən yanaşı olan yazıçı Anar və musiqişünas Zemfira xanım

1 Yanvar 2014, 22:06

Modern.az saytı ictimai, siyasi, ədəbi, mədəni və idman sahələrindəki “Tanınmış cütlüklər”lə bağlı rubrikasını davam etdirir.  

Budəfəki cütlük Azərbaycanın ədəbi və elmi dairələrində kifayət qədər məşhur simalardı.
Söhbət xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və əməkdar incəsənət xadimi, müsiqişünas alim Zemfira Səfərovadan gedir.

Nasir, dramaturq, kinodramaturq Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər gələcək həyat yoldaşı Zemfira Səfərovayla bir yerdə oxuyub.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb, evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yenidən quruma sədr seçilib.
1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq aparmaq Anara həvalə olunub. O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı olub.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, “İstiqlal” ordeni ilə təltif edib. Azərbaycanın əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), Azərbaycanın xalq yazıçısıdər (1998).
Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.
"Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Əlaqə", "Dantenin yubileyi", "Dədə Qorqud" əsərləri müxtəlif dillərdə çap olunub.
Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub. Rusiyanın "Mosfilm" kinostudiyasında "Mən, sən, o və telefon" hekayəsinin motivləri üzrə "Hər axşam 11-də" bədii filmi çəkilib.
Anar on bir bədii filmin ("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qoqud"- ilk iki hissəli Azərbaycan filmi, "Dantenin yubileyi", "Üzeyir ömrü", "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "İmtahan", "Əlaqə", "Təhminə", "Otel otağı"), bir neçə sənədli və televiziya filminin ("Dəniz", "Qobustan", "Daş saatın səsi", "Qədim Gəncə-Yeni Gəncə", "Bu-Səttar Bəhlulzadədir", "Bu-Javaddır", "Dindirir əsr bizi", "Evləri köndələn yar") ssenari müəllifidir. "Dantenin yubileyi" filminin habelə iki hissəli "Üzeyir ömrü", və "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.
Anarın şeirləri də var. Sözlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyib.
Şekspirin "Fırtına", B.Brextin "Qalileo Qaliley" pyeslərini, R.Taqorun "Bağban" mənsur şerlərini, A.Blokun,V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirib.
Anar 1970-72-ci illərdə Bakıda və Moskvada Recissor emalatxanasında oxuyaraq kino rejissoru diplomu alıb.


Zemfira Yusif qızı Səfərova
1937–ci il iyun ayının 10–da Bakıda ziyalı ailəsində anadan olub. 1960–cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirib.
Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlib.
Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq edib, “Azərbaycan musiqi elmi (XII – XX əsrlər)” adlı fundamental monoqrafiyasını yazıb.
Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının “Musiqişünaslıq və tənqid” bölməsinin rəhbəri, “Musiqi dünyası” jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür.
O, eyni zamanda 1980-ci ildən bu günədək AMEA Memarlıq və İncəsənət İnstitutunda Musiqi sənətinin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsində çalışır.
Musiqişünas 1989–cu ildə əməkdar incəsənət xadimi, 1996–cı ildə sənətşünaslıq doktoru, 1998–ci ildə isə professor adı alıb.

Anar və Zemfira xanım ötən il yanvarın 27-də evliliklərinin 50 illiyini – “qızıl toyu” xüsusi mərasimlə qeyd ediblər.

Anar və Zemfira xanımın 2 övladı var. Ailənin böyük övladı Tural ərəbşünas və diplomatdır. Tural Rzayev Azərbaycanın Küveytdəki fövqəladə və səlayiyyətli səfiridir.
2010-cu ilin iyununda ölkə başçısının sərəncamı ilə Tural Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib və O, Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsini bitirib. Yazıçı-publisist Günel Anarqızı Mədəniyyət və Turizm Nazirliyinin “Pəncərə” jurnalının baş redaktorudur.



A.Qorxmaz

***

Həmçinin oxu:

“Tanınmış cütlüklər” - Arif Alışanov və Mehriban Alışanova - Yeni RUBRİKA
//modern.az/articles/48620/1/

“Tanınmış cütlüklər” - Vitse-prezidentin vitse-prezident xanımı - Çingiz və Rəfiqə Hüseynzadələr
//modern.az/articles/49021/1/

“Tanınmış cütlüklər” - Məşhur futbolçu və şahmatçı necə yola gedirlər?..
//modern.az/articles/49743/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI