Modern.az

“Yamaqlı şalvar geyirdik, amma utanmırdıq” - “MƏNİM KƏNDİM” - LAYİHƏ

“Yamaqlı şalvar geyirdik, amma utanmırdıq” - “MƏNİM KƏNDİM” - LAYİHƏ

3 Sentyabr 2014, 13:38

Kamil Vəli Nərimanoğlu: “Daha təbiətlə də danışmıram”

Modern.az saytı “Mənim kəndim” adlı yeni layihəyə başlayır. Burada əyalət mühitində doğulub-böyümüş ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər ürəklərində bir nostalgiya dumanı altında gizlətdikləri kənd təəssüratlarını bölüşəcəklər.
Layihəmizə ilk olaraq Türkiyənin Səlcuq Universitetində çalışan filoloq-alim, professor Kamil Vəli Nərimanoğlu ilə başlayırıq. O, doğulub böyüdüyü Cəbrayıl rayonun Yarəhmədli, Şahvələdli kəndləri, orada keçmiş uşaqlıq illərindən müxtəsər şəkildə danışacaq. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:
Kamil Vəli Nərimanoğlu o yerləri, o illəri belə xatırlayır:

Mənim kəndim

Cəbrayıl rayonunun Yarəhmədli kəndi... Yaşıllığına, gözəl təbiətinə görə seçilən bir yer idi. Səhər tezdən duranda bizim Güney Azərbaycanı, onun sıra dağlarını, Arazı görmək olardı. Bir tərəfdən həm dağlar görünürdü, o biri tərəfdən geniş yaşıl düzənliklər.

Yaşaya bilmədiyim ev

Dağlarla əhatə olunmuş o yerlərdə babam çox gözəl bir bağ salmışdı. O bağın tən ortasında özümə bir ev tikdim. Evdə hətta özümün böyük bir kitabxanamı da qurmuşdum. Amma o evdə bir gün də olsun, yaşaya bilmədim. Mənə qismət olmadı, ermənilərə qismət oldu.

O kənddən çıxandan sonra...

...təbiətlə qarşılıqlı dialoqumu itirdim. Dörd fəslin gəlməyini fiziki şəkildə hiss edirdim. Çıxırdım evimizin qənşərinə, evimiz hündürdə idi. Həyətimizi dolaşırdım. Ağacların, güllərin rayihəsindən hiss edirdim ki, yaz gəlib. Şaxtanın, ayazın soyuğundan bilirdim ki, budur qış gəlib. Mən təbiətlə canlı təmasda idim, ünsiyyətdə idim. Özümü də o təbiətin bir hissəsi sayırdım. Bu günə qədər o hislər məndə qalır. Cəbrayıldan çıxandan sonra mən təbiəti hiss etmirəm. Yetişən meyvələr, o ab-hava mənimlə danışırdı. Xatirələr məndə qalır. Cəbrayıldan çıxandan sonra təbiətlə əlaqəm kəsildi. Hətta Bakının bu yersiz işıqlarının içində heç ulduzları da görmürəm. Amma o yerdə mən ulduzları, ulduz axınlarını da hiss edirdim.

Nələrim qalıb o kənddə?

Orada nəyim qalmadı ki?! İçində bircə gün də yaşamadığım ev, o evdəki kitabxanam qaldı. Anamın kəndi Şahvələdlidəki bulağı, bağı, Ağoğlan dağını, orada kəsdiyimiz qurbanı, bütün Cəbrayıl əhlinin and yeri olan Hacı Qaraman pirini, ora etdiyimiz ziyarətləri xatırlayıram. Bu gün hamısı orada qalıb.

Kənd təkcə kənd deyil ki...

Ora mənim təkcə kəndim, doğulduğum yer deyil ki! Cəbrayıl yalnız mənim doğulduğum yer deyil, həm də milli-mənəvi varlığımı hiss etdiyim bir məkandır. Onu itirməklə inancımda, milli varlığımda, təbiətlə ahəngimdə elə ölümcül yara almışam ki, nə vaxtsa onun sağalacağına inanmıram.

Mənim məktəbim

Məktəbimiz Azərbaycanın ən qədim məktəbindən biri olub. 50 il bundan əvvəl onun 100 illiyini keçirtdik. Məşhur riyaziyyatçı Əşrəf Hüseynovun, keçmiş maarif naziri Mehdi Mehdizadənin oxuduğu məktəbdir. O məktəbdə çox böyük adamlar yetişib. Mən namaz qılıram. Hər gün namaz qılanda peyğəmbərlərimizdən başqa, eyni zamanda mənə dərs demiş müəllimlərə də dua edib,  rəhmət diləyirəm. Oradakı müəllimlərin siyahısı məndədir. Kim mənə dərs deyib, nədən deyib,  hamısı bu gün məndədir. Onlar haqqında da yazıram. Bu yaxınlarda ədəbiyyat müəllimim Qabil Hacıyev haqqında yazım çıxacaq.

O məktəbin şapalağı...

Mənim varlığımı, şəxsiyyətimi tapmaqda, həyatda yol göstərməkdə müəllimlərimin öyüd-nəsihəti ilə, mənə vurduqları şapalağın rolu çox böyükdür. Bütün müəllimlərim haqqında  yazmağı düşünürəm. Onlar çox qiymətli insanlardır. Onların mənə verdiyi öyüd, cığırımdan çıxanda vurduqları şapalaq məni bu səviyyəyə gətirib çıxartdı. Bu gün məni mən edib. Allahdan və valideynlərimdən sonra mənə ən çox təsir edən müəllimlərim olub. Çoxu dünyasını dəyişib. Tək-tük müəllimim sağ qalıb. Çünki artıq özüm də yaşlıyam.

Tez-tez yuxularımda görürəm

Hər gün olmasa da, həftədə ən azı 2-3 dəfə mən o məktəbi, sinif yoldaşlarımı yuxuda görürəm. Məktəbdən təxminən bir kilometr uzaqda kəhriz var idi. Hər böyük tənəffüsdə o bir kilometri qaça-qaça gedib, əlimizlə bir ovuc su içib, təzədən yüyürə-yüyürə o yolu qayıdardıq. O məktəbdəki yarışlarımız, dava-dalaşlarımız, ilk sevgimiz, həyatdakı ilk addımlarımız hələ də mənim yadımdadır. Birinci sinifdə oxuyanda bir sinif yoldaşımız qəflətən xəstələnib ölmüşdü. Biz on il o uşağa yas saxladıq. Çünki bizim uşaq qəlbimizdə o bir yara kimi qalmışdı. Həyatımın elə bir günü yoxdur ki, sinif yoldaşlarımı, uşaqlıq dostlarımı xatırlamayım. Şəkillərə bu gün də baxıram. Mümkün qədər onlarda yazmaq istəyirəm...

Yarəhmədli bu gün də mənimlədir

Bu gün də doğma kəndim, Yarəhmədli mənimlədir. Evimiz Cəbrayıl qəsəbəsi, Dəyirman dərəsi və Yarəhmədlinin qovşağında yerləşirdi. O evi rəhmətlik babam tikmişdi. Xırmanı, bağı ruslar əlimizdən aldılar, tikdiyim evi də ermənilər... Hər bir şəhərdə, yaxud qürbət eldə yaşayana öz doğma eli, kəndi çox əzizdir. Mən bu gün də o kəndlə, o evlə yaşayıram. Xatırlayıram ki, uşaq vaxtı anam bir tikə dürmək, çörəyi şor-pendirlə bizə verirdi. Biz də elə çox vaxt ağaca çıxıb ağacdakı meyvə ilə yeməyimizi yeyirdik. Ağacda dürməklə yediyimiz pendir, meyvə dənəsi bizim elə ogünkü  yeməyimiz olurdu.

O kənd və xoşbəxtlik

Həmişə özümüzə ayaqqabı ala bilmirdik, özümüzə çarıqça tikirdik. Bir cüt ayaqqabı ilə bir neçə qışı başa vururduq. Yamaqlı şalvar geyirdik, amma şalvarın yamağından utanmırdıq. Çünki hamı  o zaman yamaqlı şalvar geyinirdi. Xoşbəxtlik yalnız onda deyil, yağ-bal yeməkdə deyil. Xoşbəxtlik ata-ananın yanında olmaq, elin acısına, ağrısına dərman olmaqdır. Ellə birgə yaşamaqdır...

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI