Modern.az

İki prezidentin bir arvadı - iki ölkənin birinci ledisi - FOTOLAR

İki prezidentin bir arvadı - iki ölkənin birinci ledisi - FOTOLAR

18 Fevral 2014, 12:13

Nelson Mandela dostu olan Mozambikin keçmiş prezidentinin arvadı ilə evlənib


Modern.az
 saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda vaxtilə Mozambikin və Cənubi Afrika Respublikasının birinci xanımı ilmuş Qrasa Mişeldən bəhs edirik.

Prezidentlərin, bir çox ölkədə isə baş nazirlərin həyat yoldaşlarının birinci ledi statusunda ərlərini həm ölkə daxilindəki səfərlərdə, tədbirlərdə müşayiət etməsi artıq heç kəsi təəccübləndirmir. Bəzi dövlətlərdə prezidentlərin hətta vətəndaş nikahında olduqları xanımlar da birinci ledi kimi qəbul olunurlar. Ancaq yəqin ki, indiyədək elə bir xanım tanımırsınız ki, o, həyatı boyu iki dövlətin birinci ledisi olsun. İnanmayacaqsınız, belə bir ledi olub. Söhbət ötən ilin dekabr ayında dünyasını dəyişən Cənubi Afrika Respublikasının tarixində ilk qara dərili prezident olan Nelcon Mandelanın həyat yoldaşından gedir. Bəli,  Qrasa Mişel iki dəfə birinci ledi olub. O, 11 il Mozambik prezidenti Samara Maşelin arvadı olub, amma 1986-cı ildə avtomobil qəzasında dünyasını dəyişib. 12 il sonra, 1998-ci ildə Qrasa Cənubi Afrika Respublikasının ilk qara dərili prezidenti Nelson Mandelaya ərə gedib. Maraqlı faktdır ki, həm birinci, həm də ikinci dəfə ərdə olanda Qrasa Mişel kifayət qədər ciddi siyasi fəaliyyətlə məşğul olub.

O, Mozambikdə Mozambik Azadlıq Cəbhəsinin ən fəal üzvlərindən biri kimi çıxış edib, təhsil və mədəniyyət naziri postunu tutub. Onun xarici dillər üzrə fövqəladə qabiliyyəti beynəlxalq əlaqələrini yönəltməkdə kifayət qədər köməyinə çatıb. Qrasa Avropadakı və dünyanın digər qitələrindəki beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və yenə bu fəaliyyətini davam etdirir, qadın və uşaq hüquqlarının məşhur müdafiəçisi kimi tanınır.

Müstəqillik qazanan Mozambikin ilk birinci ledisi


Mozambik 1975-ci ildə müstəqillik qazanandan sonra prezident Mişel Samora 30 yaşlı Qrasanı mədəniyyət və təhsil naziri təyin edir. Elə həmin il Qrasa Mişelə ərə gedir. Beləliklə, Qrasa müstəqil Mozambikin ilk birinci ledisi olur. Nazir vəzifəsindən gedəndən sonra hərbi münaqişələrin uşaqlara təsiri ilə bağlı BMT-nin hesabatlarını hazırlayır. 1995-ci ildə humanitar fəaliyyət sahəsindəki, eləcə də qaçqın uşaqların xilası işinə görə Nansen adına mükafata layiq görülür.

Müəmmalı avtomobil qəzası

1986-cı ildə əri avtomobil qəzasında həlak olan Qrasa dul qalır. Bəzi mənbələrin iddiasına görə, qəza CAR-ın xüsusi xidmət orqanları tərəfindən təşkil olunub, hətta bəzilərinin fikrincə, qəza zamanı Mişel sağ qalsa da, ona öldürücü iynə vurulub. Amma belə hesab edənlər də var ki, Qraseyə birinci ərinin ölüm səbəbi məlum olsa da, indiyədək susmağa üstünlük verir.

1998-ci ilin iyul ayında 52 yaşlı Qrasa 80 yaşlı Nelson Mandelaya ərə gedir. Qeyd edək ki, Nelson Mandela 2013-cü il dekabrın 6-da vəfat edib.

