Bu gün - 18 avqust tarixi Birinci Qarabağ müharibəsinin şəhidi Habil Süleymanovun anım günüdür.
Habil Yusif oğlu Süleymanov 1972-ci il martın 10-da Qubadlı rayonunun Mahruzlu kəndində anadan olub. Uşaqlıq çağlarında atasını itirən Habil anası Güllü Misir qızının himayəsində böyüyüb. 1989-cu ildə Mahruzlu kənd orta məktəbini bitirib. 1990-cı ildə Sovet ordusu sıralarına çağırılıb, 1992-ci ildə hərbi xidmətdən tərxis olunub.
Vətənə qayıtdıqdan sonra Ermənistanın Azərbaycana təcavüzünə səssiz qalmayan Habil Süleymanov torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizə aparmaq məqsədilə könüllü surətdə polis sıralarına daxil olub.
Qısa müddət ərzində yüksək intizamı, bacarığı və xarakterinə görə Habil xidmət yoldaşlarının böyük hörmətini qazanıb. Habil Yusif oğlu həm də cüssəli idmançı idi.
O, bir çox çətin döyüş əməliyyatlarda iştirak edib və həmişə özünü cəsur döyüşçü kimi göstərib.
Habil Süleymanovun son döyüşü 1993-cü il avqustun 18-də olub. Həmin gün Laçın rayonunun Xallı Qaya yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəman döyüşçülərimiz əsl igidlik nümayiş etdirib, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv ediblər. Habil də bu şiddətli döyüşlərdə ön xətdə fədəkarlıqla vuruşub. Təəssüf ki, həmin gün Qubadlı polisi Havil Süleymanov kimi qəhrəman döyüşçüsünü itirib. Onun nəşi bir həftə düşmən əsarətində qalıb. Bir həfətdən sonra meyiti geri alınan şəhidimizin nəşinə qarşı vəhşilik edildiyi müşahidə olunub.
Habil Yusif oğlu Mahruzlu kəndinin tək şəhididir. O, subay idi. Allah rəhmət eləsin!
Ağaşirin Məmmədov