Hakimiyyət kürsüsündə oturmaq böyük məsuliyyətdir. Fotoaparatların parlaq işığı altında məmnun təbəssümlə gülümsəməyin arxasında yuxusuz gecələr və əsəb gərginliyi vəd edən ömür durur. Bu kürsüdən tarixə keçmək isə hər kəsə nəsib olmur.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkildə Azərbaycan SSR-nin “Brejnev epoxası”na aid sonuncu siyasi elitası əks olunub.
1984-cı il. SSRİ Ali Sovetinin Azərbaycan SSR-dən olan deputatları. Burada pozitiv ovqatda şəkil çəkdirənləri qarşıda hələ ciddi sınaqlar gözləyir. Bir ildən sonra SSR-yə rəhbərlik edəcək Mixail Qorbaçov özünün elan edəcəyi Aşkarlıq və Yenidənqurma siyasəti ilə oturuşmuş sovet elitasını və ölkəni yerindən silkələyəcək.
Fotoda əks olunanlar isə müxtəlif tale yaşayacaqlar:
Şəkildə birinci sırada əyləşənlər Azərbyacan SSR Nazirlər Sovetinin sədri Həsən Seyidov, Bakı şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komətəsinin birinci katibi Kamran Bağırov, Ali Sovetin Rəyasət Heyətinin sədri Süleyman Tatlıyev, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Ziya Yüsifzadədir.
İkinci sırada ayaq üstə dayanmış soldakı cavan oğlan Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının birinci katibi Sahib Ələkbərovdur.
Kamran Bağırovu Qarabağ münqaişəsinin ilk siyasi qurbanı saymaq olar. Azərbaycanda başlanan ciddi etirazlar onu kreslodan aşırdı. K.Bağırov uzun illər ictimaiyyət üçün qapalı yaşadı. Sonra səssiz-səmirsiz dünyasını dəyişdi. Fuad Musayevin adı 90-cı ilərdə qaynaq siyasi proseslərin içində hallanırdı. Sonralar AFFA-ya rəhbərlik edən F.Musayev oradan uzaqlaşdırılıdı. Hazırda təqaüdçü həyatını yaşayır.
General Ziya Yusifzadə hazırda MTN-in Akademiyasının rəisidir.
Süleyman Tatlıyev isə Ticarət və Sənaye Palatasına rəhbərlik edir. Qurban Xəlilov dünyasını dəyişib.
Gəncliyində komsomol lideri olmuş Sahib Ələkbərov isə indi vergilər nazrinin müavini vəzifəzində çalışır.
X.SƏFƏROĞLU