Metronun “Koroğlu” stansiyasının yaxınlığındakı Böyükşor gölü ətrafında qızğın işlər gedir - 2015-ci il üçün Olimpiya stadionu tikilir, Ziya Bünyadov prospeketi genişləndirilir, yeni tunel yol çəkilir, ərazidən keçən kommunikasiya xətlərinin yeri dəyişdirilir və s...
Olimpiya stadionunun tikintisi ilə əlaqədar sözügedən ərazidəki bütün fərdi yaşayış evləri sahiblərinə kompensasiya verilməklə hələ keçən il sökülüb. Təkcə bir evdən başqa... İndi yolu Ziya Bünyadov prospektindən düşən hər kəs tozlu-torpaqlı bomboş ərazidəki köhnə və tənha evə diqqət kəsilir: hamını köçürüblər, bəs bu ev niyə qalır?...
Yeni tikilən Olimpiya stadionunun yaxınlığındakı Böyükşor qəsəbəsi, 12A ünvanda yerləşən bu tənha evdə Hüseynovlar ailəsi yaşayır. Ailə söküləcək evim müaqbilində ona verilən kompensasiyadan narazı olduğundan köçmək istəmir.
Modern.az saytının əməkdaşı tənha evin sakinlərilə görüşərək onların dərdini dinləyib.
Ev sahibi Ələkbər Hüseynov 1970-ci ildən burada yaşadığını və bu evin ona atasından miras qaldığını deyir: “ Mən gözümü bu evdə açmışam. 1971-ci ildə doğulmuşam. Buradan bağçaya, məktəbə və əsgərliyə getmişəm. Daha sonra uzun müddət ticarətlə məşğul olmuşam. Hazirla fəhləliklə halal çörəkpulumu qazanıram. Evin iki otağında qardaşım qalır. O, ailəli deyil. Üç otaqda iki övladım və həyat yoldaşımla biz yaşayırıq”.
Ələkbər Hüseynovun sözlərinə görə, burdan köçmək istəməmələrinin səbəbi evin kvadratmetrinin düzgün hesablanmaması və yaşayış sahəsinə görə onlara verilən kompensasiyanın az olmasıdırr.
“Evi divardan-divara deyil, sadəcə otaqların içindən ölçdülər. Divarların eni isə bir metrdir. Bunu isə ümumi ölçüyə salmırlar. Evimiz 130 kvadratmetr olduğu halda 48 kvadratmetr ölçüblər. İcra nümayəndəliyindən və söküntü işlərinə baxan səlahiyyətli şəxslər tərəfindən evimiz əsassız olaraq 48 kvadratmetr hesablandıqdan sonra bank hesabımıza cəmi 63 min 534 manat keçirilib. Bu məbləğə iki ailə üçün ev almaq olmaz. Mətbəxi saymırlar. Guya, mətbəxə pul verə bilmədiklərini dedilər. Sonda dedilər ki, 63 min 534 manat sizin hesabınızdadır, gedin bankdan götürün. Etirazımıza baxmayaraq, bizi eşitmədilər, haqq səsismi saya salmadılar. Bizi çox gəlib incitdilər. İndi də incidirlər”.
Ə.Hüseynovin dediyinə görə köçürülən bu qəsəbədə 1700-dən çox ev olub. Onlardan isə sadəcə 100-ə yaxını qanuni tikilibmiş, digərləri isə sonradan inşa edilən evlər olub.
Hüseynovdan digər sakinlərin kompensasiyadan razı qaldığı halda, onun niyə razı olmadığını soruşanda cavabı belə oldu:
“Sənədləri qaydasında olmayan evlərin sahiblərinə dedilər ki, əslində sizə pul düşmür, ancaq gəlin hər kvadratmetrə görə bu 1020 manatla razılaşıb çıxın, əks halda heç bir kompensasiya ödənilməyəcək. Vaxtilə qeyri-qanuni tikilmiş evlərin sahibləri gördülər ki, onlara verilən pul qanuni tikilən evlərlə eynidir və bu, onlara sərf edir, onda razılaşıb getdilər. Mənim isə evimin bir metri belə əlavə tikili deyil. Bu ev heç bir dəfə də olsun təmir olunmayıb. Hər şeyimiz qanunidir”.
Ə.Hüseynov deyir ki, əvəllər söküntünü aparan şəxslər onları güdürmüşlər ki, ailə evdən çıxıb harasa gedən kimi tikilini dağıtsınlar. Ona görə də bunu bilən Hüseynovlar evi bir dəqiqə də olsun sahibsiz qoymurlar ki, birdən gəlib sökərlər.
Ancaq 10-15 gün olar artıq həmin şəxslər gözə görünmürlər. Ələkbər Hüseynov ev sahibsiz qalmasın deyə, 9 aydır işləmir. “Şərq bazarı”nda fəhləlik etmiş ev sahibi hazırda işləmədiyindən maddi vəziyyətləri çox acınacaqlıdır. Dediyinə görə, borca pul alaraq birtəhər dolanır.
Ailə başçısı Ə.Hüseynovun dediyinə görə, 2013-cü ilin may ayında başlayan söküntü işlərindən sonra iyun ayından etibarən evin qazı və işığı kəsilib. Bunun üçün generatordan istifadə edirlər, gün ərzində 5-6 litr benzin işlədirlər. Bəzən isə neft lampası və şam işıgından istifadə edirlər. Qış boyu evi odun sobası ilə qızdırıblar. Evdə qaz balonu da var. Ondan isə yalnız yemək bişirmək, çay qaynatmaq üçün istifadə edirlər.
“İnsaf edib qaz və işığa nisbətən suyu bir az gec - bu ilin yanvar ayında kəsdilər. Ona görə də məcbur olub suyu da pulla alırıq. Fevralın sonlarında ərazidə görülən tikinti-quruculuq işləri ilə tanış olmaq üçün preziden İlham Əliyev bura gəlmişdi. Bizim evin görməməsi üçün tikinti işlərini aparan şəxslər tərəfindən evimizin qarşısına texnika düzdülər ki, prezident bi tikilini görməsin. Prezident gəlməzdən əvvəl evimizə bir neçə şəxs gəldi. Dedilər ki, sizin tələblərinizlə razıyıq, gedək Sabunçu rayon İcra Hakimiyyətinə, qol çəkin, pulunuzu alın və evdən çıxın. Prezidentin gəlməyinə bir saat qalmış məni və qardaşım Muradı maşına mindirib İcra Hakimiyyətinə yox, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə apardılar. Belə olduğu halda evə zəng etdim ki, evdən çıxmasınlar. Evə gəlib həyat yoldaşıma yalandan deyiblər ki, bəs, yoldaşınız razı oldu, gəlin siz də gedək, qol çəkin. Yaxşı ki, yoldaşım evdən çıxmayıb. Yoxsa evi elə həmin vaxt sökəcəkdilər. Evi bir dəqiqə belə boş qoymuruq”.
Ələkbər Hüseynov deyir ki, məsələ ilə bağlı dəfələrlə ölkə başçısına da müraciət ediblər.
“Prezident dəfələrlə çıxışında deyib ki, evləri sökülən vətəndaşlar razı salınsın. Sökülən evlərin kvadratmetrinə 1500 manat ayrılması və sahəsi az olan evlərin sahiblərinə yaşayış vəziyyətləri nəzərə alınaraq Prezidentin Ehtiyat Fondundan 20 faiz əlavə yardımın verilməsi tapşırığını verib. Dəfələrlə prezidentə məktublar yazmışıq, amma heç bir cavab gəlməyib. Yəqin ki, prezidentimizin bu işlərdən xəbəri yoxdur. Olsaydı, çoxdan əncam çəkilərdi. Bu problemi yaradanlar aşağıdakı məmurlardı...
Amma buna baxmayaraq, bizim halımızı duyanlar da olub. Bildiyimizə görə bizim məsələylə bağlı prezidentimizin bacısı Sevil Əliyeva da zəng vurulub. Bir müddən öncə kinorejissor Vaqif Mustafayev bura gəldi, Sevil xanımın salamını söylədi. Bir də dedi ki, heç kimin sizin haqqınızı əlinizdən ala bilməyəcək. Onun gəlişindən sonra evimizi daha güdən olmadı”.
Ə. Hüseynov deyir ki, qanuni haqlarına sahib olmaq üşün iddia ilə məhkəməyə də müraciət ediblər.
“Mayın 6-da məni, yoldaşımı və qaraşımı məhkəməyə çağırmışdılar. Evdə biri qalsın deyə, həyat yoldaşımı burda saxlayıb, qardaşımla məhkəməyə getdik. Yenə də qanunla bizə düşən kompensasiyanı tələb elədik. Bir də evimizin sahəsinin düzgün ölçülməsi tələbini qoyduq. Növbəti məhkəmə isə mayın 13-də olacaq”.
Hüseynovlar ailəsi bütün çətinliklərə rəğmən dözür, haqqın bərqərar olacağına, məsələnin prezidentə çatdırılacağına, qanunla onlara düşən kompensasiyanı ala biləcəklərinə inanır... “Sizin saytınız vasitəsilə cənab prezident İlham Əliyevə, səlahiyyətli şəxsələr müraciət edərək, bizə kömək göstərilməsini xahiş edirik”...
Rafiq Qənbərov