Qara dərili prezidentin üçüncü arvadı

Qrasa Mişel 1945-ci il oktyabrın 17-də anadan olub. Lissabon Universitetində təhsil alıb, roman dillərini öyrənib. Portuqal dilindən başqa ingilis, ispan, italyan və fransız dillərində sərbəst danışır. Qeyd edək ki, Qrasa Mandelanın həyatında üçüncü həyat yoldaşı olub. O həmin evlilik zamanı toyda jurnalistlərə deyib : “İnsanların simvollara ehtiyacı var. Mandela simvoldur, o özündə ötən əsrin alicənab ictimai xadimini təcəssüm etdirir. Bununla belə, onun həm güclü, həm də zəif xüsusiyyətləri var”.

2013-cü ilin iyun ayında CAR-ın keçmiş prezidenti səhhətindəki problem səbəbindən xəstəxanaya düşəndə onun həyat yoldaşı Qrasa Mişel Londonda idi, burada aclığa qarşı mübarizə üzrə beynəlxalq konfransda iştirak etməyi planlaşdırırdı. O həmin konfransdakı çıxışını təxirə salaraq vətəninə, ərinin yanına qayıdır.

Nelson Mandela: “Mənə “hə” de!”


Qrasa ilə Mandelanın tanışlığı necə olub? 1986-cı ildə məlum bədbəxt hadisə baş verəndə həbsxanada olan Mandela oradan ölən dostunun həyat yoldaşına təsəlli sözləri olan məktub yollayır. O vaxtdan onlar əlaqə saxlamağa başlayırlar. Mandela azadlığa çıxanda isə onlar daimi olaraq görüşürlər. Tez-tez telefonla da danışırlarmış. Nelson ikinci həyat yoldaşını boşayandan sonra Qrasa hər üç aydan bir onun yanına gələr və iki həftə bir yerdə yaşayarlarmış.

- Oh, nə möhkəm kişidir, - o bir dəfə etiraf edib.

- Qrasa, mən səni çox sevirəm, - bir dəfə isə Mandela ona belə deyir. – Mənim heç bir qadınımın belə qəlbi olmayıb! Artıq istəmirəm ki, sən gedəsən. Mənə “Hə” de!”

Qadın onun istəyinə “hə” cavabı verir. Mandela Mozambikə pul göndərir. 60 inək alınır və təmtəraqlı toy təşkil edir. Ağıllı və ciddi Qrasa azadlıq CAR-ın azadlığı uğrunda mübarizin qoca vaxtında yaşamaq üçün təsəllisinə çevrilir. O, Mandelanın bütün doğmaları – üç qızı, 17 nəvəsi və 14 nəticəsi ilə ümumi dil tapmağı bacarırdı. Qrasa Mandelaya dəhşətli itkilərini unutdurmağa kömək edirdi: SPİD-dən onun kiçik oğlu, 55 yaşlı Marqaho və bir il sonra onun həyat yoldaşı Zondi ölmüşdülər. Mandelaya daha bir zərbə 2010-cu ildə dəyir. O zaman avtomobil qəzasında 13 yaşlı nəticəsi Zenani dünyasını dəyişir. Mandela özü üçüncü arvadının qolları üstündə ölür. Son nəfəsində də onun adını çəkir: “Mənim əziz Qrasam”.

Mandelanın mülkiyyətinin yarısı Qrasaya qalıb

Mandela dünyasını dəyişəndən iki ay sonra, fevralın 3-də onun vəsiyyəti açıqlanıb. Cənubi Afrika lideri özündən sonra 4,1 milyon dollarlıq əmlak saxlayıb. Mərhumun istəyinə görə, mülkiyyətinin yarısı üçüncü arvadı Qrasa Mişelə qalıb. Qalanı ailə üzvlərinə, ona qulluq edən heyətə, məktəb və CAR-ın hakim partiyası olan Afrika Milli Konqresinə veriləcək. Beləliklə, Mandeladan Qrasaya doğma Mozambikindəki 4  malikanə qalıb, eləcə də avtomobillər, rəsm əsərləri, qiymətli daş-qaş və digər aktivlər onun olacaq.

Qeyd edək ki, Nelson Mandela ikinci arvadından 1996-cı ildə ayrılıb. O zaman Mandelanın həbsxanaya düşməsini qəbul etməyən Vinni Madikizela-Mandela boşanmaq qərarı verib.

“Mən onu insan kimi tanıyırdım, o insan kimi ətrafındakılar üçün mif idi. Onun ətrafındakı mühit bir qədər aldadıcı olub, amma mən sonra buna öyrəşdim”. Bu Qrasanın Mandela haqda dediyi son fikirdir.






Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI