Ermənistanda hakimiyyət-kilsə qarşıdurması getdikcə dərinləşir. Keşişləri subaylıq andını pozmaqda ittiham edən Baş nazir Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qaregini istefa verməyə çağırıb. Hökumət başçısı bu gün yeni katalikos seçkisinə hazırlığın anonsunu da verib.
Bu isə o deməkdir ki, II Qareginin başının üstünü qara buludlar alıb və onun tezliklə Erməni Qriqoryan Kilsəninin rəhbəri postundan uzaqlaşdırılması baş tuta bilər.
Son günlər adı Ermənistan KİV-lərinin gündəmindən düşməyən II Qaregin kimdir?
Modern.az saytı bütün ermənilərin katalikosu II Qareginlə bağlı yazını təqdim edir.
Əsl adı Ktriç Nersisyan olan II Qaregin bütün ermənilərin 132-ci katolikosudur. O, 27 oktyabr 1999-cu ildən Erməni Apostol Kilsəsinə rəhbərlik edir.
Ktriç Nersisyan 21 avqust 1951-ci ildə Ermənistanın Eçmiədzin rayonunun Voskehat kəndində anadan olub. 1965-ci ildə Eçmiədzin İlahiyyat Seminariyasına daxil olub, 1971-ci ildə oranı bitirib, daha sonra həmin seminariyada müəllim işləyib. 1970-ci ildə diakon (kahinliyin ilk, ən aşağı səviyyəsində kilsədə xidmət edən şəxs), 1972-ci ildə isə keşiş təyin edilib. Daha sonra katolikos I Vazgenin əmri ilə teoloji təhsilini davam etdirmək üçün Avstriyanın paytaxtı Vyanaya göndərilib.
Ktriç Nersisyan dini təhsilini 1975-ci ildə Almaniyanın Bonn Universitetində davam etdirib.
1979-cu ildə Eçmiədzinə qayıdıb, daha sonra Zaqorsk şəhərinə gedib və orada Rus Pravoslav Kilsəsinin Moskva İlahiyyat Akademiyasında aspirantura təhsili alıb.
Ktriç Nersisyan 1980-ci ilin martından 1999-cu il iyulun 4-nə kimi bütün ermənilərin katolikosu I Vazgenin baş vikarı (dini vəzifə) olub və arxiyepiskop rütbəsinə yüksəlib.
27 oktyabr 1999-cu ildə katolikos I Qareginin ölümündən sonra Erməni Apostol Kilsəsinin Milli Kilsə Şurası (ali idarəetmə orqanı) arxiyepiskop Qaregin Nersisyanı bütün ermənilərin 132-ci patriarxı və katolikosu seçib.
Bundan sonra o, II Qaregin adlandırılıb.
II Qareginin dövründə kilsə idarəçiliyinin mərkəzləşdirilməsinin əsas aləti bütün dünyada erməni kilsəsi üçün vahid nizamnamənin qəbul edilməsi olub ki, bu da dini icmalar arasında mübahisə və nifaq yaradıb.
2008-ci il martın əvvəllərində prezident seçkilərində məğlub olmuş eks-dövlət başçısı Levon Ter-Petrosyanın tərəfdarlarının Serj Sarkisyanın qələbəsini tanımaq istəməməsi ilə əlaqədar İrəvanda baş verən iğtişaşlar zamanı II Qaregin sülhməramlı missiya ilə önə çıxmağa və Ter-Petrosyanın mövqeyinə təsir göstərməyə çalışmış, lakin uğursuz olmuşdu.
II Qaregin 2008-ci il mayında Roma Katolik Kilsəsinin rəhbəri XVI Benediktin dəvəti ilə Vatikanda səfərdə olarkən bütün dünya dövlətlərini qondarma erməni soyqırımını tanımağa çağırıb.
II Qareginin kiçik qardaşı da din xadimidir. Arxiyepiskop Ezras (Mkrtıç Nersisyan) Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəridir.
II Qaregin bir sıra yerli və beynəlxalq təltiflərlə mükafatlandırılıb. Qarabağda separatçılığın davam etdiyi zamanlarda o, Xankəndiəki qondarma “artsax universitetinin fəxri doktoru” elan edilmişdi.
II Qareginin aldığı medallardan biri ona müsəlman dövlətində verilib. Bütün ermənilərin katalikosu “Viflehem medalı”na 2000-ci ildə Fələstin dövlətinin prezidenti Yasir Ərəfat tərəfindən layiq görülüb.
Fələstin Muxtariyyəti bütün ermənilərin katalikosunu təltif edən yeganə müsəlman dövlətidir.
A.Qorxmaz