Bu günlər görkəmli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişinin 32-ci illiyi qeyd olunur.
Heydər Əliyev birinci dəfə ölkə rəhbərliyinə 1969-cu il iyulun 14-də gəlmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdi.
1982-ci ilin dekabrında isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və Bakıdan Moskvaya getmişdi. Bu təyinatın gerçəkləşməsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Yuri Andropovun təşəbbüsü xüsusi rol oynamışdı.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoda Heydər Əliyevin Moskvaya yola salınma anı əks olunub.
Zaman 7 dekabr 1982-ci il... Məkan Binə Hava Limanı... Azərbaycanın SSR-in rəhbər heyəti - Kamran Bağırov, Qurban Xəlilov, Süleyman Tatlıyev, Həsən Seyidov, Fuad Musayev, Ziya Yusifzadə, Ramiz Mehdiyev və digərləri Ümumilli lideri yeni vəzifəsinin icrası üçün Moskvaya yola salırlar...
Binə hava limanından bir neçə dəqiqə sonra səmaya qalxacaq xüsusi təyyarə 14 ilə yaxın müddətdə Azərbaycana rəhbərlik etmiş, indi isə iş həyatını Moskvada, Sovet hökuməti başçısının birinci müavini vəzifəsində davam etdirəcək Heydər Əliyevi aparacaq. Hava limanındakı rəhbərlərin çöhrələrində bir nigaranlıq var: Heydər Əliyev gedəndən sonra Azərbaycanda vəziyyət necə olacaq...
Bu fotoşəklin tarixçəsindən bəhs edən Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov bildirir:
“Heydər Əliyevin - bir Azərbaycan oğlunun dünyanın iki supergücündən biri SSRİ-nin hakim elitasında belə yüksək məqam qazanması vaxtına görə misilsiz tarixi nailiyyət idi...”
Rafael Hüseynovun sözlərinə görə, o zaman Heydər Əliyev Moskvaya getməzdən əvvəl varis məsləsini də həll etməli olmuşdu. Bunun üçün o, Azərbaycanda Birinci katib vəzifəsinə mümkün namizədlərin hər birinə müraciət etmişdi və hamısına da eyni sualla.
“O vaxt ideologiya üzrə katib işləmiş Həsən Həsənov yada salır ki, 1982-ci ilin noyabrında SSRİ Ali Sovetinin sessiyası keçirilirdi.
“Mən də hələ Gəncədən seçilmiş deputat kimi sessiyada iştirak edirdim, Ali Sovet sədri Qurban Xəlilov da, bizim Mərkəzi Komitənin ikinci katibi Yuri Puqaçov da, Həsən Seyidov da, İsa Məmmədov da, respublika rəhbərliyindən daha neçə nəfər də Moskvada idi. Heydər Əliyev elə o vaxt bir-bir çağırıb xəbər alırdı ki, Azərbaycandan gedirəm, yerimdə özünüzü görürsünüzmü? Bu sualı eyni şəkildə Qurban Xəlilova da verib, İsaya da, Kamrana da, Fuada da, mənə də. Həsən Seyidovdan eyni sualı bir az fərqli şəkildə soruşub”.
R.Hüseynovun sözlərinə görə, Həsən Həsənov verilə biləsi cavabların ən dürüstünü seçmişdi: "Hələ cavanam".
“Heydər Əliyev ardınca ondan soruşubmuş ki, bəs Kamranı bu vəzifədə görürsənmi? Həsən Həsənov necə cavab verdiyini mənə də söyləyib və sözbəsöz dəqiqliyiylə deyirəm: "Kamranla bir-birimizin xətrini çox istəyirdik. Tələbəlik vaxtlarımdan, bizim fakültədə dekan müavini işlədiyi dövrlərdən mən də, Fuad da ona ehtiram bəsləmişdik. Mənim də Heydər Əliyev tərəfindən tanınmağımda müəyyən rol da oynamışdı. Ancaq dedim ki, bacarmayacaq, Heydər Əliyeviç, onun yeri deyil. O, Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsində yaxşı ola bilər. Mən belə deyəndə Heydər Əliyev dübarə soruşdu ki, özün olmaq istəyərdin? Dedim ki, yox, özüm olmaq da istəmirəm. Mən Həsən Seyidovun adını vermədim. Amma ola bilər Heydər Əliyev elə düşündü ki, mən məhz Seyidovu nəzərdə tuturam. Mən bunu heç kimə bildirməmişdim. Artıq Bağırov seçiləndən sonra mən kabinetinə gedib onu təbrik edəndə soruşdu ki, niyə mənim əleyhimə səs verdin? Mən də soruşdum ki, nədir, indi qisas alacaqsınız? Dedi ki, yox, almayacağam, amma biləsən ki, əks səs verməyini bilirəm. Həqiqətən də münasibətində heç bir dəyişiklik olmadı. Adətən bizdə istənilən seçki iki mərhələdə olurdu. Əvvəlcə fikir mübadiləsi aparılırdı, sonra da rəsmi səsvermə. Heydər Əliyevin bizi bir-bir danışdırıb "kimi görürsünüz" sualını verməsi elə həmin fikir mübadiləsi idi. Daha sonra Büro iclasında əvvəlcə Heydər Əliyevin özü söylədi ki, sizin hamınızla söhbət edib rəyinizi soruşmuşam və mən belə qərara gəldim ki, Kamran Bağırovun namizədliyini irəli sürüm, rica edirəm ki, siz də onu dəstəkləyəsiniz. Biz də hamımız yekdilliklə səs verdik. Yəni mənim əks səsverməm də bu əsas səsvermədə yox, həmin fikir mübadiləsi əsnasında olmuşdu”…
R.Hüseynovun deyir ki, Heydər Əliyevdən sonra Azərbaycan KP MK-ya kimin rəhbərlik etməsi məsləsində Kreml, Baş katib (Yuri Andropov) əsas seçim haqqını məhz Heydər Əliyevin özünə vermişdi. O isə Kamran Bağırovun üzərində dayanmışdı.
...1982-ci il dekabrın 7-si. Təyyarənin təkərləri yerdən üzülür. Heydər Əliyev Moskvaya uçur. Sabah yeni iş yerində - Kremldə onu ilk iş günü, yeni üfüqlər gözləyir.
Bu uçuşdan bir neçə dəqiqə öncə çəkilmiş ayrılıq fotosunda onun da, onu yola salanların da baxışlarına qonan nigaranlığın səbəbi həmin cavabı qəliz sual, qarşıdakı vaxtın məchulluğu idi.
A.Qorxmaz