Darülfunun. Bu ad bəlkə də çoxlarına bəlli deyil. Amma mən 1983-cü ildə Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olanda müəllimlərimiz ilk olaraq bu adı bizə tanıtdılar. Dedilər ki, bu elm-təhsil ocağının adı ilk olaraq darülfunun olub. Düzdür Azərbaycan Xalq Cümhuriyyəti dilə gəlməsə də, bu ilk başlanğıc üçün bəs idi.
Sonra bizi ikinci mərtəbədəki 209 saylı auditoriyaya yığıb qırmızı üzlüklü tələbə biletlərini təqdim etdilər. Filologiya fakültəsinin dekanı professor (indi akademik) Ağamusa Axundov bizə uğurlar arzuladı. Tələbə biletini təqdim edəndə şəklimizi də çəkmişdilər. Fotonun arxasında yazmışdım: “Professor Ağamusa Axundov gələcəyin professoru Mahir İmamverdiyevə tələbə biletini təqdim edir”.
Elmə çox həvəsli idim. Kamal Abdulla kimi 30 yaşında elmlər doktoru olmaq arzusundaydım.
Oğlanlar əsasən ağ rəngli köynək geyinirdilər. Qırmızı tələbə biletini döş cibimizə qoyurduq ki, görsənsin. Elə bilirdik ki, kim bu qırmızı üz qabığqlı bileti cibimizdə görsə, o saat başa düşəcək ki, biz universitet tələbəsiyik. Bununla fəxr edirdik. Sonra atam başa saldı ki, əvvəllər universitet tələbələri qırmızı tələbə biletlərləriylə tanınmırdılar. Tələbə olan şəxs cavan olmasına baxmayaraq əlinə əsa, başına buxara papaq qoyardı. Gözündə də eynəyi olardı. Uzaqdan baxanda o saat bilinirdi ki, darülfunun tələbəsidir.
Atam Qabil orta məktəbdə olduğu kimi burda da eyni sözü deyirdi: “Mahir, məni aldığın qiymətlər yox, başının içindəki maraqlandırır”.
Düzdür, mən bunu 31 il sonra başa düşdüm. Artıq gec idi. Bir söz də dedi ki, “çalış dərsdən qaçma. Bütün mühazirələrdə iştirak eləsən, diqqətlə qulaq assan bəsindir”. Bunu da 31 ildən sonra başa düşdüm.
İkinci kursdan əsgərliyə iki illik xidmətə gedib qayıdandan sonra alim olmaq həvəsim itdi. Amma dərsdən qaçmırdım. Bir mühazirə də buraxmırdım. Diqqətlə qulaq asırdım.
1983-1987-ci illərdə universitetimizin rektoru Faiq Bağırzadə idi. 1987-1989-cu ildə isə Yəhya Məmmədov oldu. 1989-1990-cı illərdə Cəmil Quliyev, 1990-cı ildən isə Mirabbas Qasımov rektor vəzifəsinə təyin edildilər. (Allah hamısına rəhmət eləsin).
Bu rektorlardan heç birini üzdən tanımırdım. Bircə Yəhya Məmmədov istisna idi. O da rektor kimi yox, şair Cabir Novruzun qudası kimi.
O vaxt universitet deyəndə yalnız indiki Bakı Dövlət Universiteti nəzərdə tutulurdu. İllər keçdi. Bir çox institutlar çönüb universitet oldu. Amma mənim universitetimə çatmadı. Nə qədimiliyi, nə də səviyyəsiylə.
Etiraf etməliyəm ki, çox da güclü, savadlı, fərqlənən tələbə deyildim. Amma təkcə auditoriyada mühazirəyə qulaq asmaqla çox şey öyrəndim. Çünki dərs deyənlər təkcə müəllim yox, həm də Azərbaycanın böyük alimləriydilər. O vaxt fəxrlə deyirdik ki, təkcə filologiya fakültəsində 40 elmlər doktoru, 135 elmlər namizədi var. Bu indi adi görünə bilər. Amma o dövrdə bu göstəriciyə, özü də keyfiyyətli göstəriciyə görə hətta Elmlər Akademiyasının da müvafiq sahəsini üstələyirdik. Müəllimlərimiz Ağamusa Axundov, Yusif Seyidov, Əlövsət Abdullayev Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdülər. Bəzi müəllimlərimizin adı gələndə digər ali təhsil ocaqlarında dimdik dururdular.
Universitetim təkcə təhsil ocağı deyildi. Azadlıq hərəkatında öndə gedən mərkəzlərdən idi. 1989-1990-cı ildə təhsilimizi də bu yolda qurban vermişdik. O dövrdə müəllimlərimiz bizi biliyimizə görə yox, azadlıq hərakatındakı fəal iştirakımıza görə qiymətləndirirdilər.
Nəhayət gələk yazımın başlığındakı suala: “Rektor Abel Məhərrəmov kimdir?” Çox saymazyana səslənir, elə deyilmi?
Əslində böyük adamdır, böyük alimdir. Əməkdar elm xadimidir, professordur, elmlər doktorudur, akademikdir, millət vəkilidir, atam Qabilə böyük hörmət və rəğbəti olan bir insandır. Cəmiyyətdə, ictimai-siyasi həyatda, təhsil, elm aləmində öz sözünü demiş adamlardandır. İndi Universitet ərazisinə daxil olanda oranı tanımaq qeyri-mümkündür. Abel Məhərrəmovun sayəsində bu təhsil ocağı xeyli dəyişib. Yeni korpuslar, idman zalları tikilib. Bütün bunlar hansı zəhmətlər hesabına başa gəlib bilirəm. Atama söhbət edəndə eşitmişəm. Əlbəttə ki, mən ona belə sual versəm, öz nadanlığımı, tərbiyəsizliyimi biruzə vermiş olaram.
Abel Məhərrəmov nə müəllimim olub, nə də rektorum. Amma bir etalon var ki, Abel müəllim mənim doğma saydığım bir təhsil ocağının rəhbəridir, axı. Deməli ona toxunmaq, mənə toxunmaq deməkdir.
İki qızım da universitetin məzunudur. Təhsil aldıqları illərdə bir dəfə də qapısını döyməmişəm. Daxili mətbəxi də gözəl bilirəm. Bircəciyin desəm bəs edər. Qızlarım oxuyan biologiya fakültəsində əgər biliyin varsa, bir müəllim də səni kəsə bilməz. İkincisi də ki, mühazirə oxuyan biri, imtahan götürən başqası, cavabları yoxlayan isə qeyrisidir. Bütün imtahan keçirilən auditoriyalarda kameralar da quraşdırılıb. Köçürməyin, nəzarətçi-müəllim saxtakarlığının qabağını almaq üçün. Savadsız, avara tələbələr, bundan narazısınızmı?
Deyəcəksiniz ki, əgər Abel müəllimi belə yaxşı tanıyırsansa, onda bu nə sualdır verirsən? Bu sualı mən özümə, universitetin çox minlik məzunlarına, tələbələrinə, müəllimlərimə, professor-dosentlərinə vermirəm.
70 manat rüşvət tələbi ehtimalını əldə rəhbər tutaraq, aləmə car çəkən, özü də Abel müəllimin ona dəfələrlə hörmətlə yanaşdığını etiraf edən tələbəyə deyirəm: “Ay qızım, ay mənim doğma universitetimin adına ləkə yaxan tələbə, gələcək məzun, Abel Məhərrəmov kimdir? Rektor. Mən oxuduğum dövrdə Abel müəllim kimi dörd rektor görmüşəm. Hamısı da Abel müəllim kimi akademik, deputat, əməkdar elm xadimi. Sən və sənin kimilər bu sözləri deməklə, həyətdə çığır-bağır salmaqla elə sandınız ki, rektor Abel Məhərrəmovumu biabır etdinizmi? Əsla. Siz sadəcə mənim, eləcə də mənim kimi minlərlə, on minlərlə məzunun, müəllimin, elm xadiminin universitetini biabır etməyə cəhddə bulundunuz”.
Bakı Dövlət Universitetin qapıları oxumaq, təhsil almaq, elm öyrənmək istəyənlərin üzünə açıqdır. Hansısa müəllimlə, dekan müaviniylə ədavəti, problemi olanlar, oxumaq istəməyənlər, azərselin, bakselin, internetin, telefon, kompüter dükanlarının boğazından kəsib kəsirləriyçün pul ödəmək istəməyənlər, abrınız olsun. Bu müqəddəs məbədə girib oranı çirkaba bulaşdırmayın.